Ana səhifə TÜRK DÜNYASI Türk mətbuatı Tovuzdakı alman mədəniyyəti örnəkləri haqqında

Türk mətbuatı Tovuzdakı alman mədəniyyəti örnəkləri haqqında

Müəllif: Bizim Yazı
879 baxış

Tovuz AlmanlariTürkiyə mətbuatında XIX yüzildə Azərbaycana köçmüş almanların mədəniyyəti barədə yazı çapa hazırlanır.

Bu barədə virtualaz.org saytına həmin yazının müəllifi, Uluslararası Qaşqarlı Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist Cəlaləddin Qasımov bilgi verib.
C.Qasımovun sözlərinə görə, o, Göygöl, Tovuz, Şəmkir kimi rayonların ərazisində məskunlaşan və Yelenendorf, Annenfield, Traubenfield kimi yaşayış məskənləri salan almanlar haqda araşdırma aparıb: “Dünya tarixində iz qoyan alman xalqı ilə azərbaycanlılar arasında zaman-zaman möhkəm dostluq telləri mövcud olub. Bu dostluq xüsusilə XX yüzilin əvvəllərində özünü daha qabarıq büruzə verib. Bir yazıçı olaraq bu maraqlı mövzu mənim də nəzərimdən yayınmayıb və bu yaxında çap olunmuş “27 ildən sonra” kitabımda bu barədə geniş bəhs olunub. Həmin kitabda alman və Azərbaycan xalqlarının tarixindən, almanların Azərbaycana gəlişindən, yerli camaatla almanların dostluğundan ətraflı yazmışam, onların qarşılıqlı, yaxın əlaqələrini, necə ağıllı xalq olduqlarını göstərmişəm. Kitabımda 159-cu səhifədən başlayaraq bu barədə ətraflı bilgi verilir”.
Yazarın sözlərinə görə, o zamanlar almanlar Tovuzu öz dillərində Traubenfield adlandırırdılar: “Onların Tovuza gətirdiyi meyvə və üzüm ağacları bu gün də əhali arasında sevilir. Bizdə armudun bir növünə elə indi də “alman armudu” deyilir. Almanlar Tovuzda 8 küçə salmışdı. Onlar küçələri elə adlandırmışdılar ki, uzun illər keçsə belə, hətta sovet hakimiyyəti dövründə də bu adlar qalmışdı. Lenin, Karl Marks, Kəhriz küçələri son illərə qədər almanların adlandırdığı kimi çağırılırdı. Almanlar Tovuzda futbol məktəbi də yaratmışdı. Onların “Roto-fam” komandası ilə yerli komanda arasında yarışlar keçirilirdi. Hətta almanlar buradan köçəndən sonra Tovuz futbolu alman ənənələrinə uyğun inkişaf etmişdi, 50-ci illərdə komandamızın qələbələrinə görə klubu “Qafqaz Braziliyası” adlandırırdılar. Almanlar Tovuzda 30 metr dərinlikdə zirzəmisi olan şərab zavodu inşa etmişdilər. Onlar həmin zirzəminin torpağından dam örtüyü və kərpic istehsal edən zavod və evlər tikmişdilər. Azərbaycana ilk olaraq cins mal-qaranı almanlar gətirmişdilər. Sənaye üsulu ilə ilk yağ-pendir istehsalı zavodunu da almanlar Şəmkirdə tikmişdilər. Tovuzda Axınca çayı üzərində qurulmuş ilk SES də almanlarla bağlıdır. Simens qardaşlarının “KO” şirkəti Gədəbəy və Daşkəsəndə filiz hasilatı ilə məşğul idi. 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 32 km olan 33 vaqondan ibarət 4 lokomotivli dəmir yolu çəkmişdilər.
Həmin vaxtlarda tikilmiş Xanlar şərab zavodunun da adını Simens qardaşları qoymuşlar. 1914-cü ildə I dünya müharibəsi zamanı rus çarı II Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanları Sibirə sürgün etdi. Bu vaxt Gəncə quberniyasında yaşayan almanların da köçürülməsi gündəmdə idi. Rəfibəyov qardaşları, Paşa Qasımov Qafqaz canişininin yanına gedib, almanlara zamin duraraq onların köçürülməsini dayandırıblar. Onu da qeyd edim ki, Paşa Qasımov mənim babamın qardaşıdır. Almanlar Xanlar rayonundan sürgün ediləndən sonra ermənilər alman evlərinə yerləşdirildilər. Eləcə də Şəmkir, Tovuz rayonlarında almanların evlərinə ermənilərin yerləşdirilməsi faktdır.
1941-ci ildə almanlar Azərbaycandan sürgün ediliblər. Hələ o dövrdə erməni milyonçularının Azərbaycanda yeritdiyi terror və soyqırımı siyasətindən almanlar da əziyyət çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək ermənilərin “ Daşnaksütyun” terror partiyası Yelenendorf (Xanlar ) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. Onlar o zamankı şərab istehsalçıları olan Forer və Qurr adlı almanlardan 30 min rubl pul tələb etmişdilər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib. Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına “antisovet” damğası vuraraq bildirmişdilər ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyinə almanlar böyük təntənə ilə dəstək verərək Azərbaycana gəlmələrinin 100 illiyini qeyd ediblər. Ermənilər Azərbaycana həmrəy olan almanları güllələyiblər. Beləliklə, almanlar ermənilərdən çox acılı günlər görüb”.
C.Qasımov bildirir ki, 1941-ci ildə rayonun hörmətli sakinlərindən biri olan Paşa Qasımovun evində də yoxlama keçirilib: “Evdən alman kitabları tapıldığına görə onu həbs ediblər. Paşa Qasımov vaxtilə Qori seminariyasının Gəncədəki tatar məktəbində oxumuşdu. Sonradan Azərbaycanın vəzifəli şəxsləri olmuş Həmid Sultanov, Musa Şəmşəddinski Paşanın tələbə yoldaşları olublar. Gəncə milisi Qara Camala Paşanı azad etməyi tapşırır. Sonra Qasımovun evindən götürülmüş kitabları tərcümə etdirirlər, məlum olur ki, bu kitabda dərmanların hazırlanması, xəstəliklərin müalicəsi, tibbə aid çox şey yazılıb. Kitab vasitəsilə dərman hazırlayıb cəbhə bölgələrinə yollayırlar. Bu dərmanlar çox faydalı olduğu üçün Paşanı azad edərək ona pul mükafatı da veriblər. Eyni zamanda Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonları birləşmiş olduğu vaxtlarda onu rayon İcraiyyə Komitəsinin sədri təyin etmişdilər. “27 ildən sonra” kitabının 163 və 164-cü səhifələrdə 1937 -ci ildə çəkilmiş şəkillərdə Paşa almanlarla birlikdədir.
1953-cü ildə babamın dostu Şoler Tovuza gəlir, Paşanın qonağı olur. O, Qazaxıstanda olduğunu bildirərək “Tovuzdakı xoş günlərinə çata bilməz” deyir, həyatından danışır. O, Tovuzdakı kəhrizi inşa etdirmişdi. Babamla ora gedir, kəhrizin üstündə oturaraq ağlayır. Atam Qasımov Qəzənfəri 1940-cı ildə bağçaya Şoler qoymuşdu. Həmin ildə o, rus məktəbinə yerləşdirilmişdi. Şoler bir həftədən sonra Qazaxıstana gedir. Babam Paşa kişi deyir: “Bundan sonra rahat ölə bilərəm. Əmanəti sahibinə çatdırdım”. Atam deyir ki, Şoler və onun iki qızı həkim idi. Həmin kitablar da qızlarının idi. Almanları 1941-ci ildə sürgün edərkən o, qızıllarını, qiymətli əşyalarını etibarlı dostu Paşa Qasımova saxlamağa vermişdi. O, 1953-cü ildə qızıllarını alır. Kitablarının müsadirə edildiyini eşidəndə babama deyibmiş ki, kaş bütün var-dövlətimi, qızıllarımı müsadirə edəydilər, kitablarımı yox. Babam isə Şolerə bildiribmiş ki, mənsə sevinirdim ki, sovet hökuməti nə yaxşı qızılları tapmadı, kitabları tapdı.
Bu kitabda – “27 ildən sonra”da Qarabağ müharibəsindən, Xocalı soyqırımından, erməni vəhşiliyindən də yazılıb. Həmçinin burada alman vətəndaşı Markın qəhrəmanlığı, verdiyi obyektiv qərarlar bir daha alman xalqının humanist, ağıllı olduğunu göstərir. Bu kitabı oxuyanların çoxu mənimlə əlaqə saxlayaraq alman-Azərbaycan tarixi və dostluğundan çox şey öyrəndiklərini söyləyiblər. O dövrdə alman ailələri qız verib, qız almaqla azərbaycanlılarla qohum olurdular. Tovuzda indi də belə ailələr var”.

Qaynaq: Virtualaz.org

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.