Ana səhifə BAŞ YAZI “Hocam, ‘Kalbimin Sokakları’nı söylərmisiniz?”

“Hocam, ‘Kalbimin Sokakları’nı söylərmisiniz?”

Müəllif: Bizim Yazı
976 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin qurucularından biri, istedadlı şairə olan Səhər Əhmədin Bakıda yeni, sayca üçüncü kitabı işıq üzü görüb. “İrfan” Basım Evində Anadolu türkcəsində çıxan kitab “Kalbimin sokakları” adlanır. Kitaba Səhər Əhmədin seçmə şeirləri daxil edilib. Səhər xanımla əlaqə saxlayıb yeni çap olunan kitabı haqqında fikir mübadiləsi apardıq.

– Səhər xanım, oxucularla üçüncü görüşünüz “Kalbimin sokakları” kitabi ilə baş tutdu. Bu kitabda oxuculara fərqli nələri təqdim etmisiz?
– Fərqli deyəndə ki,  üslubumda və mövzularda elə ciddi dəyişiklik yoxdu. Sadəcə, yeni şeirlər var və onlar əvvəlki şeirlərdən nə qədər fərqlənir, bunu artıq oxucular deyəcək. Bir də ki, bu şeirlərin Anadolu  türkcəsinə  uyğunlaşması bir qədər maraq doğura bilər. Əgər bunlara fərq demək olarsa…

Türkiyə türkcəsində kitab nəşr etdirmək qərarına nə zaman gəldiniz?
– Mən son zamanlar Türkiyənin müxtəlif şəhərlərində keçirilən bir  çox ədəbi tədbirlərə dəvət alıram. Orada şeirləri təbii ki, öz türkcəmizdə söyləyirəm və yaxşı da qarşılanır. Şeir söylərkən demək olar ki, tam anlayırlar. Kitaba gəldikdə, bir sıra çətinliklər yaranır. Az da olsa əlifba fərqi mövcuddur. Ona görə də sırf türkiyəli oxucuları nəzərə alaraq bu addımı atdım. Bir dəfə Ankarada ünlü türk şairi Cemal Safinin yaradıcılıq gecəsi keçirilirdi. Mən də dəvətliydim. Onlar  “şeir dinlətimi” deyir bu cür tədbirlərə. Və çox vaxt qonaqlar da şeir söyləməli olur. Mənə də söz verdilər. Orada “Azdım ürəyimin küçələrində” şeirini dedim.  Həmin anda düşündüm ki, “küçə” sözü anlaşılmayacaq, odur ki “sokak”la əvəz etdim. Çox sevdilər bu şeiri. Tədbirdə iştirak edən tələbələr çıxarkən o şeiri məndən istədilər. Əlimdə kitab filan da yox idi. Sonra öyrəndim ki, mən şeiri səsləndirəndə onlar o seiri telefonlarının diktofon yerinə yazıblarmış. Bir müddət sonra basqa tədbirdə bir gənc mənə yaxınlaşıb: “Hocam, “Kalbimin sokakları”nı söylərmisiniz?” dedi. Etiraf edim ki, bu, mənə çox xoş gəldi, şeir sevilmişdi. Kitabın adının “Kalbimin sokakları” olmasında da bu xatirənin rolu var.

– Qeyd etdiniz ki, müəyyən qədər oxucunuz var, amma tam olaraq əminsiz ki, Türkiyədə bu kitabla daha geniş bir oxucu auditoriyası qazana biləcəksiniz?
– Yuxarıda qeyd elədim, mən artıq Türkiyədə oxucu qazanmışam. Yoxsa bu əziyyətə qatlanmazdım. Bilirsiniz ki, kitab məsələsində tənbələm. Əgər istəklər olmasaydı, bunu heç zaman etməzdim.

– Kitabın təbliğatı və təqdimatı Bakıda, eyni zamanda Türkiyədə də baş tutacaq?
– Dünən Nevşəhirdə keçirilən “Kapadokya uluslararası şeir şölənləri”ndən dönmüşəm. Artıq kitabın ilk nüsxələrini orda bir çox şairlərə, jurnalistlərə, ədəbiyyatşünaslara təqdim etdim. Onlar da Türkiyədə “imza günü” keçirməmi istədilər. Sağlıq olsun, bunu düşünürəm. Məncə, lazımdı, əgər kitab varsa, təqdimatı da olmalıdı. Artıq  ordakı ədəbi mühit mənə yabançı deyil. Bir çox şəhərlərdə imza günü keçirə bilərəm. Bakıya gəlincə, burdakı oxuculara da borcluyam. Xeyli yeni şeirlərim var, öz türkcəmizdə  kitabın çoxdan vaxtı çatıb. Bu kitabı ortaya gətirib təqdim etmək növbəti planımdı.

– Kitabın çevrisi və çapı məsələləri ilə bağlı nələri deyə bilərsiz?
– Kitabı azərbaycanlı şairə Ayişə uyğunlaşdırıb. Ona da xeyli əziyyət vermişəm, bəzi məqamlara müdaxilə etmişəm. Ortaq türkcədə anlaşılması vacib olan bəzi sözlərin qarşılığının tapılmasına ehtiyac duymadım. Çalışdım ki, Azərbaycan şeirinin havasını, dilimizin özünəməxsusluğunu, öz üslubumu saxlayım. Öncə kitabın Türkiyədə   yayımlanmasını istəyirdim. Hətta Ankarada  bir mətbəə ilə  işlədim də. Düzü, dizayn işində heç cür  ortaq məxrəcə gələ bilmədik.  Sonradan  fikrimi dəyişdim və  kitab Bakıda “İrfan” nəşriyyatında yayımlandı.

Könül/”GündəlikTELEQRAF” – 21.11.12

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.