Ana səhifə BAŞ YAZI Taleyim(iz)dən keçənlər…

Taleyim(iz)dən keçənlər…

Müəllif: Bizim Yazı
981 baxış

ETİBAR ETİBARLI

(Poemadan parça.  Önü: //www.bizimyazi.com/?p=6076)

-4-
Gözünə ox kimi batdı bayrağım,
İmperiya bir yeni
“müjdə” də verdi:
Qan sızan yaramız qaysaqlanmamış
Dərd üstə dərd gəldi –
Qarabağ dərdi!..

HOCALI

 

 

Allah bəndəsidir dedik hayklar,
Yer verdik –
yerini abad eylədik.
Əsrin əvvəlində gördük üzünü,
Gesdi –
canımıza cəllad eylədik.

Yıxdıq evimizi öz əlimizlə,
Gətirib çıxartdıq
ocaq başına!
Suçumuz –
ürəyi yuxalığımız,
İnandıq gözünün timsah yaşına.

Haqq sözdür:
“Qurd basar arxalı köpək”,
Bilirik baş kimin,
o əl kimindir.
Necə gözəl deyib müdrik atalar;
“İriz ulağınsa,
feil gəlinindir.”

Qoluna güc verdi, əlinə silah,
Oynatdı haykı bir
oyuncaq kimi.
Kin səpdi gül kimi torpaqlarıma,
Közərdi sönməyən
od-ocaq kimi.

Dəydi hər qarışa murdar nəfəsi,
Gülüm vağamladı,
çiçəyim soldu.
Örpəyi tapdanan gəlin Şuşamın
Sinəsi dağlandı – pərişan oldu.

Çox bəla ötürdü,
çox qovğa gördü,
Tanındı tarixdə dözümlü, mətin.
Sındı,
çilikləndi şüşə ürəyi,
Çətin bağışlayar,
bizləri çətin!…

***
İnləyir yağının tapdağı altda,
Dağ-daşlı Qarabağ,
aran Qarabağ!
Bu zalım gərdişin ilğımdır sonu,
Nə vaxt sağalacaq
yaran, Qarabağ!?

Şəhərin dağıldı,
kəndin dağıldı,
Bəxtimin gözünə al qan sağıldı,
Gördüyüm yuxudu,
yoxsa nağıldı?
Yoxdu halımızı
soran, Qarabağ!

Bir müjdə gətirmir
nə bahar, nə qış,
Ölmək istəmirəm
kama çatmamış,
Varmı bir qarışın
yasa batmamış?
Qalıb sızlamayan
haran, Qarabağ!?

Dərmandır, məlhəmdir
çiçəyin, otun,
Axar bulaqların –
muğam- bayatın,
Suyundan içərdi o köhlən atın,
Hanı o yolları
yoran, Qarabağ!?

Sən cənnətməkandın,
sən, “ay bəxtəvər”,
Qaçqının-köçgünün
düşüb dərbədər,
Can üzən intizar nə zaman bitər?
Üzdü qəlbimizi
hicran, Qarabağ!

Ovutmur könlünü
nə vədə, nə söz,
Sinən dağım-dağım,
ürəyin köz-köz,
Üzmə ümidini,
döz, bir az da döz,
Yolumuz üstündə
duran, Qarabağ!

Açın sinənizi,
sipər tək açın,
Görün kimə qalıb
yurdum, yurd daşım –
Cəbrayıl,
Zəngilan,
Qubadlı,
Laçın…
Tutub bənd-bərəni
toran, Qarabağ!

Kəlbəcər – dağların
qoynunda bir tağ,
Şuşan daş heykəldir,
Ağdamın çıraq,
Yad əldə yadlaşır
bakirə torpaq,
Qoymarıq qalasan
viran, Qarabağ!…

-5-

…Bu qan-qada, müsibət
kimlərin niyyətidir,
kimlərin əməlidir!?
Hardan gəldi – bəllidir!
…Düşmən zalım ovçu tək
bərəsində yatanda,
Fürsət tapıb, aşkarda
addımını atanda,
O gün ki, ilk atəşdən
sal qayalar titrədi,
Hərə öz arşınıyla
ölçdü bu fəlakəti.
Kim uddu, kim uduzdu
bu məkrli oyunda?
Sadə təmiz insanlar
naəlac, əli yalın
qalanda can hayında,
Hələ sovet dövründə
hazırından yeyənlər,
“Dərə xəlvətdir, ay can,
tülkü bəydir,”-deyənlər
Çoxdan talamışdılar
kənddə- kəsəkdə nə var,
Ağzı günə qalmışdı
mal-qarasız fermalar.

Yoxa çıxdı sürülər,
izi-tozu qalmadı,
Soruşan da olmadı:
“Bu var, bu dövlət hanı?”
Halal malları kimi
satdılar texnikanı….
Qondular leş üstünə
quzğun-çalağan kimi,
Dağıtdılar ölkəni
Tanrı dağıdan kimi.
Şəhərdə fabrikləri,
zavodları soydular,
Əliqabarlıları quru
yurdda qoydular.
Taxtı əlindən çıxan
köhnə “partokratlar”,
Başı, beyni havalı
təptəzə “demokratlar”,
Ciblərində haram pul,
dil də, vicdan da saxta,
“Maskalanıb” rahatca
doluşdular paytaxta.
Boş qaldı Qarabağda
CƏSARƏTİN meydanı,
Baş şəhərdə qızışdı
SİYASƏTİN meydanı!
Ucuz xal qazanmaqçın
çatan kürsüyə gəlir,
Arxasında bir dəstə –
“kişi” kürsəyə gəlir!
Sanki dönüb tərsinə
zamanın da axarı,
Ağızlar köpüklənir –
söz boğazdan yuxarı.
Bu, ona hədyan deyir!
O, buna madyan deyir!
Biri deyir:
-Vətənçin mən canımdan keçərəm,
İmkan olsa,
düşməni bircə-bircə biçərəm.
Peysəri piyli biri
(özü dəvə boydadır)
Yayxanıb kresloya,
elə bil ki, toydadır.
Biri göydə oynadır
zağlı tapançasını,
Biri deyir:
–Təpəmin atdırmayın tasını!
Vallahi, qan eylərəm!
Adımı çəkən olsa,
yerlə-yeksan eylərəm!
Kürsüdən enən kimi
o saat əkilirlər,
Görən olmasın deyə,
xəlvətə çəkilirlər.
Öpüşüb-yalaşırlar:
Biri ona can deyir,
Biri buna dost deyir,
Ürəkdə gizli məqsəd,
dildə yağlı tost deyir.

Biri tərif eyləyir
beşinci villasını,
Biri də gözə soxur təzə ov tulasını!

Otellər bucağında,
fahişə qucağında
Sərxoş, beyni dumanlı
xumarlanırdı biri!
Növbəti müştərini
gözləyən qadın kimi
Güzgünün qabağında
tumarlanırdı biri…
Beşulduzlu oteldə,
nə bilim hansı qatda!
Arvad ayrı kurortda,
oğul-qız bir ölkədə
bəslənirdi kölgədə!

Bu vaxt sahibsiz qalan
qarabəxt Qarabağda
minlərlə can yanırdı,
Neçə-neçə Meşəli,
Kərkicahan yanırdı!…
Neçə qarabağlının
ürəyi dağlı qaldı,
Ev-eşiyi kül oldu,
qapısı bağlı qaldı.
Atanın qabağında
oğlunu yandırdılar,
Atanın qollarını,
belini sındırdılar.
Quşürəkli vandallar
yırtıcıya döndülər,
Əlacıkəsilmişə
gülüb nəşələndilər.
Baxıb dərdli anaya
sonsuz kinlə, acıqla,
Doğradılar körpəni
diri-diri bıçaqla.
Eşitdinmi, nalələr
ərşə dayandı, Tanrım?!
Bu, ölən,
bu, öldürən…
Hansı insandı, Tanrım?!

-6-

…Qış küləyi qurd kimi
ulayıb əsən gecə,
Donub qarda, sazaqda
daş daşı kəsən gecə,
Daraşdı Xocalıya
qara niyyətli düşmən.
Körpələr də diksindi
tankın, topun səsindən.
Günahsız insanların
dağıldı yurd-yuvası,
Zələzələ yalan oldu:
tankların tırtılında,
uçan divarlar altda
əzilib qalan oldu!…
Gözü yarıyuxulu şəhəri oyatdılar,
Uşaq-böyük – kim vardı…
elə qırıb çatdılar,
Südəmər körpələrin beşiyi al qan oldu.
O gecə Xocalının sonu ah-fəğan oldu!…
Silindi Yer üzündən
“Xocalı” adlı şəhər,
Oyandı qorxa-qorxa
qana boyanmış şəhər!…
…Gecənin zülmətində,
taleyin ümidində
Ayaq yalın,
baş açıq,
pərən-pərən düşənlər,
İsti od-ocağından
qəflətən gen düşənlər
Üz tutdular dağlara,
meşələrə,
çöllərə –
Ağıl gəlməyən yerə –
ana baldan ayrı,
bala anadan ayrı!…

…Neçə-neçə arzu-kam,
neçə həyat sönmüşdü,
Qanı donmuş cəsədlər
qaxaclara dönmüşdü.
Qundaqda körpələrin gözləri ovulmuşdu,
Neçə bəlalı başın dərisi soyulmuşdu.
Məftillərlə sarınıb yalın əllər, ayaqlar,
Gözlərdə dəhşət donub,
buz bağlayıb yanaqlar.
Bir yanda sahibsiz əl,
Bir yanda başsız bədən!..
Hanı meşədə özü,
çovğunda izi itən?!
Hanı dağda, dərədə
qurd-quşa yem olanlar?!
Hanı düşmən əlində
əsir-yesir qalanlar?!
Bu soyuq cəhənnəmin
sükutu ah-nalədir,
Hədəqəsindən çıxan
gözlər bir piyalədir!
Əl yox açıq gözlərə
bir çimdik torpaq tökə,
Ana-bacı hardadır,
saç yolub nalə çəkə?!
Sübhəcən vıyıldayıb
fəryad qopardı külək,
Elə bil inləyirdi
çarəsiz yaralı tək.

…O gün bu faciədən
qalmayacaqdı bir iz,
yetişməsəydi Çingiz!
Xalqın igid balası,
özü qeyrət qalası!
Köçürtdü qara lentə
tarixin ləkəsini,
Güllələnmiş şəhərin qanlı faciəsini!
Sağ olsaydı nə dərdim,
əllərindən öpərdim!

***
Deyirdilər dağ titrəyər kişi ağlasa…
Dağ titrədi,
göy kişnədi,
bulud ağladı.
Ağ örpəkli dərə-təpə
batanda yasa,
Yer kürəsi məhvərindən
çıxdı, laxladı.
Hönkürtündən bağrımıza
od düşən anda,
Azərbaycan ağlayırdı
SƏN ağlayanda!..

Günəş çıxdı…Qar üstündə
buğlandı al qan,
Qış günündə pardaxlandı
“lalə”, “qızılgül”.
Görünməyən vəhşiliyin
qurbanı olan
Təkcə ana, bacı deyil,
körpələr deyil,
Doğranmışdı ürəklərdə
arzu-kam onda!
Azərbaycan ağlayırdı
SƏN ağlayanda!..

Öz qanına qəltan görüb
bacı, qardaşı,
Sənin kövrək ürəyindən
nələr keçirdi?!
Yanağında buz bağladı
gözünün yaşı.
Qar yağırdı…meyitlərə
kəfən biçirdi,
Açıq qalmış gözlərini
SƏN bağlayanda,
Azərbaycan ağlayırdı
SƏN ağlayanda!..

Gecə gəldi qaraniyyət
şöklü məliklər,
Yağmalandı oğuz eli –
Tarixə bir bax!
O günahsız baxışlarda
donan qəm, kədər
Zaman-zaman köksümüzə
dağ çəkəcək, dağ!
Sən qol açıb cəsədləri
qucaqlayanda,
Azərbaycan ağlayırdı
SƏN ağlayanda!..

Ölümlərə güzgü tutdun
cavan yaşında,
Nə od idi, alışmışdı
köksündə belə?!
Taledimi, yazılmışdı
alın daşında?!
Çatmamışdı qəfil güllə,
yoldaydı hələ,
Ölüm həsəd aparırmış
sənə baxanda,
Azərbaycan ağlayırdı
SƏN ağlayanda!..

Sənə dəyən namərd güllə
Vətənə dəydi,
Xocalıda baş qaldırdı
didərgin ruhlar!
Əyilməyən qarlı dağlar
qəddini əydi,
Zaman keçdi, açılmadı
bu müəmmalar…
Qoy yazılsın, Çingiz , sənin
məzar daşında:
“Vətən ONA ağı dedi
vidalaşanda,
Azərbaycan ağlayırdı
O ağlayanda!..”

-7-
…Xocalı da yetmədi!
Qanlı qovğa bitmədi!
Yenə qırğınlar oldu,
yenə talanlar oldu,
Murovun aşrımında
donub qalanlar oldu.
Özünü sıldırımlı
qayalardan atan kim,
Arazın sularında
boğulan kim,
batan kim!..
Dörd yandan halaylanıb,
yolları kəsilənlər,
Başları,
ayaqları
qolları kəsilənlər
Vətənə dağa çəkdi, dağ!
Millət nə günə düşdü!?
Dərd üstə dərd sarındı,
elə düyünə düşdü –
Bu tilsimin, bu sirrin
açarı da yad əldə,
Taleyimiz tərsinə
yazılır özgə dildə!..

Hələ də diksinirik
qəfil güllə səsinə,
Yenə hədəf oluruq
snayper gülləsinə!..
Böyüyür addm-addım
şəhid xiyabanları,
Dünya kor olub görmür
bu günahsız qanları,
“İnsan haqları” deyib
bağırır idarələr,
Didir ürəyimizi
eyhamlı ibarələr!
Yoxsa nərtaxta sanır
bu qədim məmləkəti
Ədalət carçıları –
BMT-si, ATƏT-i ?!
Keyfi nə vaxt “gül vursa”,
qaydaları dəyişir –
Meyli çəksə “şeş”atır,
istəməsə “yek” düşür.
Doymuşuq bu yalançı
“təşvişdən”,
“əndişədən”
Siyasətin fərqi yox
lüt-üryan fahişədən!
Üz-üzə “ən müqəddəs
kitabdır Quran” deyir,
Arxada “başkəsəndir
qəddar müsəlman” deyir.
…Bir zaman elmlərin
beşiyi, məkanı, ŞƏRQ,
Bəs indi o qüdrətin,
o şöhrətin hanı, ŞƏRQ!?
Gör kim təxti-rəvandır
sənin halal yerində,
Tarixin xırdalanır
QƏRB-in muzeylərində!
Var-dövlətin özgənin
cibində xırdalanır,
Qalx ki, əcdadlarının
ruhu od tutub yanlır!…

-8-
…Biz müqəddəs bilirik
İsanı, Musanı da,
Qurandan miras qalan
qadağa-yasanı da.
Quran deyir: “Qoruyun,
siz haqqı, ədaləti,
Heç vaxt əsirgəməyin
mərhəməti, şəfqəti!
Sevsin insan insanı –
arada fərq olmasın,
Yer də cənnətə dönsün –
qan-yaşa qərq olmasın!
Çəkin gözlərinizi
fani dünya malından,
Harama əl vurmayın,
barının halalından!
Günahdır, sinsitməyin
əlsizi-ayaqcızı,
İncitməyin yetimi,
acizi, dayaqsızı!
“Hər dinə, hər inanca,
eyləyin hörmət”, – deyir,
Bunu peyğəmbərimiz –
uca Məhəmməd deyir.

…Bəs peyğəmbərlər necə?
Onlar harda döğulub?
İndi kəc baxdığınız
səhralarda doğulub –
Adəmi,
İbrahimi,
İsası, Musası da!
Səhra ağacındandır
Musanın əsası da!
Dözüblər hər cəfaya,
dözüblər əzablara,
İman da gətiriblər
səmavi KİTABLARA!

…Musanı daşladılar –
yolundan dayanmadı,
Məsihini çarmıxa
çəkdilər – usanmadı!
Hər addımda ölümlə
üzbəüzdü Məhəmməd!
Amalından dönmədi,
yenə dözdü Məhəmməd!
Tanrının istədiyi arzuya-kama çatdı,
O İSLAMI –dinlərin
gözəlini yaratdı!
Tanrıyla Peyğəmbərin
arasında bu sirdi,
Məhəmməd Yer üzünə
təmiz ƏXLAQ gətirdi!..

***
Ey yəhudi,
xaçpərəst,
bütlərə baş əyənlər!
“Din, iman, vicdan”- deyib
özlərini öyənlər!
“Şeytan saziş”lərinin
qəbri çoxdan qazılıb,
Bəs “İncil”də,
“Tövrat”da,
“Zəbur”da
nə yazılıb?
Yazılıbmı sərvətə,
vara-dövlətə görə,
Peyğəmbərlər nəslinin
ayağı dəyən yerə,
Zəhər toxumu səpib,
ÖLÜM göyərdəsiniz?
Tanrının yaratdığı
canlıdan qalmasın iz!?
Asın,
kəsin,
öldürün,
qırın müsəlmanları!
Pərdələyin!.. Adını qoyun
“Ərəb baharı”!?
Ərəbistan səhrası
mərmilərlə ovulsun,
ALTI sizə gərəkdir,
ÜSTÜ cəhənnəm olsun!?

Məsid Allah evidir!
Kilsə Allah evidir!
Məbəd Allah evidir!
Bəs bu tələ,
bu hiylə,
bu həngamələr nədir?
Nə suçun sahibidir
müsəlman biçarələr?
Niyə hədəf seçilib
məscidlər, minarələr?
“Azadlıq”, “demokratiya”
QƏRB-in yalanlarıdır!
“Səlib yürüşləri”nin
təzə planlarıdır!
Eləsə, yaxındadır
qiyamət- məşhər günü!
İnanın, görəcəksiz
ondan da betər günü!
Quranı, Məhəmmədi,
ey oyuncaq sananlar!
Şeytan yuvalarında
Allahını dananlar!
Kim bilmir bu niyyətin
kökləri dərindədir,
Musa,
İsa,
Krişna hələ ki, yerindədir!
Tükdən asılıb, tükdən –
müsəlmanın qəzəbi!
Daşsa səbr kasası,
alovlansa qəzəbi,
Onda baxın “cihada”!
Kim yetəcək imdada?
Saxta ehkamlarınız
uçacaq təməlindən!
Axı, Tanrı da bezib
bəndənin əməlindən!…

-9-
Qarabağ fəlakəti,
Xocalı müsübəti
Qoy ibrət olsun bizə!
Əbədi sahib çıxaq qanlı tariximizə!
Nə qədər ki,
ucalan bayrağımız enməyib,
Nə qədər ki,
düşmənin öz çırağı sönməyib,
Hələ ki, ürəyində yurd eşqi od təkinlər –
Çingizlər,
mübarizlər,
ibadlar,
gültəkinlər
bitməyib, tükənməyib,
Bu yükü çiynimizdən
ÖZÜMÜZ atmalıyıq!
Gözümüzü qırpmadan,
Hər qarışa atılan
Gülləni sinəmizə
çəkib soyutmalıyıq!
Ya qoruyaq əmanət
qalan VƏTƏNİMİZİ,
Ya biryolluq məhv olaq,
qınasın tarix bizi!…

***
1918-in yarası
göyüm-göyüm göynəyir
hələ qan yaddaşımda!
Ata babam Etibar,
Yanında kiçik oğlu—
əmim beşcə yaşında
günahsız güllələndi…
Təsi qəbristanında
daşlara qan çiləndi!
Torpağın bağrı yandı–
ruhlar qalxıb oyandı.

Soyuq bir mart günündə
…Ana babam Kərimi
vurdular at üstündə!
At sanki havalandı
qəfil güllə səsindən,
Zahar dağı səksəndi
dərdli kişnərtisindən.
Yastı təpədə tənha
bir cavan can verirdi,
Sahibsiz qalan kəhər
baş götürüb gedirdi.
Yoxdu onu saxlayıb:
”Hanı sahibin? – deyən.
Üzəngilər yellənir,
yerlə sürünür yüyən.
Yəhərinin qaşından,
yalından qan damırdı,
Talesiz sahibinin
viran qalmışdı yurdu!..
…18 ara verdi!
Düşmən yenə yatmadı–
işini gizli gördü,
Yol gəldi 88!
Ayıq olun,
qoymayın,
gəlsin növbəti 8!…

…Unutmayın!
Qanımızı şərbət kimi içənləri,
Bu dünyadan suçsuz,
nakam köçənləri,
Əli qanlı,
ağzı qanlı qatilləri,
Zaman-zaman törədilən qətlləri
Unutmayın!

Öz halalca torpağıma
ac ğözünü dikənlərin,
Anaların, bacıların
köksünə dağ çəkənlərin,
Goreşən tək məzarları eşənlərin,
Canımıza, malımıza həris,
qəddar düşmənlərin,
Adı, dili, tarixi də saxtaların
Cəhəngində dəmir yüyən –
yad əldədir noxtaları.
Unutmayın!..

Şəhidlərin xatirinə unutmayın!
Ürəyiniz yumşalmasın!
Hirsinizi,
kininizi soyutmayın!
“Olan oldu, keçən keçdi”, –
deyilməsin!
Yaşamağa haqqı yoxdur
düşmənə baş əyən kəsin!
Unutmayın!…
Dərdimizi, ağrımızı ovutmayın!
Qoymayın ki,
qiyamətə qalsın QİSAS!
Nəhayətsiz
qəzəbiniz,
nifrətiniz
Nəsillərdən –nəsillərə qalsın MİRAS!..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.