Türkiyənin “Yapı Kredi” bankının nəşriyyatı ünlü yazar Səməd Ağaoğlunun “İlk köşə” və “Həyat bir macəradır” adlı kitablarını çapdan çıxarıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, S.Ağaoğlunun bütün əsərlərinin çap səlahiyyəti Türkiyənin ən böyük nəşriyyatı sayılan “Yapı Kredi” bankının nəşriyyatındadır.
Azərbaycanın böyük filosofu, mühərriri, siyasətçisi və dövlət adamı Əhməd Ağaoğlunun oğlu Səməd 1909-cu ildə Bakıda anadan olub. İlk və orta təhsilini İstanbulda, lisey təhsilini Ankarada alıb. 1931-ci ildə Ankara Universitetinin hüquq fakültəsini bitirib. 1888-ci ildə atası Əhməd bəyin Şuşadan oxumağa getdiyi Fransanın Sorbon Universitetində hüquq doktoru təhsili almağa gedib. 16 ay Sorbonda qaldıqdan sonra təhsilini tamamlamadan geri qayıdıb. Bir müddət dövlət işində çalışdıqdan sonra 1946-cı ildə Demokrat Partiyasının qurulmasında yaxından iştirak edib. 1982-ci ildə İstanbulda vəfat edən Səməd Ağaoğlunun məzarı Fəriköy səmtindəki qəbristanlıqda Ağaoğlu ailəsi üzvlərinin dəfn edildiyi bölümdədir.