Ana səhifə YAZILAR Poçtumuza gələnlərdən

Poçtumuza gələnlərdən

Müəllif: Bizim Yazı
962 baxış

Nəriman ZEYNALZADƏ

(25.07.1954, ŞƏRUR)

YUXU ÖLÜMÜ

Silkələ,
Silkələ məni,
Oyanım bu yuxudan.
Bu yuxu mənə
Ölüm gətirir.
Məni aparıb,
Kimi gətirir?

 

Silkələmədilər,
Oyatmadılar,
Ölümlə gedən adamı.
Silkələ məni
Oyanım bu yuxudan,
Bir ölüm gözləyir
Gələn adamı.

Silkələ,
Silkələ məni,
Oyanım bu yuxudan,
Ey məni yaradan!
21.02.2014

SARI PAYIZ YARPAĞI

Bu gün səhər
Gəzərkən bağı
Qondu çiynimə
Sarı bir payız yarpağı.
Götürdüm əlimə,
Yaman çırpınırdı ürəyi…
Hardansa qoparıb gətirmişdi,
Soyuq payız küləyi.
Aparıb onu
Şeirlər kitabımın
Arasına qoydum.
Dedim, o sarı yarpaq da
Bir şeirdir,
…Tənhalıqdan üşüyürmüş.
…Sıxdım sinəmə
Sarı yarpaqlı kitabımı.
O gecə yatmadım,
Beləcə açdım sabahımı…
22.12.2013

GƏTİRƏRƏM

Deyirəm, dünəndən, bu gündən keçib,
İşıqlı səhərə çıxaraq məni!
Hardasa itirmişəm, tapa bilmirəm,
Mənə kömək elə, axtaraq məni!
Afaq ŞIXLI

Yırtıb gecənin köynəyini,
Həsrətini, göynəyini…
Nə itiribsən, gör, nəyini,
Axtarıb, tapıb gətirrəm.

Dost-tanışın neçəsini,
Nənəmin qara keçəsini,
O nağıllı qış gecəsini,
Tonqalı çatıb gətirrəm.

Külək dağıdan tellərini,
O nəğməli dillərini,
Əldən uçan illərini,
Yellərdən alıb gətirrəm.

Varsa ağlayan, ovut onu,
Unut, qəm-kədərini, unut…
Caynağındakı ilk ovunu,
Qartaldan çalıb gətirrəm.

Nəriman deyər, göy işıqlı,
Gecədə Ay yaraşıqlı…
Tapıb özünü, Afaq Şıxlı,
Ağ atla çapıb gətirərəm…
12.01.2014

CANINDAN CAN VERDİN

Azərbaycan Xalq Cumhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının başqanı M.Ə.Rəsulzadənin əziz xatirəsinə

Yoxikən Qoca Şərqdə bir var yaratdın,
Əridib buzlaqları bahar yaratdın,
Gülü solmuş ağacda bir bar yaratdın,
Bir daha enməz bayraq! dedin cahana,
Sən canından can verdin Azərbaycana!

Üçrəngli bayrağımız yadigarındır.
Amalın, məsləkindir, qibləgahındır!
Canında dövr edən qan sənin qanındır,
Deyirlər pay verməzlər bir candan cana,
Sən canından can verdin Azərbaycana!

İşğalçı qüvvələr qovulub bu gün,
Sarı burunları ovulub bu gün,
İçindən yana-yana qovrulub bu gün,
Çətin bir də cücərib gəlsinlər cana,
Sən canından can verdin Azərbaycana!

Səhər günəşi tək üzü gülümsər,
Bir işıqdır, nurdur, üzü güllü zər,
Dünyanı başdan başa dolanıb gəzər,
İndi səsi, sorağı düşüb hər yana,
Sən canından can verdin Azərbaycana!

Dekabr-2013

MƏHƏBBƏTSİZ QALDI LAÇIN

Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımovun əziz xatirəsinə

Görəmmədi Həkərini,
Axşamını, səhərini,
Minəmmədi kəhərini…
Məhəbbətsiz qaldı Laçın.

Sarı Baba, ağla görüm,
Saçlarını ağca hörüm…
Hardan baxım, necə görüm? –
Məhəbbətsiz qaldı Laçın.

Məktub yazdım Çormanına,
Qartalların qanadına…
De qohuma, de yadına:
Məhəbbətsiz qaldı Laçın.

Göylər tökdü göz suyunu,
Torpaq çəkdi qoxusunu…
Dağlar gördü yuxusunu…
Məhəbbətsiz qaldı Laçın.

Səngərinə girəmmədi,
O gününü görəmmədi.
Laçınına dönənmədi,
Məhəbbətsiz qaldı Laçın.
                               27.01.2014

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.