“…Artıq neftdən, kolxozdan, pambıqdan çalıb-oxuyan və bayağı hərəkətlər edən aşıq xalqın gözündə o ucalıq mərtəbəsini saxlaya bilməzdi.”
AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin I katibi, professor-doktor Məhərrəm Qasımlı ilə müsahibəni təqdim edirik
– Məhərrəm müəllim, istərdim söhbətə Azərbaycan aşıq sənətinin çağdaş durumundan başlayaq. Sizcə, onu qənaətbəxş saymaq olarmı?
– Sözsüz ki, Azərbaycan aşıq sənəti özünün şərəfli keçmişini yaşayıb. Üzü Dədə Qorquddan bu yana ozan sənəti, sonrakı dönəmlərdə Qurbani, Abbas Tufarqanlı, Abdal Gülablı Valeh, Hüseyn Şəmkirli, Dədə Ələsgər kimi nəhəng simalarımız olub. Bu gün Azərbaycanın istər musiqi tarixi, istər teatr sənəti və ya bötövlükdə sənət tarixi olsun – poetik tarixi də bura əlavə edə bilərik – bunlardan söz açanda birmənalı şəkildə əsas istinad mənbəyi aşıq sənətidir. Demək istəyirəm ki, aşıq sənətinin tarixi ənənələri kifayət qədər güclüdür. Sənətin mənimsənilməsi ustad-şagird xətti ilə davam eləyib. Ona görə də hər aşıq özündən əvvəlkindən mükəmməl sənət dərsi alıb, sonrakına ötürüb. Aşıq Ələsgərə dərs verən və ondan dərs alanları göz önünə gətirsək, nə qədər mükəmməl bir sistemin işlədiyini görərik. Sovet dönəmi başlayanda vəziyyət dəyişdi. Bu dönəmdə aşıq sənətinin öz tarixini təbliğ etmək, missiyasını icra etmək imkanları məhdudlaşdı. Daha aşıq əvvəlki səviyyədə haqq aşığı deyildi. Aşıq dini, fəlsəfi, sufi, dərviş mədəniyyətini yaşatmaq ənənəsindən xeyli uzaqlaşdı. Haqq işığından, haqq nurundan gəldi çıxdı “işıqlıdı lampaları kolxozun” məzmununa.
Xalq dünən aşığa kəramət sahibi, bir möcüzəli adam kimi baxırdı. Artıq neftdən, kolxozdan, pambıqdan çalıb-oxuyan və bayağı hərəkətlər edən aşıq xalqın gözündə o ucalıq mərtəbəsini saxlaya bilməzdi. Bütün bunlara baxmayaraq, ucqar dağ yerlərində bu sənəti layiqincə saxlayanlar da vardı. Kəlbəcərdə Dədə Şəmşir, Borçalıda, Göyçədə, Gədəbəydə, Tovuzda yaşayan bir sıra aşıqlar bu sənəti qoruyurdular. Bununla belə, 1928 və 1938-ci il qurultayları aşıqları birmənalı şəkildə Lenin, Stalin ideologiyasının təbliğinə yönəltməyi qərara aldı və xeyli dərəcədə buna nail ola bildi. O dönəmin ən məşhur aşıqları olan Aşıq Əsədin, Aşıq Mirzənin repertuarına baxsanız, hər şey aydın olar. Bununla bərabər, istedadlı aşıqların yaşayıb-yaratdığını da danmaq olmaz. 70-ci illərdən tədricən ustad-şagird ənənəsi bir az geriləməyə başladı. Bunun bir səbəbi də texnoloji inkişafla bağlıydı. Bir yandan mikrafon ortaya çıxdı, digər tərəfdən xanəndələr, müğənnilər məclisləri ələ keçirdilər. İndiki meydan da aşıq meydanı deyil artıq.
Azərbaycan Aşıqlar Birliyinin 90-cı illərdə Hüseyn Arifin dünyasını dəyişməsindən sonrakı rəmzi fəaliyyəti də aşıqlığın xeyli dərəcədə geriləməsində rol oynadı. Ta bu yaxınlarda 5-ci qurultayda Zəlimxan Yaqubun Azərbaycan Aşıqlar Birliyinə sədr seçilməsindən sonra bu sənətdə xeyli canlanma yarandı. Bir amil də var – müstəqil dövlət bir nemətdir. Müstəqil dövlət milli dəyərlərə bağlı olmalıdır. O baxımdan aşıq sənətinə maraq oyandı və indi də davam edir.
Azərbaycanda tarixən aşıq sənəti tədris olunmayıb. Faciənin biri də budur. 70 il bizim Dövlət Konservatoriyamız aşıqları qapıdan içəri buraxmayıb. Hər cür moltani musiqi aləti tədris olunub, Azərbaycanın milli musiqi aləti olan saz yox. Bu yaxınlarda Mədəniyyət və İncəsənət Universitetində sazın tədrisi yönümündə işlərə başlanılıb.
– Qədim ənənələrə sahib bir sənət bügünkü mühitdə özünü necə hiss edir?
– Hər zaman demişəm, aşığın bugünkü geyiminin, yerişinin, duruşunun heç bir əhəmiyyəti yoxdur. Əsas aşığın çalıb-oxumağıdır. Aşıq nə etsə də “Göyçəgülü” havasını, “Kərəmi gözəlləməsi”ni, “Yanıq Kərəmi”ni, “Dilqəmi”ni, “Ruhani”ni klassik ənənədən daşıyıb gətirib. O bu gün cins şalvar da, müasir geyim də geyinə bilər, amma sinəsindəki sazda “Ruhani” ifa edirsə, o saz havasında tarixi ənənəni yaşadır.
– Siz eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin I katibisiniz. Aşıq, ozan, saz, qoşma, gəraylı… Onları bir arada tutmağa, öyrənməyə, öyrətməyə, təsərrüfatı yönəltməyə çalışan təşkilat indi hansı işləri görür?
– Azərbaycan Aşıqlar Birliyinə Zəlimxan Yaqub sədr gələndən sonra xeyli müsbət işlər gördü. Heyif ki, onun səhhətində problemlər yarandı. Bu da bizim işimizi gerilədir. Yoxsa Zəlimxan müəllim çox böyük qaynarlıq gətirmişdi Aşıqlar Birliyinə. O olanda gündə bir tədbir keçirirdi, hətta biz o tədbirlərə yetişməyə belə vaxt çatdırmırdıq. İnşallah, səhhəti yerinə gələr, eyni qaynarlığı yenə görərik.
– Siz AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, professorusunuz. Növbəti sualım aşıq sənətinin elmi əsaslarla öyrənilməsi, öyrədilməsi ilə bağlıdır. Bu sahədəki dərslərin, dərsliklərin, müəllimlərin peşəkarlılığı nə yerdədir?
– Mənim özümün bu istiqamətdə ömrümü həsr etdiyim tədqiqatlarım var. “Ozan-aşıq” monoqrafiyası indiyə kimi dörd dəfə nəşr olunub. Hər dəfə yenilənir. 96-cı ildən bu günə kimi 4 dəfə nəşr olunan bu monoqrafiya hər dəfə hardasa 2000 nüsxədə çıxır. Ədəbiyyat İnstitutunun gördüyü işlər sırasında “Borçalı aşıq mühiti”, Qəzənfər Paşayevin “Qoca qartal”, Azaflı Mikayılla bağlı monumental bir kitabını qeyd edə bilərəm. Mənim özümün də bir sıra ayrı tədqiqatlarım var. Bəhlul Abdullayev dünyasını dəyişdi, bizim onunla birgə “Ozan-aşıq ensiklopediyası” kitabımız yarımçıq qaldı. Qəzənfər müəllim və digər işçilərlə birlikdə yaxın gələcəkdə düşünürük ki, bu kitab Ədəbiyyat İnstitutu və Aşıqlar Birliyinin xətti ilə iki cilddə işıq üzü görsün. Bu, qarşımızda duran ən mühüm məsələdir. Bu yaxınlarda çap olunacaq bir kitabın elmi məsləhətçisi, layihənin də rəhbəriyəm.
“Dədə Qorquddan üzü bəri” kitabı isə Dədə Qorquddan bu yana nə qədər aşıqlarımız var, onların poetik irsindən seçmələr olacaq. Ön sözü mənə məxsusdur. O ki qaldı tələbələrin bu sahəyə marağına, çox yüksək səviyyədədir. Həm də çox istedadlı gənclər var, inandırım sizi.
– Ötən il məsləhətçisi olduğunuz “Yeni nəsil Azərbaycan aşıqları” ikicildliyi işıq üzü gördü. Həm kitab, həm də bilavasitə yeni nəsil aşıqları haqqında fikirləriniz maraqlı olardı…
– Kitabı dostumuz Əkbər Qoşalı hazırlayıb. Onun rəyçilərindən biri də mən idim. Belə kitabları təqdir edirəm. Aşıqların çatışmayan cəhətlərinə gəlincə, elə aşıq var öz üzərində çalışır, yaxşı repertuar yaradır özünə, eləsi də var öz üzərində işləmir. Ustad dərsi almadıqları üçün çatışmazlıqları da az deyil. Ramin Qarayev, Əli Tapdıqoğlu, Samirə Əliyeva, Fəzail Miskinli, Altay Məmmədli, Nemət Qasımlı və başqaları yaxşı repertuar seçirlər özlərinə.
– Mətbuatın, telekanalların aşıq sənətinə münasibəti barədə nə fikirləriniz var?
– Televiziyanın aşıq sənətinə ayırdığı zaman yetərlidir və dəstək hiss olunur. Sadəcə, elə etmək lazımdır o qayğıdan hamı yararlansın. Məhdud bir dairə üçün olmasın. Məsələn, Azərbaycan televiziyasında verilişi mən aparıram, bölgünü elə qurmuşuq ki, növbəli qaydada bütün bölgələri əhatə edə bilək. İctimai Televiziyadakı Ozan məclisi də normaldır, istərdim səviyyə daha yüksək olsun. Arada birtərəfli yanaşmalar olur… “Lider” televiziyasında bir deyişmə məclisi var, aşıq sənətini o qədər səviyyəsiz yerə endirirlər ki, baxmaq istəmirsən. Bu tip verilişlər aşıq sənətini ucuzlaşdırır. “Space” kanalında bir veriliş var, Mübariz Kəlbəcərli aparır səhv etmirəmsə. Sazla akrobatik hərəkətlər edirlər, bunu da sənətə hörmətsizlik hesab edirəm.
– Bir qədər də Güney Azərbaycanın çağdaş aşıq mühiti barədə oxuculara bilgi verərdiniz. Tendensiyalar, uğurlar, problemlər nə vəd edir?
– Təbriz, Qaradağ, Urmiya aşıqları mütəmadi Bakıda gəlirlər. Onların ifasında tarixi ənənənin daha mükəmməlliyini görürük , o cümlədən müasirliyi… Halbuki tarixən onlar bizim aşıqlardan öyrəniblər. Ədalət Nəsibovdan, Əkbər Cəfərovdan, Aşıq Şakirdən, Kamandardan çox şey mənimsəyiblər. Amma bu gün güclü olduqları üçün bizimkilər onlardan öyrənirlər. Azərbaycanda 150-200 aşıq olar, güneydə 3000-dən çoxdur. Siz bir fərqə baxın.
Güneydən gələn balabançılardan birinin belə xaric ifa etdiyini görmədim. Bizdə bu səviyyədə balabançı yoxdur. Bu inkişaf ordakı rəqabətlə bağlıdır. Musiqinin, sazın əleyhinə olan rejimdə sənəti belə inkişaf etdirməyin özü böyük məharət istəyir. Bizdən fərqli olaraq onlar şit hərəkətli aşıqları məclislərə buraxmırlar.
– Bəs ölkələrarası əlaqələr haqqında nələri düşünürsünüz? Mənə elə gəlir, aşıqlarımız daha çox İrana və qardaş Türkiyəyə gedib-gəlir, elə deyilmi? Yaxşı olmazmı, mili sənətimizin zirvə hadisələrini, ünlü adları digər ölkələrdə də görüb-tanısınlar?
– Son on ildə aşıqlarımız İrana toylara da gedirlər, çünki orda bizim aşıqlara geniş meydan verirlər. Mədəniyyət Nazirliyinin xətti ilə aşıqların xeyli sayda səfərləri də olur.
– Aşıq sənəti, saz və qadın mövzusuna toxunmaq istərdim… Kişi sənətçi sinəsində saz gözəlləri vəsf edərkən, onların dərdindən dəli-divanə olub da saz çalıb-söz qoşarkən, bir gözəlin əli sazlı meydana girməsi qəribə deyilmi? Deyərsiniz, bunun gələnəyi var, amma mən gələnəkdən yox, məhz bugünkü durumdan danışmağınızı xahiş edərdim… Azərbaycanın qadın aşıqları, çatışan-çatışmayan yönlər hansılardır?
– Qadın aşıqların ifası hər zaman kişi aşıqların ifasından zərif olub. Aşıq Samirənin, Kəmalə Qubadlının səsi gözəldir. Bir də bir neçə saz havalarının özündə belə incəlik var, onları ancaq qadınlar ifa edə bilər. Mən qadın aşıqların saz ifa etməsinin tərəfindəyəm, hətta məndən olsa sazçı qızlar ansamblı yaradaram. İnanın çox böyük maraqla qarşılanar. Amma bəzi qadın aşıqlarımızın dilini bəyənmirəm, bayağı sözlər işlədirlər. “Aaz gəl dana”, “qadan alım”, “öləjəm dərdindən” və bu kimi sözlərlə aşıqlarımızın səviyyəsini aşağı salırlar. Belə olmaz, qadının danışığından ləli-gövhər süzülməlidir…
Könül SƏİD
//“GündəlikTELEQRAF” qəzeti(131) – 15.09.2012,səh.14