Ana səhifə BAŞ YAZI RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Müəllif: Bizim Yazı
1. 037 baxış

Bu günlərdə Gürcüstan Yazıçılar Evində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan Bölməsi və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan Filialının təşkilatçılığı ilə Gürüstanda doğulub boya başa çatan, hazırda Bakı şəhərində yaşayıb yaradan istedadlı şair Rəşid Faxralının gürcü dilində nəşr olunmuş “Şexvedra” (“Görüş”) kitabının təqdimatı olub. Görüşü məşhur gürcü şairi əslən Abxaziyadan olan Geno Kalandiya açaraq Rəşid Faxralı barəsində, onun gürcü dilindən tərcümələri barəsində, eləcə də Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixi, indiki durumu, tərcümə sahəsində əməkdaşlıq barəsində ətraflı danışdı. Rəşid Faxralının qaçqınların çadırlar şəhərciyi barəsində şeirini kövrələ-kövrələ oxuyaraq sanki öz taleyindən yazıldığını qeyd etdi. Sonra məşhur tərcüməçi Zezva Medulaşvili, ünlü türkoloq Elizbar Cavelidze klassik Azərbaycan şairlərindəndən məhəbbətlə danışaraq, arada Nəsiminin, Füzulinin yaradıcılığından parçaları azərbaycanca söylədi, yazıçı-araşdırmaçı Mirzə Məmmədoğlu, mətbuatda ermənilərin cəfəngiyyatlı çıxışlarına həmişə layiqli cavablar verən akademik Bondo Arveladze, şairlərdən Quri Otobaya, Dato Şemokmedebeli, gənc çevirmən Oktay Kazımov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Filialının başqanı Rafiq Hümbət, Bakıdan təşrif buyuran qonaqlardan şair Dəyanət Osmanlı, Əkbər Qoşalı və başqaları çıxış edərək Rəşid Faxralı barəsində, onun şeirləri barəsində öz ürək sözlərini ifadə etdilər və ədəbi əlaqələrin dərinləşdirilməsinin vacibliyini ön plana çəkdilər.
Qərbi Gürcüstanın Xobi rayonundan gələn bir qrup qələm əhlinin və rayon rəhbərliyinin nümayəndələri çıxış edərək Sovetlər dövründə bu tərəflərdə hərbi xidmətdə olan azərbaycanlı igid Rahib Məmmədovun Çaladidi kəndində daşqın zamanı 30-ya yaxın kənd sakinini öz həyatı bahasına xilas etməsini və axırda qəhrəmancasına həlak olmasını və indi həmin kənddə bu igid Azərbaycan oğlunun abidəsinin ucaldığını, Azərbaycan xalqına, onun mədəniyyətinə və ədəbiyyatına da xüsusi hörmət bəslədiklərini xüsusilə qeyd etdilər. Rəşid Faxralının təhsil aldığı və adını adına yaraşdırdığı Faxralı kənd məktəbinin müəllimləri çıxış etdilər, şagirdlər isə onun şeirlərini əzbər söylədilər.
Tədbirin sonunda Rəşid Faxralı tədbirin iştirakçılarına, özəlliklə, gürcü ictimaiyyətinə yaradıcılığına xüsusi diqqət yetirildiyinə görə öz dərin minnətdarlığını bildirdi.

Almaz MİRZƏOĞLU
Qaynaq: Shahbulaq.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.