XX yüzilin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı ilə bağlı son illər aparılan məqsədyönlü və geniş çalışmalar sonucunda bir çox ölkədə bu soyqırımı barədə obyektiv fikir, dürüst mövqe formalaşmağa başlayıb. Bu mövqe isə Azərbaycan dövlətinin, özəlliklə də Prezident İlham Əliyev cənablarının geniş fəaliyyəti ilə daha da böyüyərək xalqımızın haqq işinin bərqərar olmasına xidmət edir. Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun, həmçinin Fondun vitse-prezidenti, “Xocalıya ədalət” uluslararası kompaniyasının koordinatoru Leyla xanım Əliyevanın gördüyü böyük işlər isə ildən-ilə genişlənməkdədir.
Soyqırımı ilə bağlı son illər bir neçə bədii əsər yazılıb, kitablar nəşr olunub. Bu kitablardan biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, imzası oxuculara yaxşı tanış olan tarixi romanlar müəllifi CƏLALƏDDİNin “27 ildən sonra”kitabıdır.
Yazıçının bildirdiyinə görə bu kitabı yazmaqda məqsədi havadarlarının köməyi ilə zaman-zaman xalqımıza qarşı soyqırım aktları, deportasiyalar həyata keçirmiş mənfur qonşularımız olan hayların (erməni millətçilərinin) təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə yönəlik əməllərini bütün dünyaya bəyan etmək, baş vermiş dəhşətli faciənin miqyasını və detallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etmək və bir daha düşmən hiyləsinə inanmamağa çağırmaqdır.
“27 ildən sonra” kitabında müəllifin iki əsəri – “Silinməyən ləkə” və “24 ilin ölüsü” adlı romanlar yer alıb. Hər iki əsərdə məmləkətimizin, sadə insanlarımızın başına açılan dəhşətli hadisələrdən bəhs olunur. Əslində həm də bir-birinin davamı olan hər iki əsərdə ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasətin mahiyyəti bədii boyalarla amma gerçək (və acı) həyat həqiqətləri ilə qələmə alınıb.
Onu qeyd etmək lazımdır ki, hər iki romanda müəllif öz iş təcrübəsi ərzində, topladığı, o cümlədən ermənilərin özündən əldə edə bildiyi məxfi bilgilərdən də ustalıqla istifadə edib. Yazıçı CƏLALƏDDİN hər iki romanda öz maraqlı ədəbi təhkiyyəsi ilə dolğun obrazlar yaratmaqla yanaşı həm də oxucunu arxası ilə apararaq, az qala hadisələrin canlı şahidinə çevirməyi bacarıb…
1992-ci ildəki anarxiya, qarşıdurma, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın parçalanma təhlükəsi, milli ordunun tam formalaşmaması, hətta bəzi könüllü özünümü¬dafiə dəstələrinin bir bir-biriylə konfliktdə olması da göstərilib. Bu konfliktdən ermənilərin istifadə etməsi, 20 faiz torpaqların alınması əsərdə əks olunub.
Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, nizami ordu quruculuğu, Azərbaycanı parçalamaq istəyən qüvvələrin darmadağın edilməsi də əsərdə dolğun mənzərələrlə öz ifadəsini tapıb.
***
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir: 26 fevral “Xocalı soyqırımı – milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. İndi hər il fevral ayının 26-sı Xocalının soyqırım günü kimi qeyd olunur.
Bəlli olduğu kimi bugün Ermənistan dövlətinin terrorist mahiyyəti təkzibolunmaz şəkildə ortada olsa da, 2015-ci ildə dünya erməniləri (erməni diaspor və lobbi gücləri) qondarma “erməni soyqırımı”nın saxta 100 illiyinə hazırlaşır. Ermənilər qondarma “erməni soyqırımı” haqqında yüzlərlə film çəkmişlər. Son illər ermənilər Sumqayıt hadisələri ilə bağlı 6, Qarabağ müharibəsi ilə bağlı 30 film çəkmişlər..! Ermənilər dünya ictimaiyyətinə özlərini soyqırıma, terrora, blokadaya, diskriminasiyaya məruz qalmış (habelə… qədim mədəniyyətə sahib) yazıq xalq kimi gostərməkdədirlər. Bu baxımdan, “27 ildən sonra” kitabı ermənilərin özlərindən də alınmış biulgilər əsasında yazılmış, erməni terrorunun bütün detalları açıqlamış əsər olaraq, xüsusi diqqət tələb edir…
***
Ermənilər o qədər eyforiyaya qapılıb, cəzasılıqlarının uzunömürlü olacağına o qədər inanıblar ki, özləri öz kitablarında belə terroru etiraf etməkdən çəkinməyiblər… Zori Balayanın “Ruhumuzun dirçəlişi” kitabında, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyanın “Xaç uğrunda” kitabında ermənilərin Xocalıda Azərbaycan türklərinin başına gətirdikləri müsibətlər, necə deyərlər, “açıq qələm”lə göstərilir…
Qeyd edək ki, Azərbaycan İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa vermişdi. Ermənilər bu işə siyasi don geyindirərək hamını inandırdılar ki, bu siyasi terrordu. Bax beləcə, Zori Balayanı buraxdırdılar, amma inanırıq ki, ədalət öz yerini alacaq. Azərbaycan türklərinə verilən işgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa dəlil-sübut lazımdırmı?! (Yeri gəlmişkən Ermənistan prezidentinin keçmiş müşaviri ( – Levon Ter-Petrosyanın administrasiyasında), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan və vaxtilə Qarabağ danışıqlarını aparanlardan biri Jirayr Libaredyan bugünlərdə “Əgər biz törətdiyimiz cinayəti etiraf etmiriksə, nəyə görə ümid etməliyik ki, başqaları ermənilərə qarşı törədilmiş cinayətləri tanıyacaq?” deyə bir açıqlama ilə çıxış edib.)
Bu hadisələrin əsl günahkarları Cenevrə Konvensiyasını, ümumdünya insan haqları bəyannaməsini, vətəndaş və siyasi hüquqlar barədə sazişi, fövqəladə vəziyyət və hərbi münaqişə zamanı qadınların və uşaqların müdafiəsi bəyannaməsini həyasızcasına pozmuşlar. Bu qatillər sonralar Ermənistan Respublikasına rəhbərlik edən Kocaryanlar, Qukasyanlar, Sarkisyanlar, Balayanlar, onların köməkçiləridir… Onlar beynəlxaq məhkəmə qarşısında cavab verərək layiqli cəzalarını almayınca, işğal olunan ərazilərimiz azad olunmayınca nə həlak olanların ruhu bizi bağışlayacaq, nə də xalqımızın namusuna düşmüş ləkə təmizlənəcək..!
(…Ermənistan tərəfi israrla orada azərbaycanlı əsirlərin olmadığını desə də, indi erməni əsirlyində olan azərbaycanlıların sayı 800 nəfərdən artıqdır… Bu faktı oradan buraxılan əsirlər də təsdiq etmişdir. Qırmızı Xaç Cəmiyyətinin o vaxtkı nümayəndələri də əsirlərlə görüşərək, onlar haqqında qeydlər aparıb. Qarabağ müharibəsi dövründə əsir və girovlarla bağlı, əməliyyat-istintaq və axtarış qrupunda çox dəhşətli faktlar olub. Orada aparılan istintaq zamanı rast gəlinən faktları hər bir insanın yaşadığı illər ərzində yaddaşından çıxmayan və həyatında gördüyü ən dəhşətli anlar hesab etmək olar… Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Beynəlxalq İşçi Qrupunun üzvləri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi barədə məlumatları təsdiq edir. Lakin sözügedən vətəndaşlarımızın taleyi bu günədək bəlli deyil…)
Gəlin diqqəti “27 ildən sonra”da haqqında geniş bnəhs edilən Monte Melkonyana – Qarabağda törətmiş olduğu amansızlıqlarla hətta ermənilərin özlərini də heyrətdə buraxan terrorçuya yönəldək. “Avo” ləqəbli bu terrorçu erməni – ABŞ-nın Kaliforniya ştatında anadan olub. 24 sentyabr 1984-cü ildə Parisdə Türkiyə böyükelçiliyinə hücumu həyata keçirib. Bir neçə terror aktı törədib. 1983-cü ildə Parisdəki Orli Hava Limanında Türk Hava Yolları şirkəti qarşısında partlayış təşkil edib. Bu terror nəticəsində 5 nəfər həlak olub, 55 nəfər yaralanıb. 1985-ci ildə Melkonyan “ASALA” terror təşkilatı ilə birlikdə Fransa polisi tərəfindən həbs edilib. 15 partlayış faktı aşkar edilib. 1990-cı ildə Melkonyan Ermənistana gələrək terrorçuluq fəaliyyətini Dağlıq Qarabağda davam etdirib. Belə ki, ələ keçirilən azərbaycanlı əsir və girovları qətlə yetirib, başlarını kəsib, benzin tökərək diri-diri yandırıb. Avo Xocalı soyqırımında qa¬dınları, qocaları, uşaqları vəhşiliklə qətlə yetirib. Hətta, vaxtilə Qarabağda erməni se¬pa¬rat¬çılığına başçılıq edən Serj Sarkısyan və Robert Koçaryan da onunla hesablaşırmış…
CƏLALƏDDİN “27 ildən sonra”da qeyd edir ki, 1993-cü il iyunun 12-də 22 yaşlı Azərbaycan kəşfiyyatçısı İbad Hüseynov Xocavənd rayonunun ermənilər olan bölgəsində – Muğanlı kəndində terrorçu “Avo”nu öldürmüşdür.
CƏLALƏDDİNin bütün əsərləri ümidlə bitir, sabaha səsləyir.O, ən ağrılı,üzüntülü mövzudan yazanda da ağlaşma, matəm, bədbinlik havası yaratmır… əksinə böyük hərflərlə ÜMİD aşılayır..! – Bu isə indiki dövrdə bədii ədəbiyyatda da, gerçək həyatda da, bir Azərbaycanlıya lazım olan ən əsas DƏYƏRdir…
Dövlətimizin, yurdumuzun, ulusumuzun, dərdimizin və gələcəyimizin dəyərini bilək!