Ana səhifə BAŞ YAZI ŞUŞA QALASINA QONAQ GEDƏN QIZ QALASI…

ŞUŞA QALASINA QONAQ GEDƏN QIZ QALASI…

Müəllif: Bizim Yazı
920 baxış

Emin PİRİ

Bakının bəkarəti
Qız qalası,
tək tənha yalqız qalası…

Harda darıxan varsa
Qız qalasını göstər.

Hər qız qalası yanında
bir oğlan qalasın istər.
Ancaq
Şuşa qalasına
qonaq getmək də
keçir könlündən
bizim Qız qalasının.

Səhəng alıb çiyninə
sudan gəldiyi günlər
qalıb dabanı altda,
qalıb zamanın altda.

Anlaya bilmir
ayaq səslərinə dolaşan
əcnəbi sözləri, kəlmələri,
uzaqlardan gəlmələri.

Dolanbac pillələrdə
fırlanır zamanın başı
Qız qalası-
dənizə uzanan barmağımızda
üzüyün qaşı.

Gecələr qoynuna qaçıb
cırmaqlayar dalğalar ətəyini
tutsa,
guya qalxıb siləcək
əsrlərdən bəri
doluxsunan gözlərini.

qucaqlayıb bu qalanın kölgəsini
üzünə sürtər dəniz.
Uyuyar işıqlı şəhər,
pıçıltıyla danışar dalğalar,-
birdən oyansa Bakı
sual dolu baxışlarına
Qız qalası
nə cavab verər?!

Qız qalası
üz-gözündə dənizin izi.
Günəş boylanar
qızarar öpüş yeri,
qızarar qalanın qızı…

əsrlərin daş yaddaşında
süzər qolları
dövrəsindəki qızlarla
yallı getmək istəyər –
qollarını açan olsa.
Bəlkə də qoşulub gedər
Götürüb qaçan olsa…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.