MƏMMƏD İLQAR
***
Sən adilsən, ilahi,
Sən yaratdın, sən qoru.
Mənim balalarımı
Bəndələrindən qoru.
Müdam fikrində saxla,
Adam şəklində saxla.
Arvad məkrindən saxla
Şeytan şərindən qoru.
Yol alar – yol aç neylək..?
Əl açar – əlac eylə…
Bir-birinə tac eylə,-
Biri-birindən qoru.
***
Başınız ərşə dəysin,
Dağ olun, aatamanam.
Həmişə gözü-könlü
Tox olun, aatamanam.
Elnən, ulusnan olun,
Bir canda yüz can olun.
Göydə ulduzcan olun –
Çox olun, aatamanam.
Duman dağlıqnan olur,
Sevgi saflıqnan olur.
Hər iş sağlıqnan olur –
Sağ olun, aatamanam.