Ana səhifə BAŞ YAZI Bu adı yadda saxlayın:

Bu adı yadda saxlayın:

Müəllif: Bizim Yazı
542 baxış

ADİL AYDIN NƏHMƏTLİ
Bakı şəhəri, 9-cu sinif şagirdi

GİLAS AĞACI
(yaxud
AĞACIMIN VƏ AĞLIMIN MEYVƏSİ…)

Onda mən hələ xeyli balaca idim. Balaca olsam da, deməsi yekə çıxmasın, üfüqüm geniş idi və bu üfüqügenişlik məni bütün uşaqlığım, kobudluğum, yonulmamışlığımla, incəliyim, yetişmə-məzliyimlə… fərqli qılırdı… Bax,o illərdə biz miyana bir həyətdə, miyana həyat yaşayırdıq.
Açı¬ğı, həyət-bacamız da o qədər geniş olmayıb… lakin həyətimizdə qonşulardan heç kimdə olmayan gilas ağacı var idi. Şəhər məhləsiydi, camaat meyvə-tərəvəzi bazar-dükandan alırdı. Biz isə təbii şəkildə bu ağacdan, üumən öz həyət-bacamızdan faydalanmağa çalışırdıq.
Bunlar öz yerində qalsın, Sizə kimdən deyim, kimdən söz açım? – Anamdan! Anam ürəyi-yumşaq qadındır. Bizim həyətimizdə gilas ola-ola qonşuların gedib pulla gilas almalarına razı ola bilmirdi. Hmm… Saf anam… Bir gün qonşu uşaqlarını həyətə dəvət etdi, onlar da acgözlüklə ağaca daraşdılar. İkinci gün özləri qapımıza gəldilər, bir az yeyib qayıtdılar. Bir neçə gün keçdi… Səhər namaza durmuşdum, namazımı qıldlm və adətim üzrə həyətə düşüb, bir az qaçmaq, səhər gimnastikası etmək istədim. Lakin qapını açar-açmaz qarşılaşdığım səhnə ayağımı… qurutdu. Mənim gilas ağacım… Yazıq gilasım mənim… Qoca gilas ağacı tən ortadan ikiyə bölünmüşdü. Göz yaşları ilə ağaca sarıldım. İçim parçalanır, gözlərim yanırdı. Hasarımızın başında oturan bir neçə həyasız uşaq dişlərini ağardırdı. Onlara tərəf başımı qaldırdım. Qəlbimdəki qəzəb oyanmışdı, ancaq, bilmirəm, sistemli oxuduğum kitablardanmı, qıldığım namazdanmı, ata-ana nəsihətlətindənmi ya qolumdakı gücün verdiyi əminlikdənmi – hər nədən və hardansa… qəzəbimi yerindəcə boğa bildim və hiss etdim ki, gicgahlarım qızışsa da, beynim dumanlanmır və sanki “qəzəb faylları” öz yerini “mərhəmət faylları”na verir… – Bu uşaqlara, bu adamlara, bu “insanlığ”a yazığım gəlirdi, yazığım…
İndi həmin hasarın başından qonşunun gilas ağacı hər yaz üzümə gülümsəyirsə də, mən ona əl uzatmıram…

DÖYÜŞ ALNIMIZA YAZILIB… ÖLÜM YOX!

Birinci Qarabağ Savaşının ən qızğın günləriydi. İlkin könüllü cəbhəyə getmişdi. Hər kəsin vaxtilə gülüb ələ saldığı o arıq, sısqa uşaq indi Vətənin harayına “hər kəs”dən tez yetişmişdi. “Hər kəs” kef şəkəndə İlkin kar olmamaq üçün qulaqlarını bərk-bərk sarımışdı. Düşmənin atdığı bombalar İlkinə çox yaxın partlayırdı.
Çox ağlamışdı Nuranə, İlkinin bura gəlmək istədiyini eşidəndə. Axı bura gedər-gəlməz olmuşdu indi. Gedən bir də gəlmir. Ölən bir də dirilib qayıtmır… “Amma yenə də Vətən sağ olsun!” – İlkin bu sözləri yol boyu hey yenidələyir, sanki özünə təsəlli verirdi. Bununla belə, söz vermişdi sevgilisinə, geriyə sağ dönəcəkdi… Amma… atalar nə deyib? – “Sən saydığını say, hələ bir görəkfələk nə sayır?!” Qəddar fələk..! Həyatın bizim üçün qoyduğu qanun budur: “Döyüş alnımıza yazılıb!”
İlkin alnını qaşıdı qeyri-ixtiyari… Necə oldu heç özü də bilmədi. Sanki alnından o sözü silmək istədi. amma alınarmı? Alınmadı, təbii… Əvəzində isə alnına tuşlanacaq o “cəhənnəm nəsnəsi”, o “qansız güllə” əlini parça-parça etdi. Hmm… Guya yaxşı oldu ki, bu… Axı hamı bilir ki, bura gələn ölməlidir – ya indi ya sonra… Ha indi ha sonra.!? – Dəxli yoxdur, öncə-sonca vəfa varsa, vəfat da var…
Soyuq dekabr günləri idi. Gecə yarısı “mənfi filan dərəcə” şaxtada irəliləyən dəstə isinməyə yer axtarırdı meşədə. Kəşfiyyat zamanıydı. İlkin isə hey fikirləşirdi: “Döyüş alnımıza yazılıb, ölüm ki, yox..!” lakin qorxdu alnını qaşımağa bu dəfə… Və… Deyəsən bu son idi… Başını paramparça etmişdi o kiçik, amma böyük, nər kimi igidləri yerə sərməyə qadir olan yarımbarmaqlıq dəmir parçası…
Axı o söz vermişdi sevgilisinə… söz vermişdi ki, ölməyəcək. Axı o verdiyi hər bir sözün üstündə durmruşdu indiyədək. Hə, indi yadına düşdü, getməzdən öncə bir vərəqdə bu sözləri yazıb qoymuşdu sevgilisi və anası üçün: “Şəhidlər heç vaxt ölmür!”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.