YUSİF GÜNAYDIN. Yeni şeirlər
UCA BULUDLAR
Buludlar ağlamasa, yaşıllıqlar necə gülər?
Mövlanə
Yenə də göyləri ram edib sükut,
Sükutu dinləyən göylər uludur.
Bir uçan bulaqdı göydə hər bulud,
Hər uca buludun canı suludur.
Sanki borc götürüb suyu haçaqdır,
Buludlar dolaşır üfüqlər boyu.
Yerə zamanında qaytaracaqdır
Bir zaman canına çəkdiyi suyu.
Bu haqqın hökmüdür, hikmət anıdır,
Solğun vadilərə həyəcan verən.
Su dövranı ərzin qan dövranıdır,
Odur çevrəmizə həyat, can verən!
SÜNBÜL
Aynura
Dedin bu hörüyün sünbüldür adı,
Hansı əllər hörüb sünbülü belə?
Bağrım tel-tel oldu, çarəm qalmadı,
Ürəkdən bağlandım belə sünbülə.
Bənd olub bağlandım Məcnunsayağı,
Düşdü gözlərimdən çiçək də, gül də.
Bu müdhiş cazibə hardandır axı,
O qızıl kirpikli zərif sünbüldə?
ELEGİYA
Bu da sonu… Bir xam, ürkək ahunun,
Ahı qaldı bu sevdanın sonunda.
Nəşə dolu şirin xülya çəkildi,
Ağu qaldı bu sevdanın sonunda.
Məst olduqca nəvasına bu eşqin,
Qüssə sızdı havasına bu eşqin.
Yığış indi gəl yasına bu eşqin –
Ağı qaldı bu sevdanın sonunda.
Son sətirlər bir son bahar nəfəsi,
Sual işarəsi, nida kəlməsi?
Qu quşu naləsi, vida nəğməsi
“Quq-quu” qaldı bu sevdanın sonunda…
04.02.2016