Ana səhifə BAŞ YAZI DƏRDİ TÜSTÜSÜNDƏN TANIYIRAM MƏN

DƏRDİ TÜSTÜSÜNDƏN TANIYIRAM MƏN

Müəllif: Bizim Yazı
696 baxış

H.OrmanliŞəmsi QOCA! – Həmid ORMANLI anlatımında…

Şörəyel-Ağbaba mahalından bir şair yaşayır Bakıda-Şəmsi Qoca.Yığvalı qara gəlib. Nə öydə arvatnan sözü tutur, nə də çöldə şairliyini dəmnən tapan bəzi şairlərlə. Başında buxara papaq, əlində müşdük,dərdli-dərdli hərrənir Bakının küçələrində. Ağlamağa hazırlaşan uşaq gözlərini xatırladır gözləri. Yurd həsrəti ilə dünyasını dəyişən tay-tuşlarını sızıldaya-sızıldaya bir-bir oycuna sayır. Duyanı ağladır Şəmsinin halı…

Elə onunçün də adı özündən qorxulu Türkün ağrısının elə bir adı da Ağbabadır. O, ağrını köysündə gəzdirdiyi üçün şairdir Şəmsi Qoca.

Həm yaxındı, həm əlçatmaz uzaqdı,
Qaçaq düşüb yuxularım nə vaxtdı.
İçimdə od, çölümdəki sazaqdı,
Köysümdəki dərd yeridir Ağbaba.

“Mənim üçün Vətən Yasnaya Polyanadan başlayır” deyirdi Talstoy. Şəmsi Qoca üçün də Vətən Ağbabadan başlayır. Şəmsi Qoca üçün Ağbabalı olub Ağbabasız yaşamaq dünyanın son əzabıdır.Daha çox yad enerjilərin hakim olduğu şəhərin tünlüyündə Şəmsinin yığvalı onda kəsdi ki, Akif Səmədə tuş gəldi. Akif Səməd kimi mürşüdlə dostluq elədi. Akifi görən insan kəndində -kəsəyində, elində-obsındaymış kimi rahatlıq tapır özündə. Bu sözlər Abbas Abdullah Acaloğlunun sözüdür. Bu sözə mən də haqq verirəm. Hələ üstəlikdə İncəlilərlə qohumluq əlaqələri Ağbabasız keçən bu ağrılı illər ərzində Şəmsiyə ən böyük toxdaxlıq olub. Şəmsinin bir “ İncəllər “ şeri var. Bu şer mənim də çox sevdiyim şerlərdəndir. Şəmsi sanki içinin bütün enerjisini bu şerə qoyub. Şəmsi İncəlilər deyərkən əslində İncənin insanlarından daha çox məşhur təriqət şeyxi Hacı Mahmud Əfəndinin də müqəddəs gorgahının yerləşdiyi o mübarək sofu torpağın bərəkətindən, ruhani iqlimindən,… söhbət açır.

Bircə işarədən sözü anlayar,
Arifdi,ustaddı, çox incəlilər.
Çəkəndə çəkəllər qəmi-qəm kimi
Sözdə, zarafatda şux İncəlilər.

Tufana əyilməz, qara əyilməz
Sevsə də, sevdiyi yara əyilməz
Dövlətə baş əyməz,vara əyilməz
Olar gözü könlü tox İncəlilər.

Qəlbində söz olar sözə tapınar
Dərəyə sığınıb düzə tapınar
Tanrıya baş əyər, saza tapınar
Bu qəddi qaməti şax İncəlilər.

Ağbaba insanı mənə yaxşı tanışdır.Onlar qanı təmiz Türklərdir. Onlar şirin dilli, el-oba nəfəsli olurlar. Hər gün doğulduqları torpağı xəyallarında canlandırmamış yerlərinə girib yuxuya getməzlər. Ağbaba bir zamanlar Çıldır qəziyəsinə daxil olduğundan onların sazında olduğu kimi danışıqlarında da şirin Çıldır ağzı hiss olunur. Şəmsi Qoca Ağbabalıların o kalaritini yaşadanlardandır. Bayaq dilimin əzbəri Akif Səmədin adını çəkdim. Elə bilirəm Akif Səmədin bir zərrəsi də Şəmsi Qocada yaşayır. Akif Səmədin ruhunun İncə, Saxa, Şuşa, Göyçə, Təbriz, Kərkük,Borçalı olduğu kimi bir yurdu da Ağbaba olub. Şəmsi Qocanı Akif Səmədin sehrində saxlayan uca ruhu eşqinə tanıyıb, sevmişəm. Şəmsi o ruhu saxladığı müddətdə ölüm ondan uzaqdır.
İlk dəfə Nürəddin Lələmin ağbilçək qarısı Şəkər ananın üzünün nuruna tanımışam Ağbaba mahalını.Hamının Ağbaba qızı kimi tanıdığı Şəkər ana kəndimizdə təmizliyi, əli açıqlığı ilə ad çıxartmışdı. Qapısına gələni əli boş qaytarmazdı. Bizim o yörələrdə Şəkər ananın çayından içəyib, çörəyindən yeməyən olmazdı. Tikəsini bölən idi Şəkər ana.Belinin şalı, qavağının önlüyü qaxsız-qanfetsiz olmazdı. İllah da ki, qəvli qanfet. İlk dəfə Ağbabanı ipək xasiyyətli, üzü nurlu,ağzı dualı Şəkər ananın yurdu kimi sevmişəm. Daha sonra Aşıq Şenlik gəzən yerlər, Kor Nəsibin yurdu, Aşıq İsgəndərin torpağı kimi tanımışam.İndi məni qədim-qayım o Türk yurduna daha çox bağlar bağlayır. O, etibarlı, qırılmaz bağlardan biri də Şəmsi Qocanın Vətən həsrəti ilə yazılmış öyküləridir.

Səndən ötrü darıxmışam, doğma kənd,
Qulağımda bulaqların səsi var.
Haçandı ki, həsrətinlə yaşıyan,
Bu dünyada bir övladın – Şəmsi var.

Bu günlərdə Şəmsi qardaşımızın yeni, sayca dördüncü kitabı işıq üzü görüb. Mübarəkdir! Mübarək olsun yox ha mübarəkdir deyirik. Kitabda Şəmsinin son illərdə uca Tanrının dərgahından könlünə enən qoşquları toplanıb. O, qoşqular ki, yarısı yanğıdan doğulub, yarısı da yaradan. O, qoşqular ki, hamsı da ürəyindən su içib. Qızları Aygün və Ayselə, oğlu Turala, bacısı Lətifəyə, nəvələrinə, iş yoldaşı, qocaman pedaqoq Vaqif Mustafayevə, mürşüdüm Akif Səmədə, Amil Avloğluna, dostumuz Dəmirçoğlu Məmmədə, Astanbəhli Musaoğlu İbrahim İlyaslıya, Bəhman Nəbiyevə və başqalarına üz tutub, ürək açıb, sir verib. Sağ olsun bir qoşqusunda da mənə üz tutub ruhumu ruhuna söykənəcək bilib:

Yamanca dəyişib dövran, ay Həmid
Seyrəlib sırası mərd kişilərin.
İndi qabağında çaqqal ulayır,
Pələng kişilərin, qurd kişilərin.

Əvvəlcə başından papağı getdi,
Sonra da zoğalı çomağı getdi
Obası dağıldı, oymağı getdi
Töküldü başından dərd kişilərin…

Kişilərin o dərdindən, əzabından bir pay da Şəmsinin payına düşüb. Mən dərdi tüstüsündən tanıyıram. Əzabın mübarək Şəmsi kişi !
P.S.: Heç vaxt yadımdan çıxmayan Ağbabanı bir daha yadıma saldığın üçün çox sağ ol, Şəmsi Qoca.
Ağbabalılığını möhkəm saxla. Vay o günə o əldən gedə.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.