Ana səhifə YAZILAR Quşlara, buludlara, uşaqlara…

Quşlara, buludlara, uşaqlara…

Müəllif: Bizim Yazı
465 baxış

Qəşəm Nəcəfzadə,
“Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri

(Allahşükür Ağanın “Quşlar, buludlar, uşaqlar” şeirlər kitabına ön söz)

Allahşükür Ağa misradan-misraya, fikirdən-fikrə inkişaf edən şairdir. Bu da onu göstərir ki, o, qəlbinə qəfil gələn tapıntılarla deyil, zəhmət və istedadın cilalanmasından yaranan şeirləri vərəqə köçürür. Onun stixiyasındakı olan bu ardıcıllıq şeirin enişli-yoxuşlu yollarında şairin püxtələşməsinə yaxından kömək edir. Elə şairlər olur ki, ədəbi gündəmi ekspermentlərlə, qəfil poetik misralarla ələ alırlar. Tarix göstərir ki, belələri ekspermentlərini gerçək həyatla bağlaya bilmədiklərindən unudulub gedirlər. Çünki şair uzun müddət ekspermentdə qala bilməz. Allahşükür belə deyil, o xeyli sayda ekspermentlər eləsə də, onu real həyatla bağlayır, romantikanın ayaqlarını ilıq torpağın üstünə qoyur. Ənənəvi heca üzərindən ədəbiyyata gələn gənç şair yeni fikirlərini, düyğu və düşüncələrini özünəməxsus ədəbi-bədii bir biçimdə oxucuya təqdim edir. O, nədən yazırsa – yazsın yaşadığı həyatı unutmur, tanış olduğu, düyğularından keçirdiyi hadisələri öz təfəkkürünə uyğun bir şəkildə qələmə alır. Şair bütün şeirlərində yenilik axtarışındadır. Məsələn, aşağıdakı şeirə diqqət yetirək.

Əgər,
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı, əsla.

Bu şeir yaşadığımız həyatın şırpınan bir parçasıdır. Şair şeirdə iqtisadi vəziyyətin yaxşılaşması üçün çıxış yolu axtarır, pul islahatı aparmaq arzusundadır. Həm də pulun adındakı rüşvətxorluq damğasını silmək üçün, pulları çiçəklərə çevirmək istəyir. Pulun üzərindəki kədəri çiçəklə yumaq fikrindədir. Şair elə bilir ki, pulları çiçəklərə çevirə bilsək, onda çiçəklərdəki gözəllik, saflıq, təmizlik insanların kədərli simalarına bir xöşbəxtlik gətirəcək. Çiçək olan yerdə aclıq, müharibə, ayrılıq və hicran olmur. Şairin əsas qayəsi budur. Burda başqa bir anlam da var. Kim bilir, bəlkə, elə pulun özü də bir çiçək donundandır. Onu biz insanlar iqtisadi maraq baxımından indiki formaya salmışıq. Bəs onda bizim iqtisadi maraqlarımız çiçəklərin ləçəklərini vaxtsız tökməyəcəkmi? Bir şey var ki, çiçəkləri təbiət “istehsal” edir. Onun təmizliyi əbədidir. Pulları isə biz qazanırıq, yaradırıq, bir növ pul bizim istehsalımızdır. İnsan pula hədsiz bağlananda anamız təbiətdən uzaq düşür. Şair insanların güclü maraq dairəsində olan pulu çiçəklərə çevirməklə təbiəti onların yadına salır. Şair pul islahatı aparmaqla insanları təbiətə qaytarır, düzlüyə, safllığa və sevgiyə səsləyir.
Allahşükürün hadisə və predmetlərə öz baxış bucağı var. Öz istedad və təcrübəsi imkanı daxilində böyük həqiqətləri sadə və aydın dillə deyə bilir.

Qar,
Necə də təmizsən
Bir bakirə
Qız kimi.
Qaranlıqda ağ işıqsan
Göz oxşayan
Ay kimı,
Ulduz kimi..
Gərək yağmayaydın
bu yer üzünə.
Nə əyrisinə
nə düzünə
nə soyuğuna
nə istisinə
Bıçağın nə kütünə,
nə itisinə.
Gərək yağmayaydın
yazığ deyildinmi?
yazığın gələydi
barı özünə.
İndi üstündə bir maralın qanı
sürünür
Qırmızı
Şərf kimi…

Şair bu şeirdə dünyamıza yağan qarın təmizliyindən söz açır. Bəlkə də, qar, yağış ona görə yağır ki, Allah –Təala dünyamızı təmizləyir, onu saflaşdırır. Qar safdır, təmizdir. Amma gör o, hara yağır? Adi bir təbiət hadisəsinə şair içtimai mənalar verir. Qar əyriyə də yağır, düzə də. Biçağın iti ağzına da yağır. Biçağın iti ağzı içtimai – sosial həyatdır. Qar bıçağın iti ağzına çırpılmaqla həyatı hiss eləyir, ulduzları parçalanır, biz görə bilmədiyimiz hissəcikləri göz yaşına dönür. Amma bıçağın küt ağzı da var, qar ora da yağır. Bıçaqla təbiət üz-üzədir. Qar bıçağın iti ağzına humanizm dərsi keçir. Bu, mümkün deyil. Çünki onin dəstəyi qana susayan insanın əlindədir. Qarşı-qarşıya qoyulmuş biçaq və qar detalı, əslində üzə-üzə dayanmış və həm də gözəl həmqafiyə olan cəmiyyət və təbiət məsələsidir. Fikir ver, qarın üzərində maralın qanı qırmızı şərf kimi sürüşür. Bu da qara və təbiətə, insan və cəmiyyət tərəfindən verilən ən tutarlı cavab. Şeirdə əsas məqsəd budur ki, şair təbiət və cəmiyyəti barışdırmaq istəyər. Şair böyük sülh bəyannaməsini bıçaq və qar üzərində qurur.
Allahşükürün bütün yaradıcılığında əsas bir ideya var: Təbiət və cəmiyyət məsələsi. Təbiətin cəmiyyət üzərində qələbəsini təmin etmk şairin başlıca arzusudur. Bu arzu cəmiyyətin eroziyaya uğramış hissəsinə təbiətin kömək əlini uzatmasıdır. Fikrimizi dəqiqləşdirmək üçün aşağıdakı şeirə diqqət yetirək.

Ərəblər gəliblər Muğana,
Ov ovlayır, quş quşlayır..
Açılan güllələrdən,
Gülün köçü başlayır.
Hara getsin bizim quşlar,
Canında güllə gəzdirir.
Üşüyən ayaqları,
İndi də güllə qızdırır.
Hara getsin bizim quşlar,
Belə güllə görməyiblər..
Yuvaların qapısını,
Tikməyiblər, hörməyiblər..
Ərəblər gəliblər Muğana,
Güllə dəyir quşlara.
Quşlar dəyir buludlara,
Buludlar dəyir uşaqlara…

Bu, şeir adi bir xəbərdən götürülmüş mövzudur. Qəzet və internet saytlarında yazıldı ki, ərəblər Muğana gəlib ov edirlər. Bu xəbərdən şair təsirlənib çox gözəl bir şeir yazıb. Adi xəbər şairin qələmində maraqlı bir mətnə, dəyərli bir ədəbi-bədii nümunəyə çevrilib. Yenə də eyni məsələ, təbiət və cəmiyyət məsələsi ön plandadır. Yenə təbiətə güllə atırlar. Yenə soyuq qış günündə quşların ayaqlarını güllə, barıt tüstüsü qızdırır. Bütün quşlar canında güllə gəzdirir. Təbiətə atılan güllələr heç kəsin eyninə deyil. Adamlar bunu adi ov kimi başa düşür. Amma adamlar bilmirlər ki, güllələr quşlara dəyir, quşlar da buludlara, buludlar da yerdə uşaqlara dəyir. Yəni güllə dəymiş bulud yağış kimi yağanda uşaqlar islanır və güllə onların canını yandırır. Dolayısı yolla uşaqlar güllələnir. Fikir verin, uzaqdan-uzağa ərəblərin gülləsi gəlib bizim uşaqlara dəyir.
Bu, çox maraqlı, orjinal, həm də ciddi ədəbi-bədii, içtimai-siyasi, sosial bir şeirdir. Cəmiyyət və təbiətin atışmasıdır. Şair bu mesaji Azərbaycan toplumuna ünvanlayır.
Allahşükür Ağanın şeirlərində ədəbi lövhələr üstünlük təşkil edir. Bu, sadəcə təbiət lövhələri deyil, bu, cəmiyyətlə və təbiətin birlikdə çəkdirdiyi şəklə bənzəyir.

Şairin başqa bir şeirinə baxaq.
Qızarmış üfüq günəşi top kimi atardı
göy üzünə.
Günəş uçardı rəqib qapısına
gün batana…

Hamımız şeirdə təsvir olunan bu mənzərəni həyatımız boyu görmüşük, günəş doğur və batır. Kainat sən demə günəş adlı topu Gündoğandan Günbatana vururmuş. Top da Günbatan adlı qapıdan keçir. Əgər keçməsə, nə olar? Bu təbiətin nizamıdır. Keçməsə, dünya dağıla bilər. Günbatan Gündoğana həmişə məğlub olur. Çünki dünya əbədidir.
Aşağıdakı şeir hər gün rast gəldiyimiz adi bir mənzərədən götürülüb. Bir saniyə müddətində çəkdirdiyimiz adi bir şəkildə şair milyon ilin əbədiliyini axtarır. Çox qəribədir. İnsan ölür, nə fərqi var, indi öldü, yoxsa milyon il əvvəl, heç nə dəyişmir. Indi şəkilən şəkil, nə fərqi var milyon il öncə çəkilib yoxsa indi? Qəribə təzaddır, elə deyilmi? Amma bu təzaddan şair çox maraqlı bir şeir yaradıb.

Lap elə indi
bir şəkil çəkdirdinmi,
arxasına beləcə də yazmaq olur,
Milyon il öncə
yaşamışlar.

Qocalar haqında çox şeirlər yazılıb. Məsələn, Nizami Gəncəvi deyir; qocaların beli ona görə əyilir ki, onlar itən gənclik illərini axtarırlar. M.Fizuli daha orjinal bir variant tapır; qocaların beli ona görə əyilib ki, onlar dünya qapısından çıxmağa hazırlaşırlar. Bəs Allahşükür Ağa necə deyib? Bu da onun min ilin qocalıq şeirinə əlavəsi.

Sual işarəsinə oxşayır qoca,
Sualın içində yaşayır qoca,
Yol gedir, yol gedir xatirələrə.

Allahşükür Ağa gözəl gəraylılar müəllifidir. Onun gəraylıları dağa, daşa yazılmyıb. Yenə içtimai məzmun önə çıxıb. Insanı oynadan nədir? İçindəki hava. Bu, təkçə oyun havası deyil. Insanın içtimai-sosial ovqatı onu oynadan havadır. Şair belə deyir. Şeiri oxuyaq:

Hərənin içində hava,
Hərə bir sözə oynayır…
Yoxuşlar üzü dağlara,
Enişlər düzə oynayır…

Misralardan evcik qurub,
Gah yorulub, gah oturub,
Yuxudan təzəcə durub,
Bu adam təzə oynayır…

Şükür olsun bu xoş günə,
Vaqif ol dünya felinə,
Var-dövlət verir əlinə,
Qarşında gürzə oynayır.

Doğurdan da, yoxuşlar dağa, enişlər düzə oynayır. Burda yaşamağın, hərəkətin adı oynamaqdır. Bu oyunda köhnə olan da var, yeni olan da. Şairin haqlı bir nidası var bu bazarda. “Vaqif ol, dünya felinə” yəni heç nəyə aldanma. Bax gör, bu dünya kimin əlinə var – dövlər veribsə, qarşısında da gürzə oynadır. Gürzə taledir, sondur, ölümdür, qəbir evidir. Harda var – dövlət varsa, orda gürzə var. Ona görə də şair insanları dünya felinə vaqif olmağa çağırır.
Şair dostum bütün şeirlərində təbiət və cəmiyyəti barşdırmağa çağırır. Məncə, gözəl çağırışdır. Bu çağrışa eşq olsun!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.