Dekabrın 27-də “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində yazar Təranə Vahidin “Cənnətdən yuxarı…” kitabının təqdimatını keçirib.
Tədbiri ictimai birliyin sədri, tanınmış telejurnalist Solmaz Əmirli açaraq Təranə Vahidin yaradıcılığından danışıb, “Cənnətdən yuxarı…” kitabında müəllifin özünəməxsus üslubda qələmə aldığı maraqlı hekayələrin, esselərin və miniatür duyğuların yer aldığını diqqətə çatdırıb.
Millət vəkili Qənirə Paşayeva, Xalq artisti Həmidə Ömərova, yazıçı-dramaturq Əli Əmirli, teatrşünas Aydın Talıbzadə, professor Şahlar Əsgərov, Müdafiə Nazirliyi Məhkəmə Tibb Ekspertiza Mərkəzinin həkim-eksperti Səfərbəy Səfərbəyov, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, yazıçı Mənzər Nigarlı çıxış edərək “sözü yerdə yox, göydən axtaranlar və cənnətdən yuxarıda yaşayanlar üçün” yazılan kitabdan böyük zövq aldıqlarını bildiriblər. Nəşrə ön söz yazan Əli Əmirli və teatrşünas Aydın Talıbzadə kitabdan nümunələr oxuyaraq görüşə xüsusi rəng qatıblar.
Tədbirdə “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin təsis etdiyi “İlin ən yaxşı debütü” nominasiyası üzrə mükafat “Cənnətdən yuxarı…” kitabına görə Təranə Vahidə təqdim edilib.
Sonda çıxış edən Təranə Vahid ziyalıların çox sevdiyi bir ünvanda kitabının təqdimatını yüksək səviyydə keçirdiklərinə görə Solmaz Əmirliyə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xatırladaq ki, “Cənnətdən yuxarı…” kitabı Azərbaycan Yazıçılar Birliyi və “525-ci qəzet”in birgə layihəsi əsasında çap olunub. Kitabın ilk təqdimatı dekabrın 23-də Yazıçılar Birliyinin Natəvan klubunda keçirilib.