Ana səhifə SÖYLƏŞİLƏR Könül Səidin suallarını İskəndər Pala cavablandırır

Könül Səidin suallarını İskəndər Pala cavablandırır

Müəllif: Bizim Yazı
954 baxış

“Atamız pis hərəkət edəndə onu azmı sevirik?”

Türkiyənin tanınmış yazıçısı, sentyabrın 16-dan 18-dək Bakıda səfərdə olan İsgəndər Palanın eksklüziv müsahibəsi:

– İskəndər bəy, ilk növbədə Azərbaycana gəlişiniz barədə danışmağınızı istərdim. Necə oldu ki, Azərbaycana gəlmək qərarını verdiniz?
– Mən əslində bir yerdə oturmağı çox sevən bir insanam və gündəlik həyatımda da heç bir yerə getmirəm. Bakıda “Şah və Sultan” romanım çap olunduğu zaman Nəriman Əbdülrəhmanlı və Türkiyənin Azərbaycandakı səfiri ilə birlikdə bura gəlməyim üçün çox danışıqlıqlar aparmışdıq.
Gəlmək üçün vaxtım uyğun olmadığı üçün onların təkliflərinə müsbət cavab verə bilmədim. Sonra da Türkiyəyə Qənirə Paşayeva gəlib-getməyə başladı. “Od” romanımı azərbaycancaya tərcümə etməyi təklif  etdi,  mən də razılaşdım. İki kitabım birdən çap olununca Azərbaycana gəlməyi qərarlaşdırdım. Şans da Qənirə xanımın oldu, amma səfirin və Nəriman bəyin dəvətlərini də bunlarla birləşdirməyi düşündüm. Hər iki kitabın təqdimatını birgə edərik, – deyə Türkiyədəki üç günlük proqramımı təxirə saldım və gəldim. Bu səfərdə həyat yoldaşım da mənimlədir. Gəlib buraları görsün deyə, bir yerdə yola çıxdıq.

Azərbaycana ilk dəfə səkkiz il öncə səfər etmisiniz. Bu səkkiz ildə Azərbaycan çoxmu dəyişib?
– Səkkiz il öncə Azərbaycana gələrkən insanların simaları bir az solğun, bir az kədərli, bir az dərdli, bir az bədbəxt, bir az da sıxıntılı idi. Küçələr  və bütövlükdə şəhərin özü bir az kasıb və dağınıq idi. Amma səkkiz ildən sonra Bakını tamamilə fərqli gördüm. Ən əsası da insanları xoşbəxt olan bir şəhər gördüm. Küçələri də tər-təmizdir. Artıq şəhərinizdə gözəl tikililər, ürəkaçan yeniliklər var. Və deyim ki, Azərbaycanın gələcəyinə olan ümidlərim də çox yüksəkdir.

– Ölkəmizlə, baş şəhərimizlə bağlı bu fikirləri Sizdən eşitmək təbii ki, xoşdur. Bu təəssürat Azərbaycan haqqında bir romanın yaranmağına təkan ola bilərmi?
– Mən getdiyim bütün yerlərdə şübhəsiz ki, məlumatları toplayıram və beləcə müxtəlif tipdə olan insanları görürəm. Ola da bilər ki, gördüyüm hər hansı bir insan mənim romanlarımda bir tipaja, bir xarakterə çevrilir. Bəzən isə başıma gələn  bir hadisə kitabda bir lətifə, bir maraqlı fakt kimi öz yerini alır. Amma Azərbaycanda olduğum bu iki günlük bir səyahətdən bir roman ola bilər, ya yox, demək çətindir. Təbii ki,  Azərbaycanda gördüklərimdən geniş şəkildə yararlanacağam.

– Dünən Sizin iştirakınızla ən azı 5 saatlıq bir tədbir keçirildi və Siz durmadan gənclərin,  yaşlı nəslin nümayəndələrinin suallarına cavab verdiniz. Azərbaycanlı oxucuların Sizi belə bir həyəcanla, coşquyla qarşılaya biləcəklərini düşünmüşdünüz?
– Bunu ehtimal etmişdim, çünki dünyanın hansı hissəsinə getməyimdən asılı olmayaraq, məni böyük bir sevgi ilə qarşılayırlar. Bunu özümdən razılıq kimi demirəm, sadəcə mənim izah etməyə çalışdığım mövzular bu dövr insanlarının əlindən bir güclə alınmış kimidir. Mənim izah etdiklərimi dinləyən insanlar uzaq yaddaşlarında öz itirdikləri bir xəzinə ilə qarşılaşırlar. Həm də əslinə qalsa, bu xəzinəni əldə etdikləri üçün onun gözəlliklərinə qapanırlar, mənə deyil. Bu, Türkyənin bir çox yerlərində belədir. Türkiyədə bir yerə getdiyim zaman məni ən azı min insan dinləyər. Özü də bu, mənim çox gözəl danışdığımdan, izah edə bildiyimdən deyil.  Başlıca səbəb hər birimizin uzaq düşdüyümüz mövzuların yazılmasıdır, deyilməsdiri və mən də bunları insanlara izah etməyə çalışıram.

– Bildiyim qədər, Siz filoloqsunuz. Necə oldu ki, məhz tarixi roman yazmağa qərar verdiniz?
– Mən yetmişdən çox kitab yazmışam və onların da iyirmiyə qədəri öyrədici kitablardır. Amma gördüm ki, inkişaf etməkdə olan ölkələrdə öyrədici həyat mədəni həyatdan sonra gəlir. Insanlar birinci mədəni əlaqələrə sahib olmaq istəyirlər, sonra isə əgər ordan elmə bir qapı tapsalar, biliyə sahib olmaq istəyirlər. Xüsusilə də son illərdə insanlar daha çox əyləncəyə pul xərcləyirlər. Heç kim elm öyrənmək üçün pul xərcləmək istəmir. Həm də hər hansı bilgiyə sahib olmaq üçün zaman da xərcləmək istəmirlər. Mənim isə ədəbiyyat adamı olaraq işim insanları əyləndirmək,  eyni zamanda fərqində olmadan belə nələrisə öyrətməkdən ibarətdir. Mənim yazdığım romanlar bir növ dərs kitabları kimidir və insanlar da istədikləri əyləncənin, həyəcanın içində yüklənməsinlər deyə, ayrı məqamları da düşünürəm. Amma mənim romanlarımı oxuyan gənclər  ordan nələrisə öyrənə biləcəklərini də bilirlər. Heç olmasa, eşqin dərinliklərini öyrənə bilərlər. Tarixi roman yazmaq və tarixi öyrətmək isə çox asandır. Türkiyədə tarixi romanlarım üç yüz min tirajla çıxır. O kitabları oxuyan və tarixi öyrənən insanlar bunlarla yanaşı, bir macəranı da oxuyurlar. Yunis Əmrə kimi həyatını tamamilə dərvişlər kimi durğunluqda keçirən bir insanın hayatını belə macəra  ilə yazmışam. Kitabı oxuyan insanlar sonda yenə də əsl Yunis Əmrəni öyrənirlər, amma həmin bu insanın qapısının önündə olan macəraları da öyrənirlər. “Katre-i Matəm” kitabımda iki qəhrəman var və o romanda məqsədim yalnız İstanbulu, onun özəlliklərini öyrətməkdir. İnsanlar o kitabı oxuyunca İstanbulun gözəlliklərini görürlər və bununla da kifayətlənməyib İstanbulu öz gözləri ilə görməyə gəlirlər. Amma bunlarla yanaşı, bir roman oxuyub hadisələrin, yaşananların və tarixin arxasınca düşürlər. “Babil’de Ölüm, İstanbul’da Aşk” və “Leyla ile Mecnun” romanlarımda isə daha çox divan şeirinin zənginliklərini izah etmişəm. Oxuyanlar kitabın son səhifəsinə qədər nəfəsləri kəsilənə qədər oxuyurlar və nə gözəldir, deyirlər. Bir  yandan da o şairlər nə gözəl insanlardır və biz bunları nə səbəbə pis insanlar bilmişik, deyirlər. Hətta içlərində çox gözəlləri də vardır, deyənlər də olur. Bu baxımdan da  mövzularımı seçərkən oxucularımın əsasən gənclər olduğunu bilərək mesajlarımı onlara yönəldirəm.

– Amma tarixi roman yazmaq adama daha çətinmiş kimi görünür…
– Əksinə. Bir daha deyirəm, mənə görə tarixi  roman yazmaq sevgi romanı yazmaqdan asandır. Çünki tarixdə olub-bitən hadisələr var. Romanlar isə bu hadisələrin arasına sala bildiyimiz qurğular və fəndlərdir. Eşq romanları yazanda hətta insan öz həyat təcrübəsindən, yaxın dostlarının və yaxud da ayrı bir mənbədən də istifadə edə bilər. Amma tarixi romanda bunu edə bilmirsən. Bu nöqteyi-nəzərdən baxınca tarixi roman yazmaq bizimçün daha asandır. Çünki tarix onsuz da vardır. Biz də onun üzərində öz çalışmalarımızı edirik.

– Azərbaycanlı oxucularınızla dünənki görüşünüz sanki bir hesabata bənzəyirdi. Sizcə, yazıçı öz oxucularına hesabat verməlidirmi?
– Hər bir yazıçı öz oxucusuna borclu sayılır. Yazıçı öz oxucusunu səhv yola yönləndirməməlidir. Oxucusu ilə görüşəndə də onun  suallarına cavab verməyə məcburdur. Əgər yazıçı oxucunu səhv yola aparsa, o zaman tarixi də səhv yola salmış olar. Mən oxucularımla və dinləyicilərimlə daima hesablaşmağa hazıram. Səbəb də odur ki, mən hər zaman doğru olanı deyirəm. Doğru olan bir hadisənin arxasında durduqdan sonra nədən hesab verim ki? Mən də səmimi insanam və yazdıqlarımı da səmimiyyətimlə izah edirəm. Əgər oxucuya öz səmimiyyətimi göstərirəmsə, nədən o, mənə inanmasın? Mən riyakarlıq etmirəm, yalan demirəm, tarixi saxtalaşdırmıram və insanları səhv yola yönəltmirəm. Mən insanlara, oxucularıma ürəyimi açıram və deyim ki, bunu hər bir yazar  etmir.

– “Şah və Sultan” romanınız birmənalı qarşılanmadı. İki cəbhəyə ayrılan insanların fikirləri Sizə necə təsir edir?
– Mən doğru bir iş gördüyümə inanıram və bir də deyim ki, insan övladı hər zaman belədir. Sadəcə, tərifləsəydilər, düz iş gördüyümə özüm də inanmazdım. Sadəcə, tənqid və təhqir etsəydilər o zaman o demək idi ki, insanlara çox böyük pislik edirəm… Amma əlbəttə ki, bir üslub və həyat tərzi vardır. İnsanlar kimsənin həyat tərzini sevməyə məcbur deyillər, amma bir yandan da bu, insanın azadlığıdır və mən də buna hörmətlə yanaşıram. Amma bəzi kitablar var ki, onları öyrəndikdən sonra mənə görə deyil, deyənlər də var. Bir də kitabı oxumayıb “mən o insana qarşıyam” deyən insanlar da cahildirlər. Məncə, birinci öyrənək və sonra isə “mən bununla razı deyiləm” və ya “bu insana qarşıyam” deyə bilərsiniz. Bu da bir azadlıqdı. Amma bunun əvəzində nə yazdığını bilmədən kiməsə qarşı olmaq məncə, cahillik əlamətidir.

– “Şah və Sultan” romanında Şah İsmayılı və onunla bağlı olan insanları təhqir etdiyinizi israrla sübut etməyə çalışanlar var. Siz tam olaraq bu romanla nə demək istəmisiz?
– Tarixi roman yazan insanlar tarixi yazmağa təhkimdir. Əgər tarixi səhv yola apararlarsa, sadəcə bu, əsrə, insanlara deyil, gələn zamana qarşı da məsuliyyət və cavabdehlik daşıyırlar. Mən gələcək nəsli heç vaxt səhv yola aparmaq istəmirəm və bu fikirdə də olmamışam. Mən düzgün bildiyim bir işi edirəm və əvəzində də tarixlə də üzləşirəm. Başqa bir insan isə ayrı bir mənbəyə, ya qaynağa əsaslanaraq yaza bilər və digər fikirlər də səsləndirə bilər. Amma tariximizlə üzləşmədən özümüz ola bilmərik. Bir də axı atamız pis hərəkət edəndə biz onu azmı sevirik? Yox, əsla. Çünki o, yenə də atamız olaraq qalır. Biz atamızı pisi ilə, yaxşısı ilə, səhvləri ilə birgə sevirik və hörmət edirik. Şah İsmayılın səhv etdiyi məqamlar var da. Fatihin, Yavuz Sultan Səlimin səhv olduğu yerlər yoxdurmu? Var, təbii ki. Ona görə də birisini deyib o birini gizlədirəmmi? Əsla, elə deyil və mən hər ikisinin səhvlərini deyirəm.

– Azərbaycan yazıçılarından kimləri tanıyırsız?
– Mən Azərbaycandan olan çox sayda yazıçıları izləyə bilirəm. Məsələn, Bəxtiyar Vahabzadə, Anar, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Məmməd Aslan və başqalarını oxumuşam. Elçin Əfəndiyev isə özəlliklə dost deyə biləcəyim biridir. Həm də mən kiril əlifbası ilə oxuya bilirəm. Bu da o kitabları oxumağıma çox yardımçı olur.

– Bəs Türkiyə yazıçılarından kimlərdə milli köklərə bağlılıq görürsüz? Türkiyə yazıçılarından bizdə ən çox oxunan və çox məşhur olanlar Orxan Pamuk və Elif Şafakdır. Onlarla bağlı fikirlərinizi eşitmək maraqlıdır…
– Bu, yazıçılarla əlaqəli bir mövzu deyil, ancaq dünyanın gedişatı ilə bağlı bir mövzudur: bu gün öz tarixini öyrənmək istəməyənlər dünyanın hər yerində bu işlərə böyük sərmayə  qoyurlar. Gənclər mədəniyyətlərarası qarşıdurmaları və ya savaşı, dialoqu meydana gətirikən öz kimliklərində nələr varsa, ona baxırlar. Bir millətin kimliyində bəlli göstəricilər də vardır. Tarix bunların ən başında gəlir, sonra musiqi, dil, ənənə, din gəlir. Dünyada tarixə bu qədər önəm verilirkən “necə bir yazıçıdır”  müqayisəsi əsassızdır. Tarix artıq  ədəbiyyatın bölgəsinə girib və bu əsərlər artıq tarixdə var.

– Türkiyə mətbuatında son zamanlar Sizə tənqidi yanaşanlar, sərt fikirlər səsləndirənlər də az deyil. Bu sırada Kadir Misiroğlu da var…
– Haqqımda kimin nə deməsi heç vaxt maraqlı olmayıb. Mən bununla da düzgün etdiyimi düşünürəm. Fanatik və radikal insan deyiləm. Radikal və fanatik bir insan olmadığım üçün də insanları pis yola yönləndirmirəm və onlara pis nəsə aşılamıram. Mənim tarixə baxış açım belədir. Tarixə burdan baxıram. Amma başqası necə baxırsa, nə düşünürsə və buna görə də məni tənqid edirsə, bu da onun düşüncə azadlığıdır. Mən belə insanam, heç onlara cavab da vermirəm. Mən o insanlara cavab versəm, polemikaya zaman ayırmış olacam. Amma mən vaxtımı öyrətməyə sərf etmək istəyirəm. Mən öyrədim və qoy, başqaları da mənim öyrətdiklərimin ətrafında mübahisə və dava etsinlər.

– 1982-ci ildə Dəniz Qüvvələri Komandanlığı tərkibində müxtəlif vəzifələrdə olmusuz. Hərbidən niyə uzaqlaşdınız?
– Hərbdən 1997-ci ilin yanvarında ayrıldım. Və artıq hardasa on beş ili keçir ki, universitet müəllimiyəm. O günlərdən qalma ancaq xatirələrim var. Onları da bir romanda təsvir etmişəm – “İki dərbə arasında”… Uzaqlaşma səbəbimə gəlincə, deyim ki, həyat yoldaşım başıbağlıdır və Türk Silahlı Qüvvətlərində çalışan bəzi şəxslər bəzi məsələlərə müxalif olduqları üçün məni işdən uzaqlaşdırdılar. Sonra başqa işlərlə məşğul oldum. İndi geri dönüb baxanda səhv etdiyimi görürəm. Onlar da baxırsa, səhv etdiklərini anlayırlar…

Könül Səid//“Gündəlik Teleqraf”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.