Ana səhifə BAŞ YAZI “Yalanla gerçəyin sərhəddində”

“Yalanla gerçəyin sərhəddində”

Müəllif: Bizim Yazı
802 baxış

İTV-nin rejissoru, şair-publisist Əli ASLANOĞLUnun yeni kitabı işıq üzü görüb. “Yalanla gerçəyin sərhəddində”
adlanan kitabda yazıçının son illərdə qələmə aldığı öykü, novella və esselər toplanıb.
Mövzu rəngarəngliyi və müəllifin orijinal ideya-estetik baxış bucağı ilə fərqlənən bu əsərlərin əsas qayəsini insan-toplum  münasibətləri, çağdaş həyat həqiqətləri çərçivəsində kristallaşan mənəvi-əxlaqi dəyərlər və insan psixologiyası təşkil edir.

Baxaq, görək, yazar öz kitabını həncəri anladır? –

Bəzi yazıçı dostlarım, qələmdaşlarım məni qınayırlar ki, a kişi, istedadlı şairsən, yaxşı qəzəllər yazırsan, xanəndələr oxuyub xalqı feyziyab edir, bu nəsrdə nə tapmısan ki, qızıl kimi vaxtını ona sərf eliyirsən. Şeirə, qəzələ baxma, uzun-uzadı yazını daha oxuyan yoxdu. Başa düşürəm ki, onlar bunu məni istədiklərindən deyirlər və bir yana baxanda düz də deyirlər. Ancaq…
Ancaq neynəmək olar, Yaradan hər yaratdığına bir cür tale yazdığı kimi, bir cür də xasiyyət verib. Mənə də belə bir axmaq həssaslıq düşüb və canımı ondan hec vəchlə qurtara bilmirəm. Yanımda baş verən, hətta qulağıma gəlib çatan hadisələrə biganə qala bilmirəm. Üstündə yağım daşsa da gərək hər görüb-eşitdiyim olayda bir səbəb-nəticə əlaqəsi axtarıb tapam. Bu, xəstəlikdi, ya nədi, deyə bilmərəm, hər halda bədbəxtliyin növlərindən biridi. İndiki zamanda xoşbəxt o kəsdir ki, görmək istəmədiyini görmür, eşitmək istəmədiyini də bu qulağından alıb çox asanlıqla o biri qulağından ötürür özündən kənara. Nə isə…, mətləbdən uzaqlaşmayaq.
Oxuculara bu kitabda təqdim etdiyim yazıların hec də hamısı öz təxəyyülümün məhsulu deyildir, ətrafımda baş verən gerçək hadisələrin təsviridir. Doğrudur, onların müəyyən hissəsi müəyyən dərəcədə bədiiləşdirilib, çünki quru və monoton yazı oxunmur. Onu da deyim ki, burada hətta uydurma olan yazıların da bir ucu real gerçəkliyə söykənir.
Məni yazmağa vadar eliyən odur ki, baş verən hadisələrin bir çoxunun geniş təhlilə ehtiyacı var və burada təkcə yazıçının düşüncəsi bir çox məsələləri çözməyə kifayət etmir. İnsan-cəmiyyət münasibətləri olduqca mürəkkəbdir və ona görə də belə məsələlərdə geniş oxucu auditoriyası daha düzgün nəticə əldə edə bilər. Mən o şeyləri qələmə alıb başağrısı da olsa oxucularıma təqdim edirəm ki, qaldırılan problemləri çözməkdə mənə yardımçı olsunlar. Çünki birlikdə düşünüb-daşınmasaq, zəmanə bizi uçuruma daşıya bilər.
İndi elə bir zəmanədə yaşayırıq ki, yalanla gerçəyin sərhəddi bir-birinə qarışıb və bu plazmatik mövqedən baş çıxarmaq o qədər də asan deyil. Bu nöqtədə dayanıb qalmaq da pisdi, hesabatsız addım atmaq da.
Gəlin birlikdə axtaraq gerçəkliyə, doğru həqiqətə və ədalətə aparan yolu!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.