Ana səhifə YAZILAR Şair Qabil, Mahir Qabiloğlu və “O dünyadan məktublar”

Şair Qabil, Mahir Qabiloğlu və “O dünyadan məktublar”

Müəllif: Bizim Yazı
968 baxış

Elmira Axundova
Millət vəkili, Əməkdar jurnalist

Bu yaxınlarda qonşum Mahir Qabiloğlu mənə müxtəlif vaxtlarda müxtəlif nəşrlərdə dərc olunmuş publisist yazılarının toplandığı kitabını hədiyyə etdi. “Ərmən – Şuşanikin sevgisi” adlı bu kitabı necə deyərlər, birnəfəsə oxuyub təəssüratlarımı oxucularla bölüşmək qərarına gəldim.
Qəzet və saytlarda müəllif sütununun verilməsi son illər Azərbaycan jurnalistikasında kifayət qədər dəb halını alıb. Belə müəlliflərə azərbaycanlı oxucular “köşə yazarı”, ruslar isə “kolumnist” (sütunçu) deyirlər. Son dövrlərin yaratdığı belə köşə yazarlarından biri də jurnalist, publisist və tərcüməçi Mahir Qabiloğludur ki, mən onun “Modern.az” saytındakı sütununu həmişə maraqla izləyirəm.
Müəllif köşələri müxtəlif olur: kimisi sırf siyasi mövzulardan yazır, kimisi ailə və əxlaq problemlərini qaldırır, kimisi mədəniyyət sahəsində ixtisaslaşır. Bəzi köşə yazarı həddən ziyadə subyektiv və hətta qərəzli, bəzisi də həddən ziyadə aqressiv və acıdil olur. Amma bütün bunlarla bərabər, jurnalistikamızı yeni adlar, bu və ya digər problemlərə yeni yanaşmalarla zənginləşdirən köşə yazıları heç şübhəsiz ki, çox maraqlı hadisədi.
Mahir Qabiloğlunun hətta imzasını belə görmədən tanıdığın yazıları başqalarından seçilir. Əvvəla, onun həyatda baş verən real hadisələrə söykənən və nağılvari üslubda yazılan esseləri həmişə canlı bir hekayət, bəzən hekayə-pritça təsiri bağışlayır. Onun bəzi jurnalist esseləri belletristikaya yaxın olaraq, maraqlı obrazları, dəqiq müşahidələri, koloritli epizodlarıyla əsl bədii əsəri xatırladır.
İkincisi, Mahir kifayət qədər yerini bilən adamdı və opponentlərinə qarşı aqressiv çıxış etməyi, yaxud hansısa qəlbə toxunan söz deməyi özünə rəva görməz. Hakimiyyəti və ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, bu gün həyatda olanlar və həyatdan köçənlərin xatirəsinə hörmət hissi də onun esselərini digərlərindən fərqləndirən cəhətlərdəndi. Mahirin yazıları olsa-olsa yalnız, müəllifin yüngül təbəssümüylə müşahidə olunan yumoru və ironiyanı özünə rəva görə bilər. Elə bircə Mahirin öz məşhur atasının dilindən respublikada baş verən aktual məsələlərə verdiyi qiymətin əks olunduğu bənzərsiz “Qabilin o dünyadan məktubları” nəyə desən dəyər. İti düşüncəylə yazılan bu məktubları oxuyarkən istər-istəməz dodaqların qaçır və bu “Məktublarda…” unudulmaz Qabilin səsini sanki sağlığındakı kimi eşidirsən.
…Mahir bu həyatı təəssüratları uzun müddət toplayıb, atasının, böyük Azərbaycan şairi Qabilin danışdığı koloritli əhvalatları, onun müasir dövrün tanınmış ədiblərindən olan dostları və həmkarlarıyla söhbətlərini sanki suçəkən kimi canına hopdurub. Axı Mahir sözün birbaşa anlamında yazıçı mühitində, yazıçıların Hüsü Hacıyevdəki (indiki “Azərbaycan” prospekti) binasında böyüyüb. Və o, müxtəlif illərdə müxtəlif kütləvi informasiya vasitələrində çalışaraq operativ jurnalistikayla məşğul olub, müəllif publisistikasına, yazıçılığa özünün dediyi kimi, müəyyən qədər gec, 45 yaşından sonra gəlib. Ola bilsin, atasının adlı-sanlı dostlarından utanıb, bəlkə də Qabilin nüfuzu ona təzyiq edib.
Amma son bir neçə ildə onun istedadı biz oxucular üçün yeni, gözlənilməz tərəfdən açıldı.
Mahir Qabiloğlu ironik tərzdə, şəxsi düşüncələri müstəvisində, nəsihət, məsləhət vermədən özünə və oxucuya ünvanladığı suallarla Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərə-məişət məsələlərindən tutmuş, ölkə həyatı üçün taleyüklü məsələlərə qədər müxtəlif problemlərə toxunur. O, köhnə adət-ənənələri, xurafatı tənqid edir, Azərbaycan diasporları arasında birlik və həmrəyliyin olmamasının səbəbləri üzərində düşünür, ruhən və düşüncə baxımından ona yaxın olan müasirlərinin portretlərini yaradır.
Uzun illərini yazıçı mühitində keçirən bir şəxs kimi, mənim üçün Mahirin şair Qabil və onun yazar həmkarları barədə xatirə və müşahidələrini bölüşdüyü esseləri xüsusi önəm daşıyır. Bəzək-düzək vurulmayan, səmimi, ata Qabilin əvəzsiz yumorlarıyla zəngin olan bu qeydlər bizləri isti dost məclislərinə, əsl kişi dostluqlarına, gülməli vəziyyətlərə, qədim, əziz Bakımızın və onun ətrafının saf havasına aparıb çıxarır. Mən günbəgün özünün möhkəm jurnalist yaddaşına hopdurduğu və bu gün Azərbaycan memuar ədəbiyyatına miras qoyduğu esselərində adlarını diriltdiyi şəxsiyyətlərə – ona doğma olan Cabir Novruza, Əliağa Kürçaylıya, Bəxtiyar Vahabzadəyə, İlyas Əfəndiyevə, Hüseyn Abbaszadəyə, Salam Qədirzadəyə görə Mahirə olduqca minnətdaram: bu tarixçələrə görə – bəzən gülməli, bəzənsə dramatik və hətta tragik həyat tarixçələrinə görə. Elə bircə şair Əliağa Kürçaylının ağır xəstəliyindən və qızı Ülkərin ona olan hədsiz sədaqət dolu məhəbbətindən bəhs edən esse nəyə desən dəyər.
Yaxud da tanınmış Azərbaycan nasiri, Xalq yazıçısı Bayram Bayramovun taleyindən bəhs edən esse.
Dostluqda sədaqət, öz xalqına bağlılıq, böyüklərə hörmət, şəxsi həyatda ciddilik və aza qane olmaq, sadə insanların qayğı və ehtiyaclarına diqqət göstərmək… Özünün sadəcə “Bəxtiyar əmi”, “Bayram əmi”, “Əliağa əmi” adlandırdığı bu məşhur qonşular əvvəlcə yeniyetmə, sonra isə gənc Mahirə bu cür olmağı təlqin etmişdilər.
Bu gün Mahir özü də müəllif publisistikasında bu yüksək həyati meyarları təlqin edir. Odur ki, Mahir Qabiloğlunun hətta tənqidi məqalələri də oxucunun qəlbində işıqlı təəssürat yaradır. Bu səbəbdən də pərəstişkarları Azərbaycan jurnalistikasında öz orijinal üslubunu yaratmış bu maraqlı müəlliflə görüşü hər dəfə səbirsizliklə gözləyir. Şübhəsiz ki, məşhur atasının genləri də özünü göstərir. Deməli, mənim böyük dostum və həmkarım Qabil öz yeganə oğluyla qürur duya bilər.

//525.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.