Ana səhifə BAŞ YAZI Gedişlərə vərdiş etmək… – Polyak şairinin şeirləri

Gedişlərə vərdiş etmək… – Polyak şairinin şeirləri

Müəllif: Bizim Yazı
941 baxış

Alisya RıbalkoPolyak şairi və çevirməni. 1960-cı il iyul ayını 4-də Vilnüsdə doğulub. Vilnüs Universitetinin biologiya fakültəsini bitirib. Yaradıcılığa 1976-cı ildən başlayıb. Vilnüs İnsan Genetika Mərkəzində elmi işçi kimi fəaliyyət göstərib. Hal-hazırda Berlindəki Şarite Universiteti Xəstəxanasında çalışır. 1991-ci ildə Slovakiya Yazıçılar Birliyi tərəfindən təltif edilib. Bir neçə şeirlər kitabının müəllifidir. Litva və içveç şairlərinin bir çox şeirini polyak dilinə çevirib. 1995-ci ildən Litva Yazıçılar Birliyinin üzvüdür.

Sənin üçün dua… 

Rəbbim, dua edirəm Sənə,
sevgidən bəhs edən şeirimlə.
Rəbbim, dua edirəm Sənə,
sevgidən danışan canımla.
Hər şey gizlincə gəlir
çox həssaslıqla.
Rəbbim, şeiri dinlə.
Ürəkdən mərhəmət eylə.
Külək kimi pıçılda.
Onları mənə.

Aclıq haqqında şeir

Ət istəyirəm,
mənimsə yalnız kağızım var.
İsti, canlı ət istəyirəm.
Mənimsə duzlu, donmuş acı sözləri
bükməyə kağızım var.
Yalnız kağız, bir yığın kağız.
Yalnız kağız.
Ət istəyirəm.

İnsanlar

Sevgi qazandılar
onunla piyvə içməyə getdilər.

Xoşbəxtlik qazandılar
bunu televizor qarşısında etdilər.

Poeziya qazandılar
lakin poeziya artıq mövcud deyildi.

Zarafatlaşdılar, güldülər,
xoş anlar keçirdilər.

Ağladılar, şikayət etdilər
bütün insanlar kimi.

Üçü də haradasa
yüksəklikdə parlayırdı
qorxulu əzəmətlə

Daha bir şair

Əziyyətlə
rəngli çivlər
düzəldirəm:
şeir yaradıram
Sən isə gəlirsən və söyləyirsən
əzizim, məni bağışla,
bunları ürəyinə salma
(mənə elə gəlir ki, bu dediklərimə görə
Allah xatirinə məndən inciməzsən):
BU SADƏCƏ KAĞIZ YIĞINIDIR.

Sevgini necə bölmək

Sevgini necə bərabər bölək,
həm bu gün, həm sabah,
həm də sırağa gün üçün..?
Həm də pəncərədəki quşlara çatsın.
Alışıb yanmalı, alovlanmalı, od püskürməli,
yoxsa sadəcə nəzakətlə çay dəmləməli.
Artıq heç vaxt əvvəlki tək olmayacaq.
Sonra əvvəlkindən fərqli olacaq.
Amma hər halda bir az oxşar olacaq.
Günəş altında yeni heç nə yox.
Sən gülümsəyənə kimi.

Qayıdışlar

Ayrılmaq ölüm kimidi.
Başqa birisi kimi geri dönür,
yad bir ruhla, bədənlə.
Yeni qırışlarla və itirilmiş məsumluqla.
Baxan gözlər daha başqa cür görür.
Nə yaxşı ki, itlər və qonşular hələ bizi tanıyır,
bizi salamlayan qapılar yeni səslə cırıldayır.
Neçə belə qayıdışlar artıq bizsiz yaşayıb.
Neçə-neçə ölülər belə geri qayıdıb.

Sənin bədəninə toxunuram

Sənin öldürmək gücündə olan bədəninə
xoşbəxtlik kimi toxunuram.
Başqa xoşbəxtliklərsə belə deyil.
Radioda su pərisi oxuyur.
O da bunu bilir.
Yarpaqlar da bilir, leyləklər də, nərgizlər də.
Yalnız bəyaz toz inamsız olur.

Gedişlərə vərdiş etmək

Stullar almamaq,
hətta çox yumşaq divanları belə.
Hər şeyi sevməmək.
Qəbul etmək, amma həmişəlik yox.
Qoy çiyinlərin boş qalsın.
Yalnız sənin sinənin
gözəgörünməz yükü.

Bizim nənələr

Bizim nənələr öz aralarında
səma dilində danışırlar.
Bəlkə də söhbətlərini
yaxşı və pis ağaclar altında bitirirlər.
Onlara qəsdən qulaq asmaq istəməyən
nəvələrin laqeydliklərinə
xoş bir təəssüflə başlarını yelləyirlər.

Əzizlərim, sizlərdən ayrılmaq bizə asan deyil.
Sizinlə birlikdə olanda biz təhlükəsizik.
Qəhvəyi donlarınızın xışıltısında, fısıltısında.
Hələ ki ağacın altında dayanın.
Orada, aşağıda.
Yaxşı və pislərin arasında.

Bizim quşlar

Bizim quşlar ayrılıq günündə necə də üzgündülər.
Bizim balıqlarımız dolu akvarium kimi necə də səssizdilər.

Quşları özünlə apar.
Mən balıqları götürərəm.

Yalnız perronu saxlayaq.
Kiməsə gərək olacaq.
                                           Çevirmən: Rəfail Tağızadə

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.