Vasif Zöhraboğlu
***
Darıxarsan, çarpayında uzanıb,
Xəyalında yaxınlaşar uzaqlar.
Küçənizin səkisində dayanıb,
Pəncərəni daşa basar uşaqlar.
Daşlar dəyib pəncərənə qayıdar,
Daşlar gəlib ürəyinə toxunmaz…
Nə səni atılan daşlar ovudar,
Nə də ki, taleyin daşdan oxunmaz.
Udum-udum yanağıma tökülüb,
əriyərsən gözlərimin yaşında…
Gecələri yorğanına bükülüb,
Darıxarsan ürəyimin başında.
Səni sevdim ötüşmədi gün ahsız,
Bundan belə bu sevgidə yoxam ta…
Yuma mənim günahımı günahsız,
Ölsəm gedər iki əlin yaxamda…
***
Mən ki, hələ cavan yaşdan
Beli bükülmüş adamam.
Bu dünyada soyuq daşdan
Evi tikilmiş adamam.
Görən kiməm yer üzündə?
Gecəsin de, gündüzün de…
Bəlkə Tanrının gözündə
Zəif kiçilmiş adamam..?
Yetdim bu yolun başına.
rəhim qıl gözüm yaşına…
Daha dagına, daşına
ahı çəkilmiş adamam.
Uzağam… Səndən uzağam,
Gəldi-gedərəm, qonağam.
Bəlkə də, diriyəm, sağam
Bəlkə də, ölmüş adamam.