Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində, dünən Azərbaycanda Atatürk Mərkəzində “Qarabağ: Türk Dünyasının ortaq problemi” mövzulu uluslararası konfrans düzənlənib. Konfransdan öncə isə qonaqlar və təşkilatçılar, o cümlədən DGTYB rəhbərliyi və fəalları, millət vəkili Qənirə Paşayeva, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov, Gənclər Fondunun məsul əməkdaşı Orxan Ərəbov, KİV təmsilçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib, həmçinin Bakı Özəl Türk Litseyi ilə tanış olublar.
Qeyd edək ki, adıkeçən dövlət və topluluqlardan olan gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısıları, ideyası və icra proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, EkoAVRASİYA, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, ATXƏM, Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində Bakıya gəliblər. Qonaqların Azərbaycan səfəri 11 sentyabrda başa çatacaq.