Ana səhifə BAŞ YAZI Bir kağız, bir qələm…

Bir kağız, bir qələm…

Müəllif: Bizim Yazı
668 baxış

Səbinə DƏNİZ. Hərdən olur…

Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan…
Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur.
Sənin də yaxandan yapışıb, qəm dünyasına sürükləyir.
Hərdən olur, qışqırsan belə, ən yaxınındakına ünün yetmir.
Hərdən də olur, səssizliyinlə içindəkiləri bildirə bilirsən.
Sənin səssizliyin bəzən yatmış duyğuları oyada bilir.
Sənin səssizliyn içindəki məni ayağa qaldırır.
Hərdən olur, heç kim köməyinə yetmir.
Həyat bəzən o qədər insafsız olur, hətta ən kiçik bir boşluğunda səni divara sıxmaqdan çəkinmir.
Hiss etdirmədən ən zəif anında öz zərbələrini endirə bilir.
Hərdən olur, gözlərin soyuq bir pəncərə şüşəsinə zillənir, ürəyin isə ümidlərinin dalınca qaçmaq istəyir. Ağlının dediyini qəlbin təkrarlamır.
Hərdən olur, özünə yer tapa bilmirsən, oyuncağını itirmiş uşaqlar kimi gözüyaşlı axtarırsan… Tapmayacağını bilə-bilə axtarırsan…
Ehtiyacının qolları o qədər qüvvətli olur ki, səni özünə sıxır, sındırmağa, əyməyə, əyilməyə məcbur edir… Hərdən olur ki, pəncərəni döyəcləyən yağış damlaları göz yaşlarını qəlbinə axıda bilir, qəlb ritmlərinə hakim kəsilir…
Hərdən olur, taleyinlə barışırsan, dünənində, ən şirin anlarında ilişib qalırsan…
Hərdən olur, bir anın içindəcə möcüzənin baş verməsini gözləyirsən, içindən
nağıllara inanmaq gəlir… Daha addım ata bilməmək, nəfəs almaq istəmədiyin anlar da olur.
Yanı başından axıb gedən, amma sənə heç toxunmayan həyatı seyr edirsən yavaşca…
Sənə heç toxunub-dəymir həyat. Əllərindən tutub səni içinə çəkmir, çəkə bilmir…
Hərdən olur, yoruldum deyirsən…
Həyatın əllərini yavaşca buraxırsan.
Ürəyində ona qarşı bir hayqırtı olur, ona səslənərək sanki bütün gücünlə qışqıraraq demək istəyirsən:
-Öz oyunlarına davam et..!
Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış…
Aldanmayacam yalançı gözəlliklərinə!
Aldanmayacam yavaş-yavaş içimə işləyən, alışdığım qoxuna…

Hərdən olur, içində olanları tökmək üçün bir kağız, bir qələm, bir də fürsət gəzirsən…

Hərdən də olur, sadəcə, gözlərini yumub bütün bunları beynində düşünmək istəyirsən…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.