Ana səhifə TÜRK DÜNYASI UĞURLU YOLUN TARİXLƏŞƏN HEKAYƏTLƏRİ…

UĞURLU YOLUN TARİXLƏŞƏN HEKAYƏTLƏRİ…

Müəllif: Bizim Yazı
888 baxış

prof.dr. VİDADİ XƏLİLOV,
Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycan Respublikasının əməkdar müəllimi

«Yaxşı yol!» deyimini eTurk Dunyasi kitabişitdiyim vaxtdan bu hikmətin ülviliyini duymuşam. Yer üzünün əşrəfi, incisi sayılan və müxtəlif qəbildən olan insanların ömür yolları haqqında düşünmüşəm. «Yolun açıq olsun!», «Yolun işıqlı olsun», «Yolun üzünə gülsün!» deyimlərinin təsiri də həmişə qəlbimi riqqətə gətirib.
Qənirə xanım Paşayevanın ömür yolları da beləcə alxışlarla zinətlənib. O yollar ki, qədirbilən xalqlarımızın mədəniyyətinə, mənəvi zənginliyinə istiqamətlənib. Əsas mətləbə keçməmişdən əvvəl həmin sözləri deməyi də mənəvi borc bildim. Sözümün-söhbətinin əsas qayəsi isə vətənimizdə və dünyanın bir sıra ölkələrində yaxşı tanınan ictimai xadim, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə xanım Paşayevanın bu günlərdə işıq üzü görən möhtəşəm bir əsəri ilə bağlıdır. «Elm və təhsil» nəşəriyyatı tərəfindən nəfis şəkildə çap olunan «Qənirə Paşayeva ilə addım-addım TÜRK Dünyası» kitabı (I sild, Bakı, 2013, 360 səh), funda-mentallığı, orijinallığı, məna tutumu ilə diqqəti cəlb edir. Elə ilk andan hiss edirsən ki, müəllif və redaktorlar – Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, dizayner İ.Nizamioğlu tarixilik və müasirliyin vəhdətdə prinsipini əsas götürmüş, Böyük Türk Dünyasının əzəmətli tarixini, ülviliklərlə zəngin olan həyatını diqqətə çatdıra bilən zəngin bir əsər meydana çıxarmışlar. Qardaş Türkiyənin bir sıra bölgələri, o cümlədən Bayburt, İsparta, Karabük, İznik, Amasya və Bursa şəhərlərinin tarixi gəliş¬mə¬ləri, mədəniyyət özəllikləri bu mötəbər mənbədə möhtəşəmliyi ilə nəzərə çatdırılır.
Şərh üslubu, elmiliyi, tarixi faktların zənginliyi və bunların bir-biri ilə üzvi şəkildə əlaqələndirilməsi müəllifin-Qənirə xanımın çox böyük peşəkarlığını, problemə bələdçilik səviyyəsini göstərir.
Müəllifin «Gəl, dosta gedəlim, könül» adlandırdığı, ön sözü də həyəcansız oxumaq mümkün deyil. Daha aydın olmaq üçün ön sözün ön cümləsinə diqqət edək:
«Oxuduğum, oxuyub da fərqinə vardığım zamanından bəri heç yadımdan çıxmadı bu gözəlim fikrin kos-kosa həqiqəti: «Tarix elmdir, özü də həqi¬qət¬lərdən ibarət bir elm…»
Bax budur publisistikanın elmə söykənən həqiqəti. Bax budur elmiliklə, tarixiliyin ülviyyət yarada bilən vəhdəti.
Mən bir oxucu kimi bir anlığa həmin fikrin ülviyyəti, təsiri ilə xəyala daldım, xeyli duşündum. Ardını oxudum:
«Bu bircə cümlədə zamanın, əbədiyyatın ən böyük hökmü şəkillənib… Burası yüzdə-yüz belədi. Ancaq son qərar da deyil! Hər kəsin öz münasibət ayrıntısı da olmamış deyil, şəxsən mənim üçün tarix həm də şərəfdi.
Bu şərəf Türk kimliyinin boyuna biçilib. Xəncələ gümüş kimi yaraşır. Türk dünyasının qədim-qayım ərdəmliyinə…
«Tarixin şərəfi-şərəfin tarixi…» Fərq etməz, hər iki anlamda Türk dünyasının kudsal varlığı bu dəyərlərin müstəvisini çevrələməkdədi».
Necə gözəl deyimdi İlahi. Nə qədər doğmalıq, səmimilik var bu deyimdə. Sanki sözün də canı var! Adama elə gəlir ki, o sözlər bir andaca canlanacaq, səninlə üz-üzə düracaq və deyəcək:
– Bəs necə? Mənim sahibimi Qadir Allah günün – saatın xoş vaxtında, xoş məqamında yaradıb. Onun dərin vətənbərvərlik hissi ilə döyünən ürək-qəlb hərarətini təsvir etməyə sözmü çatar?!…
«Qənirə Paşayeva ilə addım – addım Türk dünyası» kitabının hər səhifəsi bax beləcə oxucunu sehirləyən sözlərlə, məna çalarları ilə zəngindir. Sözümün bu yerində I cildin mündəricatına diqqət yetirsək yerinə düşər: «Gəl, dosta, gedəlim, könül», «Burada ikinci zaman», «Anadolunun ilk Türk paytaxtı – əzəmətli İznik», «Bayburt», «Amasya-şahzadələr şəhəri», «Karabük», «İsparta».
Bəri başdan deyək ki, həmin bölmələrin hər biri çox böyük məhəbbətlə, səmimiyyətlə işlənib Qardaş Türkiyəyə, onun ayrı-ayrı bölgələrinə, şəhərlərinə səfərlərin təəssüratı, yaddaşda yaşar xatirələr məharətlə kağıza köçürülüb.
Bir qələm əhli kimi bu səpgidə yazıların heç də asan olmadığını yaxşı bilirəm. Elə buradaca qeyd edim ki, ayrı-ayrı ölkələrdə, şəhərlərdə olmaq, müvafiq yerlərə, obyektlərə baxmaq hələ görmək deyil. Görmək ona deyərəm, gördüyünü duyasan, dərk edəsən, biləsən…
Bax bu mənada da Qənirə xanımın deyimlərinə, yazılarına həsəd aparmaq olar. Mühüm dövlət əhəmiyyətli tədbirlərlə əlaqədar qardaş Türkiyəyə səfərləri, ağır-ağayana, addım-addım irəliləyişi onu bir millət iki dövlətin zirvə səmasına uсaldıb.
Quruluşuna, dizayn tərtibatına görə ilk baxımdan oxucunu sehirləyən kitabda Türkiyənin ayrı-ayrı bölgələri, şəhərləri, oraların tarixi yerləri, gözəl guşələri rəngli (təbii) foto şəkillərin, lövhələrin imkanları ilə nəzərə çatdırılır. Bu, oxunaqlığı daha da artırır. Fikrimizcə, indiyə qədər əzəmətli, heyranedici Türk dünyası haqqında müvafiq məlumatı olmayan bir kəs bu kitabı oxuduqdan sonra ən zəruri bilgilərə yiyələnər. Türk dünyasının təməli sayılan Osmanlı dövlətinin qurucusu Ərtuğrul Qazıdən başlayaraq görkəmli xaqanların, sultanların, şairlərin, şeyx uləmıların həyat və fəaliyyətləri haqqında tarixi məlumatlar, heyrət doğuran epizodlar elmilik, tarixlik və bədiiliyin qaynağında ustalıqla, hiss-həyəcan doğuran bir tərzdə nəzərə çatdırılır.
Kitabın ayrı-ayrı bölmələrində öz əksini tapan yarımbaşlıqlar da oxucunu özünə çəkir, sehirləyir. «İznik: getdim, gördüm, vuruldum…», «Əfsanələr şəhəri», «İzləri yaşadan İznik…», «Ünlü təsüvvüfçülər yurdu», «Qalalı, bürclü, türbəli İznik», «Dost əli gəl-gəl eylər…», «Gül qoydum gül daşına», «Tarix də bənzərdi dağımız kimi», «Məndə bir qovaq ürpərir…», «Gün çıxar, gün batar Bayburt boyunca», «Atlanıb gəldim sizə…», «Evləri var xana-xana», «Başdan başlayıram mən bu nağılı» və digər yarımbaşlıqlar üzrə verilən şərhləri, deyimləri həyəcansız oxumaq olmur. Nə qədər təbiilik, istiqanlılıq var o sözlərdə, o deyimlərdə. Mübaligəsiz demək olar ki, «Qənirə Paşayeva ilə addım-addım Türk dünyası» kitabı ensiklopedik bilik mənbəyi və problem dairəsində tədris vəsaiti kimi türkçülüyün əsas mahiyyəti haqqında doğru, düzgün istiqamət verən toplumdur. Daha dəqiq desək, tarixi həqiqətlərə söykənən, tarixləşən hekayətlərdir.
Nə yaxşı ki, elimizə, obamıza, bütövlükdə Türk dünyasına məhəbbətlə yanaşan, daima axtarışda olan Qənirə xanım kimi ziyalılarımız, yazarlarımız var. O Qənirə xanım ki, tələskənliyi sevməz, mənəm-mənəm deməz. O mənəmlik onun xalqımızın nəfinə, xoşbəxt gələcəyinə istiqamətlənin işində, əməllərində görünər. Addım-addım irəliləyər zirvəyə çatana qədər. Qadir Allah bundan sonra da zəkanı, yolunu işıqlandırsın! Əlinə, dilinə sağlıq, Qənirə xanım! İkinci cildin təqdimatında görüşənədək!..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.