Ana səhifə YAZILAR İradə AYTEL

İradə AYTEL

Müəllif: Bizim Yazı
959 baxış

QÜRBƏTDƏ VƏTƏNİM – MƏMMƏD İSMAYIL

Kiminsə yadında qalan bənddəyəm,
Hələ söz Vətəndə, mən qürbətdəyəm!
Məmməd İsmayıl

Hardan başlanır Vətən?!
Vətən bir körpənin beşiyindən (M.İ) başlayır bəlkə… Lakin harda bütövləşir, harda ucalır, harda qocalır – soruşsaq, bunun da yozumu elə bir bulaqdan başlayıb da qovuşa-qovuşa, yovuşa-yovuşa dənizlərə üz tutan su inadı ilə yol getməkdir…
…Məmməd İsmayıl adı çəkiləndə mən həmişə ilk olaraq Vətənimi – qürbətdəki Vətənimi xatırlamışam. O xatırlama gözlərimin önündə sovetlər dönəmində Vətən yanğısıyla inləyən M.Ə.Rəsulzadəni, Hüseyn Cavidi, Dr-A.Baycanı… canlandırsa da, təssüf ki, bu günün gerçkliyi qürbətdəki vətənlərimizin olmasından acı-acı xəbər verir – Müstəqil və Demokratik Azərbaycanın bu gününün….bir gerçəkliyi də budur!
Məmməd İsmayıl da – qürbətdə Vətən olan, Vətənindən gen olan vətənlərdəndir!
Ədəbiyyatda ədəbi nəsil deyilən bir məfhum var: altmışıncılar, yetmişincilər, səksənincilər… Məncə bu nəsillər arasında ən çox uğur qazananlar elə altmışıncılardır. Məmməd İsmayıl da altmışıncı illərdə ədəbiyyata gəlsə də (“Sən yaş olaraq altmışıncı illərdə ədəbiyyata gələnsən. Ancaq sən onların içində təksən! Çünki ədəbiyyata axınla, tənqidçi, ata-ana, əmi-dayı dəstəyiylə kitabdan gəlməmisən… Koroğlu kimi köksündə saz, yalınqılınc ilham atında gəlmisən!” Akif Səməd) onun yaradıcılıq məhsulları bu gün də gündəmdədir. “Bir adam yol gedir bizdən qabaqda”, “Hələ yaşamağa dəyər”, “Mən şair deyiləm”, “Şeytan”, “Bir də keçməyəcək ələ bu anlar”, “Ağacdələn, döy qapımı”, “Kimi aldadırsan, ay zalım oğlu”, “Qoymayın dünyanı adiləşməyə”, kitabları o illərdən üzü bu yana elə mətin addımlarla irəlilədi ki, bu gün “Yoxun varlığı” şeirlər toplusunda zirvəni fəth elədi!
Məmməd İsmayılı şeirlərindən tanısam da ilk görüşümüz şairin filologiya elmləri doktoru Nəsir Əhmədli haqqında “Ziyalı” verilişinə verdiyi müsahibə zamanı baş tutdu. Onun səmimiyyətinə, mədəniyyətinə, yaşından çox gənc görünən qamətinə heyran qalmışdım. Sonra isə Məmməd İsmayılın 70 illik yubiley mərasiminə onu yenidən görmək ümidilə yollandım. Orada Azərbaycan ədəbiyyatının azman yazarları – R.Rövşən, M.Yaqub, S.Rüstəmxanlı… çox təəssüflə “O, bu zəmanədən söz götürmədi, başını götürüb getdi” (M.İ) misraları altında fikirlərini bildirsələr də, mənim içimdən başqa bir pıçıltı yüksəlirdi: “Tutmağa bir yeri yoxdu, ürəyini tutub getdi” (M.İsmayılın Y.Kuznetsovun xatirəsinə yazdığı şeirdən) və gizlincə öz-özümdən: “O yerlər dirimə sahib durmadı, gəlib ölüməmi yiyə duracaq?…” (M.İ)… sualının cavabını soruşurdum.

***

…Kösöv misralarım dilimdə qürbət,
İçərim də qürbət, çölüm də qürbət.
(M.İ.)

…Hər bir yaradıcı insanın yaradıcılığının onurğa sütunu olur. Məmməd İsmayıl yaradıcılığının onurğa sütunu Vətən sevgisindən Vətən həsrətinə qədər uzanır. Amma yaşının irəlilədiyindəndir, ya nədənsə son zamanlar Ölüm gəzişmələri də şeirlərinə yol tapıb. Əslində Ölüm (!) bu ahıllaşan, aqilləşən, uşaqlığı nağıllaşan bir insanın iztirablarından doğulmur, bu, yaşından asılı olmayaraq qürbətdə qərib olanların sinəsindən qopan ahdan rişələnən bir qavramdır. Bu, “Sarı saman çöpü kimi canını dişinə tutub” (M.İ) da yaşayan bir adamın Ölümlə söhbətindən yaranır:
Ürəyin Vətəndə,
Bədənin qürbətdə…
Qürbətin qərib yeri,
Bir edamlıq ip yeri…
Qədərdi bu, qədərdi,
Bir göz yaşı qədərdi
Ölüm!
(M.İ.)

Və yaxud:
Səni böyüdür, səndə böyüyür,
Ölüm sonuncu duracaqdı…
(M.İ.)

– Və beləcə qibləgahı bildiyi son duracağına – Ölümə tapındığı bir zamanda yenə də unudulduğu Siz əsla unudulmadınız, Məmməd İsmayıl! (İradə A.), ögey övlad olduğu yerdə Vətən çatır harayına-
Sən ey doğma Vətənin ögey övladı, Məmməd…
…Nə yaxşı ki Vətən var yaddan çıxdığın yerdə…(M.İ.)
– Və “Qara yaylığını borc ver gözümə basım, ay bulud!” – pıçıltısıyla
p align=”center”>Qazanlar qaynayır qapağın altda,
İgidlər çürüyür papağın altda,
Hayanda biz səni axtarıb gəzək
Məyər yer qəhətdi Allahın altda?!
Sən indi hardasan, Məmməd İsmayıl! –
(M.İ.)- deyə haray qoparanlara “Bir ilham misra gəzər qoynunda dincəlməyə…” söyləyir. Bəli, Məmməd İsmayıl nə qədər uzaqlarda olsa da, biz onu misralarının qoynunda dincələn ilhamında, dünyaya sülh, insanlara birlik, hürlük arzularında tapacağız…
Bağça uşaqlarının birliyi
Yaşıl işıq yandırır,
Maşınları dayandırır.
Bəlkə ordular da dayanar
Bu birliyin önündə…
(M.İ.)
Bir anlıq balaca mələkləri – körpələri müharibələr törədən, qırğınlar edən böyüklərin qabağında gördüm, birlikdə, əl-ələ. İnandım, inandım ki, belə bir birlik qan-qadaya son qoyar, dünyanı xilas edər. Gördüm ki, “Hardasa ümid yeri var” (M.İ.)…

***
…Ana müqəddəsliyi, qız-gəlin ismətinə verilən dəyər Məmməd İsmayıl yaradıcılığında çox yüksək yerdədir. Məmməd İsmayılın atası Böyük Vətən Müharıbəsinə yollananda “Gözəlliyin gəlini” – anası Gülzar xanımın çox gənc çağları olub. O, oğlu Məmmədi qınından sıyırıb (“Analar qınından sıyırıb bizi, qoymuşdu nəfsiylə öz arasında” M.İ.) nəfsiylə öz arasına qoyaraq, “Şenlədə-şenlədə ər ocağını, namus ocağına” (M.İ.) dönmüşdü.
…Və… şair anasını çiyinlərində məzara aparanda
Ana, ağır olan cənazən deyil,
Analıq haqqındır çiyinlərimdə…
– deyə inildədi, –
Nə deyim həyatın qanunlarına,
Gör niyə fəryadlar qoparıram mən.
Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram mən… –
(M.İ.)
– harayı çəkdi… Bu misralar fikir yükü və haqdangəlmişliyi sonralar bir çox şairi, həm də M.İsmayıldan daha yaşlılları da təkrara zorladı…

***
…Məmməd İsmayılın söz çələngini toplasaq o çələngdə (al rəngi ilə seçilən qızılgüllər kimi) hikmət çiçəklərinin – aforizmlərin necə məntiqi düzüldüyünü görəcək, o məntiqə heyret edəcəyik: “Millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə millət olur”, “Var olmaqla deyil, gərək varis də olsun”,”Hələ yaşamağa dəyər”,”Özü öz suyundan içirmi bulaq, barından nə qalır bar ağacına”,“Bu cığırın bir ucu uzanıb ya ölümə, ya da Allaha çıxar”, İtən gəncliyimdir ağrıyan dişim, diş düşər, yerindən qocalıq çıxar”, “Dünyanın əvvəli söz, sonu da söz olacaq”, “Şairləri susmayan bir Vətən basılmayıb!”, “Biz qürbətə düşəli Tanrı da qürbətdədir”, “Sevmək yenidən doğulmaqdı”, “Ölüm bir addım öndədir, insanlar arxada gedir”, “Hər insan öz taleyinə kölədi…”, “Bir zaman canını verdiyi torpaq gör necə çürüdür o yarpaqları”, “Sən mənim yadımda qalan deyildin, saralan yarpaqlar budaqda qalmaz”,“Yağışın yağacağına inanan torpaq kimi arxayın(san)”, “Ölüb məzarımı üstümə çəkim, qürbətin qapısı açıq qalmasın!”, “Halal yaşamaq üçün təkcə yuxusuna haram qatardı”, “Şeirin yaşı yox, yaşın şeiri var” və s.
Bu aforizmlər sadəcə Məmməd İsmayılın kitab səhifələrinə səpilib qalmamış, axtarsanız internet saytlarında (xüsusilə Türkiyə internet saytlarında) bu aforizmləri Məhəmməd peyğəmbərin, Həzrət Əlinin və digər hikmət sahiblərinin fikirləri ilə eyni sırada oxuya bilərsiniz. Və Məmməd İsmayılı bu aforizmlər bütün türk ellərinə biletsiz gəmidə aparır:
İçində biletsiz sərnişin təki,
Mənim düşüncəmi daşıyır gəmi…
(M.İ.)
…Məmməd İsmayılın sevgi şeirləri də özü kimi qəriblik libası geyinib. Amma bu qəriblik qürbət qəribliyi deyil, məhz sevginin qəribliyindəndir. Sevgi nə zaman qərib olur; qarşılıqsız olanda, arada Çin səddi kimi yaş həddi, ayrılıq çəpəri və.s olanda…
Yerini dəyişir çox şey dünyada,
Vaxt qəmin başını qatanda gəlim.
Ya sənin yaşına qayıdım, ya da
Sən mənim yaşıma çatanda gəlim.
(M.İ.)

Və yaxud:
Vədə ver yenidən gəlim görüşək,
Otuz il əvvələ qayıt, nə olur.
Qərib yuxulara dalıb bu ürək,
Qəfil gəlişinlə ayılt, nə olur…

Sonrakı bənddə isə:
Sən məndən betərsən, mən səndən betər,
Gəl daha bu başı batmışını sev.
İyirmi yaşımı sevmədin yetər,
Gəlim, üzə duran altmışımı sev (M.İ.)

– söyləyir şair. Burada “Otuz il əvvələ qayıt, nə olur” iniltisiylə “İyirmi yaşımı sevmədin yetər, gəlim, üzə duran altmışımı sev” – deyir. Düşündürücüdür: altmışda şair otuz il əvvəli istəyirsə deməli, otuz yaşa qayıtmaq istəyir, amma “İyirmi yaşımı sevmədin” də var. Bir az dolaşıq fikir olsa da, yozumu budur: şairin otuz yaşı iyirmi-qırx vusalındadır…

***
…Tovuzun Əsrik dərəsindən boy verdi Məmməd İsmayıl. “Atalar hər kənddən deyib bir dəli, Əsrikdən əlinə kim keçsə gətir” deyilən dəliqanlı bir yurdun oğludur, əsriklidir Məmməd İsmayıl. O, öylə boy verdi ki, boyu böyük Türkiyədə məskən salaraq ta Türk ellərinə qədər ucaldı. Və –

– Dən gəzirsən saçlarımın dənində,
Atamoğlu, az qapını döy görüm!-
(M.İ.)
– misrasıyla illərdir insan hənirinə həsrət qalmış qapılarını döyəcləyən ağacdələnə üz tutdu, qürbət sokaklarında taxta qapıdan başlayan ovxam vaxtına acıdı (“Yavaş-yavaş çürümədə, taxta bax, o taxtada ovxam olan vaxta bax”), saçlarına dən düşdü, yenə Əsrik dərəsini, doğma kəndini unutmadı, könlünün söz qapısını döyərək, dara çəkildi, dar ağacına döndü:

Bu yerlər göylərin kəsik dilimi,
O yerə, bu göyə maraq acıyam!
Çarmıxa çəkmişəm neçə ilimi,
Mən başdan-ayağa dar ağacıyam!
(M.İ.)
Əsrikli olmaq bir az kövrək, bir az sərt, bir az dəli (Koroğlu dəlisi) olmaqla yanaşı, sözə qiymət vermək, sözü sevmək (“Dünyanın əvvəli söz, sonu da söz olacaq” M.İ.) deməkdir:
Anadolu yolunda
Yorulub yolda qalan Quzum,
Doqquz oğuzum,
Tovuzum—Ana yurdum.
Dunyanın harasında oldumsa
Sәni sordum…
Eşqdә sevgi sәrxoşu,
Mәşqdә dәliqanlıyam,
Hәr işdә boz üzüyәm.
Demә, görmә mәn oyam,
Mәn Әsriyin özüyәm…
Qayası çaxmaq daşı,
İçindә qığılcımı.
Kәmәrdә büloylәdim
Sonra söz qılıncımı…
Havasını, suyunu
Әsirgәmәdi Әsrik,
Gәlib çatdım әrsiyә.
Nәyim var onunkudur
Canım qurban Әsriyә…
Bir oğlun da vardı
Ha saysan, çıxacaq əksik.
(Lənət qafiyəsinə!)
Qürbətlərdə əsirdi
Xəbərin varmı, Əsrik?!
Açım söyləyim nəyi?
Tək suçu, tək günahı
Səni, yəni vətəni Canı qədər sevməyi…(M.İ.)
Necə ki, Əsrik dərəsi əsriklilərə sadiqdir, eləcə də əsriklilər Əsriyə layiqdirlər – məhz Məmməd İsmayıl kimi söz adamlarının timsalında. O söz adamları ki, yenidən dünyaya cığır açacaq:

Bir adam yol gedir bizdən qabaqda
Yaxşı ki dünyaya cığır açan var!(M.İ.)

O söz adamları ki:

>Bu xalq yeddi yerdən zavala gəldi,
Bu xalqın danışan dili olmadım.
Bu xalqın başına min bəla gəldi,
ən ki dözüb durdum, dəli olmadım,
Mən şair deyiləm, atam balası!(M.İ.)
– desələr belə, zavala gələn xalqı yaşadacaqlar, yaşayacaqlar!…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.