Ana səhifə BAŞ YAZI MƏN, FAZİL, MÜRVƏT …VƏ İT OĞLU İT

MƏN, FAZİL, MÜRVƏT …VƏ İT OĞLU İT

Müəllif: Bizim Yazı
975 baxış

Arif ƏRŞAD

(Öykü)

Axşam saatlarında əl telefonuma gələn zəngin səsindən sonra gözlərimi televizorda maraqla baxdığım serialdan ayırmalı oldum. Əlimi həvəszsiz olaraq jurnal stolunun üstündəki telefona tərəf uzatdım, telefonun ekranına baxmadan gözlərimi könülsüz olaraq televizordakı hadisələrdən yayındırıb əlimdəki telefonun düyməsini basdım:
-Alo, eşidirəm.
-Salam, ay qağa…
Eynəksiz olduğumdan səs mənə çox tanış gəlsə də, bir mddət telefonda yazılan adı oxuyub ayırd edə bilmədim. Amma zəng vuran adamın mənə “qağa” deyə müraciət etməsi və həm də səsdə olan şirinlik mənə doğma gəldi.
-Mürvət, sənsən? -deyərək, inamla soruşdum.
-Hə, mənəm. Yoxsa tanımadın?
-Səni tanımamaq olar? Necəsən?
-Yaxşıyam, Allaha şükür dolanıram. Ay qağa, bilirsən niyə zəng vurmuşam?..
…Mürvət mənim uşaqlıq dostumdur. Biz onunla bir məhəllədə böyümüşük. Gəncliyimiz də bir yerdə keçib deyə, bir-birimizin xətrini həmişə əziz tuturuq. Əvvəllər tez-tez görüşüb birlikdə yeyib-içsək də, ya bizdə, ya da onlarda səs-küylə nərd oynasaq da, yaşlandıqca görüşlərimiz yavaş-yavaş səngiməyə başlayıb. Artıq bir məhəllədə də yaşamırdıq, böyüyb boya-başa çatdığımız məhəllə plana düşüb söküldüyü gündən, mən şəhərin bu başında, Mürvət isə o biri başında özümüzə ev almışdıq. Amma bu heç də o demək deyil ki, əlaqəni kəsmişik. Yox… Qətiyyən…
Allah bu mobil telefon çıxaranın atasına heç rəhmət eləməsin, qardaşı-qardaşdan, dostdu-yoldaşdan, qohum-əqrabanı bir-birindən ayırdı, gediş-gəlişi kəsdi, insanların bir-birinə olan münasibətlərini soyutdu…
Mürvətin səsi qulağımda cingildədi:
-Hə, nə deyirsən, gedəcəksən?
Fikirli olduğumdan onun bayaqdan bəri nə danışdığını və sonda verdiyi sualın məğzini anlamadığım üçün sakitcə xəbər aldım:
-Başa düşmdim, hara gedəcəm ki?
Onsuz da səbrsiz olan Mürvət bomba kimi partladı:
-Yekə kişisən, bəs mən bayaqdan keşişə söyürəm?
Mən onun könlünü almaq üçün gülə-gülə cavab verdim:
-Vallah sənin kimi söydüyünü eşitmədim, amma mən bayaqdan bu mobil telefon çıxardan o köpəyoğlunu söyürəm. Deyirəm ki…
Mürvət mənə sözümün ardını gətirməyə imkan vermədi:
-Kiri, sən Allah, mən boyda kişi bayaqdan söz danışıram, sənsə durub Mobili söyürsən. Onunla nə söhbətin var özün bilərsən, çağır üzünə de. – Ani pauzadan sonra Mürvət maraqla xəbər aldı: – Mobil kimdir, ə?
Mən Mürvətin sözlərinə xeyli güləndən sonra, kimi və nə üçün söydüyümü axır ki, ona başa sala bildim. Mürvət incik halda xəttin o bir başından dilləndi:
-Bura bax, küt özünsən, bidin?
-İncimə, yaxşı, sözünü de.
-Deyirəm, Ərəstunun oğlunun toyuna gedəndə məni də nəzərə al, mən də sənin maşınınla gedəcəm.Yəqin maşında mənə bir yer tapılar da.
-Kim gedir ki? Bir sənsən, bir də Fazil. Yerə nə gəlib, deyəsən Ərəstun bizim üçümüzdən başqa toya şəhərdən adam çağırmayıb.
Mürvət Fazilin adını eşidəndə bir qədər narazı səslə dilləndi:
-Bahoo… Denən daha baş-beynimiz gedər də, sən canın imkan varsa o şairi azdır.
…Bir yerə düşəndə Mürvətlə Fazilin söhbəti həmişə çəp gələrdi. Səbəb də o idi ki, alababat şeirlər yazan Fazil yeri gəldi-gəlmədi öz şeirlərini deməyi xoşlayırdı və bu da çox vaxt narazılığa səbəb olurdu. Məndən fərqli olaraq Mürvət Fazilin yazdığı şeirləri bəyənməzdi, bunun üstündə həmişə onların mübahisələri düşərdi.
Mürvətə baxanda Fazil xaraktercə mülayim adam olsa da, çox danışan idi və onun çox danışmağı, bir yandan da hər sözünün başında öz şeirlərindən deməyi Mürvəti əsəbiləşdirirdi.
Maşınımla Fazili də rayona toya aparacağımı söz verdiyimdən başqa çıxış yolum qalmırdı. Mürvətin istəyindən asılı olmayaraq Fazilin də bizimlə yol yoldaşı olacağını bir təhər ona başa sala bildim. Mürvət narazılıq etsə də, mənimlə razılaşmalı oldu. Sabah görüşəcəyimiz yeri və saatı dəqiqləşdirdikdən sonra telefonu qapatdım.
Ertəsi gün vədləşdiyimiz yerə yaxınlaşanda Mürvətlə Fazilin orada məni gözlədiklərini görüb maşını onların yanında saxladım. Hər ikisi maşına doğru gəlib mənimlə salamlaşdı, Fazil irəlidə, Mürvət isə arxa oturacaqda əyləşdikdən sonra maşını toya gedəcəyimiz rayona doğru sürməyə başladım.
Mən üç saat dayanmadan maşın sürür, Fazil isə yorulmadan öz şeirlərindən deyir, artıq mənim də hövsələmi daraldırdı. Mürvət isə həmişəki kimi yol boyu öz yatmağında idi. Arabir də Fazilin salonu başına alan səsindən oyanır, başını bulayaraq narazı halda:
-Ə kiri də, baş-beynimiz getdi ki,- deyib, təzədən mürgüləyirdi.
Hətta bir-iki dəfə o, Fazildən tamailə susmasını xahiş etsə də, Fazil bir-iki dəqiqə sakit dayandıqdan sonra, yenidən danışmağa davam edirdi. Düzdür, Fazil hər yeni şeirini başlayanda ancaq mənim eşidə biləcəyim səslə, astadan danışırdı, az sonra isə yenidən cuşa gəlir, uca səslə, əl-qolunu ölçərək davam edirdi.
Biz Ərəstun yaşayan rayonunun ərazisinə daxil olsaq da, gedəcəyimiz dağ kəndinə hələ otuz kilometrədək yol qalırdı. Mürvət uzaqdan görünən yeməkxananı göstərib dedi:
– Qağa, sən canın, o qabaqdakı yeməkxanada saxla, həm bir əl-üzümüzə su vurub özümümzə gələk, həm də bir stəkan çay içək. Həm də ki, başımız bu şairin səsidən bir az dincəlsin.
– Əə, boş-boş danışma, sən məni eşidirdin ki? Bayaqdan
xorultun götürmüşdü aləmi başına. Düz demirəm qağa?- deyən, Fazil özünə havadar axtarırmış kimi mənə baxdı. Mən də hər ikisinə birdən cavab vermək üçün:
-Vallah mən maşın sürürdüm, heç kəsi eşitməmişəm,- dedim.
Hiss etdim ki, Fazil mənim sözümdən bir qədər pərt oldu, amma salonun güzgüsündən baxanda Mürvətin razılıqla qımışdığını gördüm.
Mən maşını yeməkxananın yaxınlığında saxladım. Hər üçümüz maşından enib əl-üzümüzü yumaq üçün su kranına doğru getdik, əl-üzümüzü yuyub ağacların kölgəsində qoyulmuş masalardan birinə yaxınlaşıb oturduq. Oturduğumuz masadan on-on beş metr aralıda iki uzunqulaq sakitcə otlayır, arabir zil səslə anqırırdı. Fazil üzünü Mürvətə tutub soruşdu:
-Hə, necədi? Bu səs xoşuna gəlir, daha başın ağramır ki?
Mürvət uzunqulaqların səsindən həzz alırmış kimi gülümsünırək dilləndi:
-İncimə, şair, vallah bu eşşəyin səsi sənin səsindən məlahətlidir. Sənin səsin bir başa mənim başıma düşür ey.
Fazil Mürvətin sözündən incidiyini gizlətmədi:
-Birincisi mən anqırmıram, şeir deyirəm. İkincisi isə sən bunu qanmazsan, mənim dediyim şeir insanlar üçündür, sənlik deyil. Üçüncüsü də mən sənin kimi…
Əlində çaynik və armudu stəkanlarla bizə yaxınlaşan süfrəçini görən Fazil sözünə ara verdi. Süfrəçi çaylarımızı süzüb başqa nə sifariş verəcəyimizlə maraqlandı, başqa heç bir sifarişimiz olmayacağını dəqiqləşdirdikdən sonra bizdən uzaqlaşdı. O gedən kimi Fazil sözünə davam etdi:
-Üçüncüsü isə bundan sonra mən sənin kimi adamnan bir də yola çıxmaram…
Fazil, Mürvət və Ərəstun hər üçü bir məktəbdə, məndən iki sinif yuxarı oxuduqlarından onların bir-biri ilə belə zarafat etmələrini çox görmüşdüm. Amma deyəsən bu dəfə Fazil zarafat edənə oxşamırdı. Qarşısına qoyulan çay stəkanını sakitcə kənara itələyib üzünü mənə tutdu:
-Qağa hələlik, toyda görüşərik,- deyib, ayağa qalxdı. -Burdan o yana mən özüm gedəcəm. Təki Mürvətin başı sakit olsun. Hə, bir də, gedəndə o eşşəklərdən birini də maşının dalına bağla ki, yolda anqıranda Mürvət onun səsindən feyziyab ola bisin, yol boyu darıxmasın…
Fazili nə qədər fikrindən daşındırmağa çalışsam da, o qərarını dəyişmədi. Kəndə gedən avtobus dayanacağına doğru addımladı, bir qədər sonra dayanacağa yaxınlaşan avtobusa əl edib maşını saxlatdı, geri belə baxmadan maşına mindi, az sonra avtobus gözdən itdi.
Bizim çay içməyimiz yarım saata qədər çəkdi və bu zaman ərzində mən Mürvəti Fazili küsdürdüyünə görə bir xeyli danladım. Çayımızı içib ayağa qalxdıq, maşına yaxınlaşanda təkərlərdən birinin boşaldığını görüb dedim:
-Görürsən, Mürvət, şairi küsdürdüyündən Allah da bizi cəzalandırdı.Tez ol, köməy elə təkəri dəyişək.
Mürvət təzə kostyumunun pencəyini soyunub maşının boşalan təkərini dəyişməkdə mənə kömək etdi. Sonra əllərimizi yuyub yola düzəldik.
Biz kəndə çatanda toyun səsi uzaqdan eşidilirdi. Ərəstun bizi qapıda qurulan toy mağarının qarşısında sevinclə qarşılayıb mehribanlıqla görüşdükdən sonra mağara dəvət etdi. Mən mağarın içinə nəzər salıb Fazili orada görəndə çox sevindim. Mən irəlidə, Mürvət də mənim arxamca bir başa o oturan masaya doğru addımladıq. Fazil də bizi gözləyirmiş kimi yanında iki boş yer saxlamışdı. Mürvət də mənim arxamca gəlib heç nə olmamış kimi Fazilə:- “Həmişə xeyir işlərdə, toylarda görüşək” – deyib, onun yanında əyləşdi. Biz oturanda mən hiss etdim ki, Fazilin keyfi bir az “yuxarıdır”. Hiss olunurdu ki, Fazil yolda olanları unudub, ya da özünü elə göstərməyə çalışırdı.
Hamısı bir-birinə oxşayan şəhər toylarından fərqli olaraq, bu toyda ocaqda bişən qazan yeməklərinin ətri adamı uzaqdan vururdu. Qara zurnanın sədaları altında rəqs edın cavanların “Yallı”sı ilə könül oxşayırdı.
Az sonra biz də hərəyə bir-iki qədəh araq içib Fazilə “çatdıq”. Mürvətin keyfi o qədər qalxımışdı ki, deyib gülür, səsi mağarı başına alırdı. Fazillə mən arabir bir-birimizə baxıb göz vuruduq. Bir qədər sonra Mürvət əlinin işarəsi ilə tamadını yanına çağırdı:
– Əə, qağa, bu boyda böyük şair oturub məclisimizdə, bə niyə ona söz vermirsiz ki, bir-iki yaxşı şeir guppuldatsın, biz də feyziyab olaq… Elə siz də… feyziyab olun.
Tamada başının işarsi ilə “baş üstə” deyib öz yerinə keçdi və mikrafonu əlinə alıb şəhərdən gələn qonaqların şəninə bir-iki ağız tərif dedikdən sonra:
-İndi isə sözü böyük şairimiz, gözəl dostumuz Fazil Eloğluna verirəm, -deyib, Fazili mikrafona dəvət etdi.
Fazil Mürvətin “yaxşı” şeir dedikdə nəyi nəzərdə tutduğunu bildiyindən dostluq haqqında olan lap köhnə şeirlərindən birini deyib, cavanlara xeyir-dua verərək yanımıza qayıtdı. Mürvət ayağa qalxıb Fazili bağrına basaraq qucaqladı və:
-Qağa demişəm, hər yerdə də deyəcəm, səndən yoxdu!-deyib, onun üzündən öpdü.
…Məclis gecədən xeyli ötənə qədər davam etdi. Ərəstun bizim qulluğumuzda daha da yaxşı durmaq üçün əldən-ayaqdan gedirdi. Toyun sonunda bizim tam rahatlığımız üçün dedi:
-Qadanızı alım, sizinçün qardaşımgildə, beş-altı ev aralıdadı, yer açdırmışam. Gedin orda yaxşıca dincəlin. Sabah səhər görüşərik. Qardaşoğlu sizi ötürəcək.
Ərəstun sözünü bitirən kimi, on altı-on yeddi yaşlı bir oğlan qabağımıza düşüb bizi qonşuluqdakı evlərdən birinə apardı. Həyətə girən kimi zəncirə bağlanmış qoyun iti hürərək üstümüzə şığıdı. Oğlan itin üstünə çığırıb onu sakitləşdirdi və bizi evə dəvət etdi. Oğlan bizi hər üçümüz üçün açılmış yataqlar olan səliqəli aynabənddə yerbəyer edəndən sonra:
-Narahat olmayın,- dedi,- evdə heç kəs yoxdu, it də bağlıdır, rahat yata bilərsiz, sabah səhər gələcəm.
Oğlan həyətdən çıxan kimi it aynabənddəki kölgələrimizi görüb yenidən hürməyə başaldı. Üçümüz də yorğun və içkili olduğumuzdan yataqlarımıza girdik. İtin səsi isə susamaq bilmirdi. Az sonra Mürvətin xosultusu eşdilməyə başladı. Mən də gözlərimi yumub yuxulamağa çalışırdım ki, Fazilin səsinə yuxum qaçdı:
-Bəxtəvərə bax, gör necə şirin-şirin yatır. Yoxsa mənim kimi, balaca bir səs oldusa, öldürsən də yata bilmirəm.
Mən ona cavab verməsəm də dediklərini eşdidirim. Fazil məndən səs çıxmadığını görüb susdu, amma onun narahatlığnı hiss edirdim. İtin səsi isə elə mənim də başıma düşürdü.
İt ara vermədən hürür, Fazil də onun səsinə səs verirmiş kimi donquldanırdı:
-Əəə, bu it nə yaman çox hürür əəə! Əəə məni yatmağa yomuyacaq. Bəxtəvərlər gör necə yatırlar ey.
Az sonra Fazil yatağından qalxıb açıq pəncərədən itə çəmkirdi:
-İt oğlu it, bəsdi hürdün də. Kəs! Paşol!
Bu səsə Mürvət də yuxudan oyanıb narazılıqla dilləndi:
-Ə, şair, niyə qoymursan bizi yatmağa? Səsin kəndi başına alıb ey…
-Ə mənim səsim niyə alıb ki? Eşitmirsən, itdi, bayaqdan dayanmadan hürür,- Fazil özünə haqq qazandıraraq cavab verdi.
Onların səsinə mən də yataqdan qalxıb yerimdə oiturdum. Ayaq üstə olan Fazil aynabəndin işıqlarını yandırdı. Fikir verib gördüm ki, Mürvət də yatağında oturub və başını bulayır.
Mən Mürvətlə Fazilin yenə nəsə bir dava salacaqlarından ehtiyatlanıb söhbətə özüm yekun vurmağa çalışdım:
-Şair, işığı söndür, qoy yatağ. O itdi, nə qədər hürür qoy hürsün. O kirimir kirimir, heç olmasa sən kiri də.
Mənim bu sözlərimdın sonra Mürvətlə Fazil çaşqınlıqla bir müddət bir-birlərinə baxdılar, sonra hər iksi ani olaraq mənə baxıb qəfildən qəhəqəhə çəkib güldülər. Özümü saxlaya bilməyib mən də onalara qoşulduim. Bizim gülüş səslərimiz aynabənddən həyətə axışdıqca it də səsini kəsib yuvasına girdi.
Dağların arxasında isə dan yeri yavaş-yavaş sökülməyə başlayırdı.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.