Ana səhifə BAŞ YAZI BİR ÖYKÜNÜN MƏALI…

BİR ÖYKÜNÜN MƏALI…

Müəllif: Bizim Yazı
910 baxış

Sefure Ch.“And olsun atlara”… Kitabın adı da onu dedi… – mən düşündüyümü…

dr.Könül AYDIN (Nəhmətova)
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçi,
DGTYB Gənəşinin (Məsləhət Şurasının) üzvü

Öykülər də adamlar kimidir; keçmişi bu günü, gələcəyi var. “And olsun atlara!” – əbədi bir and olsa da, həm də tarixi anddır. Tarixi və gələcəyi olanın bu günü olmadığını kim sübut edə bilər?!. – Səfurə Çərkəzqızının öykülərini birinci dəfə, hələ kitabın nəşrindən öncə, əlyazma halından oxuduğum zaman ilk düşündüyüm bu oldu… 

“And olsun atlara!” – Bu andın dünənindən, bugünündən, sabahından yazmayacam. Bunu yazmaq mənə erkəndir bəlkə… ancaq o andın şahə qaldırdığı könüllərdən qopan qığılcımların işığında Səfurənin bircə öyküsünün – “Bədəl”in keçmişindən, bugünündən, gələcəyindən danışacam. Bütün öykülərindən danış¬maq da… ya nəsib..! Hər öykünün dünəni, bugünü, sabahı olduğunu düşünə bilsəniz, bu sizə “hiperbola” kimi görünməyəcək…
Bəlkə heç Səfurənin özünün də bilmədiyi tarixi var bu öykülərin… Lap elə övladı kimi tanıtsa da: adı bu, sanı bu… özəlliyi bu… ancaq biz onu öz gözlərimizlə görəcəyik, öz əbədi – yəni keçmişi, bu günü, gələcəyi olan alqışımızın konyukturasından dərk edəcəyik…
“Bədəl”… Oxuyan kimi ilk ağlıma gələn fikir bu oldu: Necə də oxunmayan öyküdür!.. İstədim, tanıdığım hamıya danışım bu öyküdən: Səfurənin “Bədəli” oxunmur deyə…
Mən o öykünü sanki oxumadım, gözümlə gördüm Bədəlin yaşamını.
Oxutmayan nədir “Bədəl”i? Son dövr ədəbiyyatşünaslığımızın dəbdə olan bir ifadəsi var: bədii təhkiyənin tipi… Subyektiv, obyektiv, qarışıq, romantik-ironik təhkiyə tipləri haqqında danışır dünya ədəbiyyatşünaslığı… ancaq bu ifadələrdən yazara nə var?!. O, heç fərqində də deyil yazdıqlarının. Sadəcə, fikir dünyası var və orada baş verənləri fiksasiya edən, modelləşdirən, bəlkə bəzən də modullaşdıran xəyal gücü… Yazanda heç özü də bilmir Bədəlin tarixçəsini. Bunu o, özü uydur¬saydı, Bədəl yaşamazdı onun fikir dünyasında, aktyorun barmaqlarından asılan iplərin idarə etdiyi “gəlincik” olardı… ancaq… hətta təkcə mən unutmadımsa Bədəli, demək, o yaşayır… Sizcə, yalnız bir adamın xatırlaya biləcəyi adamlar azdırmı yer üzündə?!
İndi mən ədəbiyyatşünaslıq libasımı geyinib təkcə Səfurənin özünə sübut etmək istəyəcəm onun yaradıcılıq yetənəyini.
Tam ciddi və elmi konkretliklə, qarışıq təhkiyə tipində yazılmış öyküdür “Bədəl”. Ədəbiyyatşünas dostlarımız bilirlər, subyektiv və obyektiv təhkiyə tip¬lərini özündə birləşdirən bədii təhkiyələrə “qarışıq” deyilir. Azərbaycan ədəbiy¬yatında bu tip təhkiyənin ən gözəl örnəyini Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”nda gördüm. Üzərində hələ də düşündüyüm o sənət örnəyinin bənzərini gördüyüm “Bədəl” də, daim bir sənət əsəri kimi keçdi yaddaşıma (həm də “hiperbola”sız)…
Bədii təhkiyədən danışanda “obyektiv” və “subyektiv” sözlərinin anlamı hər kəs tərəfindən obyektiv anlaşılmır. Hərə buna subyektiv yanaşır, ədəbiyyatın özünə olan münasibət kimi. Mən də oyektiv anlaya bilmədim bu ifadəni, ancaq məni subyektiv olaraq inandıra bilən yeganə bir Amerika filoloqu oldu ki, indi adını arayıb yazmaq həvəsində deyiləm. (Həm də bilərəkdən ki, oxucularımın da ilgisində deyil hər hansı bir Amerika filoloqunun adı.)
Obyektiv və subyektiv təhkiyə nədir? Fiktiv öykü məkanına hər hansı bir bəlli yöndən tuşlanan obyektivin yaddaşına köçürülənlərin bədii mətni olmaq sualın birinci bölümünə cavabdırsa, subyektiv təhkiyə isə bu obyektivin önündə duran subyektin hadisə ilə bağlı anlatdıqlarıdır. Bədəl subyekt olaraq hərəkət etdiyi fiktiv məkanı hədəfləyən ob¬yektivin qarşısındadırsa da, olay onun anlatdıqları ilə deyil, sanki oxucunun özünün tanığı olduqlarının görüntüləriylə yadda qalır. Oxucunun yaddaşında obyektivin fiksasiya etdikləri Bədəlin danışdıqlarını üs¬tələyir. Buna görə də öykünün mətnini yalnız subyektiv yaxud yalnız obyektiv təhkiyə tipi olaraq təhlil etmək, mümkün olarsa da, arzu olunmur…
“Bədəl”in adının məalı adın özündə açıqlanır. Belə yerdə deyərlər: “Ada bax, a”… Adından taleyini oxuduğum bədii tip..! Bu, yazarın deyil, ədəbiy¬yatşünasın “kəşfi”dir. Yazarın yazdığından xəbəri olmur. Səfurə qəhrə¬manına Bədəl adını qoyanda bilmədi ki, onun taleyini yazır artıq, ad insanın xarakterini, xarakter də taleyini yazdığı kimi. “Bədəl”in ərəb dilində həqiqi anlamı “əvəz” deməkdir. “Bədəl” sözünü “günahların bədəlini ödəmək” ifadəsinin tərkibində daha çox işlədirik. Öykünün qəhrəmanı elə ilk sətirlərdən “günahlarıyla” daxil olur fiktiv yaşamına. Bədəlin günahlarından yazarın da xəbəri var, amma qismən. Çünki Bədəlin günahları yalnız bu günün üzüntüləri ilə bağlı deyil, tarixin dərin qatlarının təfəkkür sistemində böyük günahların kiçik əsasıdır. Günah günahı doğurar. Yazar Bədəlin günahının qaynağını görür, amma yanlış… Bədəlin günahının qaynağı, Səfurəyə görə, anasının kaprizləridir. Halbuki öykü bizə bunu söyləmir. Ananın kaprizlərinin qaynağı hələ bədəli ödənməmiş kişi günah¬ların¬dadır. Bədəl də bu günahlara ortaqdır və bədəlini anasının son nəfəsiylə ödəyir… Səfurə bəlkə, “Bədəl”in tarixçəsini olay zamanı ilə çevrələyir… ancaq biz öykünün bədii təfəkkür sistemini İslam konyukturasından başlayaraq toplumumuzun bu günkü sosial-məişət üzüntüləri çərçivəsinə salırıq. Bəs “Bədəl”in gələcəyi?! Bu barədə daha artıq düşünməyə dəyər….

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.