İmperiyadan-Cümhuriyyətə
“Osman Qazidən Atatürkə: İmperiyadan-Cümhuriyyətə” – Osman Musayev, Dəyanət Osmanlı və Altay Cəfərovun “Qafqaz – MA” MMC-də işıq üzü görən yeni kitabı belə adlanır. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Osman Qazidən Atatürkə: İmperiyadan-Cümhuriyyətə” adlı layihə çərçivəsində “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən hazırlanmışdır. Layihə rəhbəri şair-publisist Dəyanət Osmanlıdır.
Nəşrin elmi redaktoru prof.dr. Nizami Cəfərov, redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır.
11 bölmədən ibarət olan kitab “Türkiyə tarixi”, “Osmanlı tarixi” və “Osmanlı sultanları”ndakı faktlar əsasında hazırlanmışdır.
Azərbaycan MEA-nın müxbir üzvü, professor Əbülfəz QULİYEVin kitaba “Son Söz” yerinə yazdığı məqaləni BizimYAZI.com oxucularına təqdim edirik:
Masamın üzərində bir kitab var: “Osman Qazidən Atatürkə, İmperiyadan Cümhuriyyətə” (Osman Musayev, Dəyanət Osmanlı və Altay Cəfərov). Doğrusu, vaxtilə Moskvanın “Nauka” nəşriyyatında çap olunmuş (1980) Petrosyanın “Osmanskaya imperiya: moquşestva i qibel” kitabı məndə Osmanlı tarixi haqqında qəribə hisslər oyatmışdı. Amma indi ilkin qaynaqlardakı faktlar əsasında yazılmış bu kitabı vərəqlədikcə erməninin anti-türk təbliğatı, türk tarixini gözdən salmaq üçün uydurduğu yalanlar və Moskvanın bu yalanlara həqiqət donu geydirməsi gəlib durur gözümün qabağında… Həqiqi tarixi, Türkün qəhraman keçmişini öyrənməyə çox ehtiyacımçız var…..
Ulu öndər Heydər Əliyevin 9 mart 2001-ci il tarixli sərəncamı ilə əsası qoyulmuş Azərbaycanda Atatürk Mərkəzi qarşısına türk dünyasının böyük öndəri, Türkiyə cumhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq Atatürk irsini,ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması vəzifəsi qoyulmuşdur. Təqdirəlayiq haldır ki,Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin “Mən ümid edirəm ki, burada Atatürkün tarixi irsi öyrəniləcək və təbliğ ediləcəkdir” deyə səciyyələndirdiyi Azərbaycanda fəaliyyət göstərən Atatürk mərkəzi qısa bir müddətdə respublikanın beyin mərkəzlərindən birinə çevrilmişdir. Sanballı bir elmi-tədqiqat institutu səviyyəsində fəaliyyət göstərən, bu fədakar işi ilə daxildə və xaricdə elmi dairələrin, ziyalıların diqqətini cəlb edən bu qurumda qısa müddətdə Türkiyə cumhuriyyətinin yaradıcısı Atatürkə,Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş araşdırmalar aparılmış, onlarla kitab nəşr edilmiş,konfranslar,müşavirələr, görüşlər keçirilmişdir.
Mərkəzin əməkdaşlarının bu istiqamətdə ortaya qoyduğu əsərlərdən biri “Osmanlı sultanları” kitabıdır. Osman Musayev, Dəyanət Osmanlı və Altay Cəfərovun qələmə aldıqları bu dəyərli əsər daha da təkmilləşdirilərək, əlavələr edilməklə “Osman Qazidən Atatürkə, İmperiyadan Cümhuriyyətə” adı ilə oxuculara təqdim olunur. Azərbaycan-Türkiyə mədəni-ictimai əlaqələrinin genişlənməsinə, tarixdə 650 ilədək ömür sürmüş Osmanlı İmperiyası, onun hökmdarları-sultanları, onların fəaliyyətləri haqqında Azərbaycan oxucusunda konkret təsəvvür yaratmaq məqsədi daşımaqdadır.
Kitabda Osmanlı və Cümhuriyyət tarxi örnəyində, özəlliklə, Osmanlı sultanlarının, Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti örnəyində Türk Dünyasının keçmişi, bu günü və gələcəyinə, türk mədəni birliyinin əsasları istiqamətində görülməli olan işlərə nəzər salınmış, ümumiləşdirmələr aparılmışdır.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor N.Cəfərov əsərə sanballı və dərin məzmunlu ön söz yazmışdır. Ön sözdə də göstərildiyi kimi, Türk imperiyalarından sonuncusu, dünyada ən uzunömürlü, böyük əraziyə malik, zəngin özəlliyi olan Osmanlı dövləti Ümumtürk tarixində xüsusi yer tutur. Dünyada türklüyün möhtəşəm yüksəlişi və təkrarsız, qurur duyulası tarixi qəhrəmanlıqları ilə bağlı məqamlar çoxdur. Bu baxımdan, türk tarixinin Osmanlı dönəmi türklüyün böyük fəxarətinə, onun yaddaşına çevrilmişdir. Ona görə də müəlliflər ortaq türk tarixinin bir parçasi olan və qəhrəmanlıqlarla dolu dövlətçiliyin şanlı səhifələrini təşkil edən Osmanlı dönəmi haqqında antitürk siyasəti yürütmüş keçimiş sovet təbliğat maşınından fərqli olaraq bu siyasi tarixin həqiqi məqamlarını milli zəmində oxuculara təqdim etmək ehtiyacı, zərurəti duymuş və bu faydalı işin öhdəsindən ləyaqətlə gəlmişlər.
Məlumdur ki, Osmanlı dövlətinin təməli 1299-cu il yanvarın 27-də müasir Türkiyənin Biləcik əyalətinin Söyüt şəhərində Osman Qazi tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuş və 1922-ci il noyabrın 1-dək 650 illik böyük bir tarixi əhatə etmişdir. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy Oğuzların Qayı boyundandır.
Müəlliflər 650 illik Osmanlı tarixini aşağıdakı mərhələlərə, dönəmlərə ayıraraq tədqiq və şərh etmişlər: 1.Bəylik dönəmi, 2.Quruluş dönəmi, 3.İnkişaf dönəmi, 4.Durğunluq dönəmi, 5.Geriləmə dönəmi, 6.Parçalanma dönəmi. Onu da qeyd edək ki,müəlliflərin bu təsnifatı Osmanlı tarixşünaslığında da qəbul edilmiş həqiqətləri əks etdirən bir bölgüdür.
Kitabda sistemli şəkildə 36 Osmanlı padşahının hər birinin dövrü, hakimiyyət illəri ayrı ayrılıqda təsvir və izah olunmuşdur. Bu oçerklərdə türk saultanlarının dövlət və millət qarşısında göstərdikləri xidmətlərdən ətraflı şəkildə bəhs edilmişdir. Məsələn, Osmanlı hökmdarı Fateh Sultan Mehmetdən (1432-1481) bəhs edərkən onun xidmətləri arasında xüsusilə yadda qalan 53 günlük mühasirə ilə 1453-cü ildə dünyanın ən böyük və gözəl şəhərlərindən biri olan İstanbulu fəth etməsindən bəhs edərkən müəlliflər yazırlar: “Ağ atın belində möhtəşəm bir hərbi hissə ilə şəhərə daxil olan Fateh Sultan Mehmed ilk öncə Ayasofiyaya getdi. Çatan kimi atdan endi və səcdə qıldı. Məbədi təmizlətdirdi, onu xristian təsvirlərindən azad etdi, qazilərin sevinc və həyəcanları içində ilk cümə namazını orada qıldı. Bundan sonra Ayasofiyanın qiyamət gününə qədər məscid kimi qalmasını yazılı surətdə vəsiyyət etdi. O deyirdi ki, dünyada tək bir dövlət,tək bir padşah və İstanbul da dünyanın paytaxtı olmalıdır”. Bu padşah İstanbulun fəthinə görə tarixdə Fateh titulu ilə qalmışdır. Digər igid türk sultanlarından biri də Yavuz Sultan Səlimdir. Çaldıran düzündə Şah İsmayıla qalib gəldikdən sonra 1517-ci ildə Abbasilər sülaləsinin hakimiyyətinə son qoydu,bütün ərəb ölkələrini imperiyanın tərkibinə qatdı və beləliklə dünya müsəlmanlarının ilk xəlifəsi titulunu aldı.
Bu maraqlı kitabda başqa bir maraqlı fakt da diqqətimi cəlb etdi. Burada hər sultandan bir kəlam, aforizm halını almış hikmətli söz və ya ifadə də verilmişdir. Məsələn, Müəlliflər Sultan II Əbdülhəmidin (1842-1918) həyatı və hökmdarlıq fəaliyyəti haqqında geniş məlumat vermişlər. Xatırladaq ki, məhz sultan Əbdülhəmidin dövründə 23 iyul 1908-ci il tarixində Türkiuyədə II Məşrutiyyət elan olundu. Bu dövrdə ermənilər 1905-ci ildə sultana sui-qəsd təşkil etdilər. Amma hökmdar bu bomba partlayışından xilas oldu. Avropa dövlətləri,xüsusilə İngiltərə Osmanlı dövlətini laxlatmaq üçün hər vasitəyə əl atır,erməni və yəhudiləri dəstəkləyir,onları himayə edirdilər. Burada müəlliflərin təsvir etdiyi sultan Əbdülhəmidin dövlətçiliyə sadiq olan, vətənpərvər bir hökmdar olduğunu göstərən bir ibrətamiz epizoda hörmətli oxucuların diqqətini cəlb etmək istəyirəm: Sionizmin banisi Teodor Herzi 19 may 1901-ci il tarixdə sultan Əbdülhəmidlə görüşərkən Avropa bircasını əldə saxlayan yəhudilərin Osmanlı imperiyasının bütün borclarını ödəməsi qarşılığında Fələstin torpaqlarının onlara verilməsini ifadə edən gizli təklifdə bulundu.Bu təklifi Sultan Əbdülhəmid: “Vətənin bir qarış torpağı belə satılmaz” -deyərək rədd etdi və dövlət miqyasında yəhudilərə torpaq satılmasını qadağan etdi. Amma Fələstin Osmanlı dövlətinin əlindən çıxdıqdan sonra yerli xalq pulun cazibəsinə uyaraq torpaqlarını satınca o torpaqlarda İsrail dövləti quruldu.
Müəlliflərin bir təspiti də tamamilə doğrudur ki, Osmanlı sultanlarının əksəriyyəti ölkəsini sevən, igid, cəsur və vətənpərvər olmuş, ömrünün böyük hissəsini ölkəsinin və millətinin ghələcək səadəti naminə döyüşlərdə keçirmiş, çoxu da cavan ikən dünyadan köçmüşdür. Bu mənada müəlliflərin sultan II Mustafadan (1664-1703) bəhs edərkən “o, tarixdə ordu komandanı kimi hərbi yürüşlərə gedən sonuncu Osmanlı sultanı olmuşdur” qeydi çox düşündürücü bir fakt olaraq diqqəti çəkir.
Məlumdur ki, Osmanlı dövrünə aid çox sayda termin və titullar müasir dövrdə istifadə dairəsindən çıxmış, dilin passiv fonduna daxil olmuşdur. Bu baxımdan təqdirəlayiq haldır ki, müəlliflər bir sıra o dövrkü terminləri işlədərkən onların qarşılığını və ya mənasını da mötərizə içərisində izah etrməyə çalışmışlar. Məsələn, Divani-Mühasibat (dövlət xərclərinə nəzarət edən şura), şurayi-dövlət (Anayasa məhkəməsinə bənzər dövlət şurası), asi-üsyançı, cülus-taxtaçıxma, naibi-səltənət-sultan uşaq olduğu üçün səltənəti idarə edən, əndərun-dövlət məmurları yetişdirən məktəb, müdərris-dini elmləri tədris edən, fetret dövrü-padşahsızlıq dövrü və s.
Kitabın müsbət cəhətlərindən biri də ondan ibarətdir ki, burada müfəssəl Osmanlı tarixi xronologiyası, verilmişdir. Bu xronologiya Osmanlı dövrünün əsas tarixlərini, əlamətdar hadisələrini daha dərindən öyrənməyə münbit zəmin və şərait yaradır. Həmçinin əsərdə Cümhuriyyətin qurucusu Mustafa Kamal Paşa Atatürkün həyat və fəaliyyəti, cümhuriyyət tarixində gördüyü böyül işlər barədə də dolğun məlumatlar xronoloci ardıcıllıqla əks olunmuşdur.
Osman Musayev, Dəyanət Osmanlı və Altay Cəfərovun “Osman Qazidən Atatürkə, İmperiyadan Cümhuriyyətə”” adlı araşdırmaları, türkün möhtəşəm tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından vaxtında meydana çıxmış çox mühüm bir qaynaqdır.
Bu əsər gənclərin vətənpərvərlik ruhunda maariflənməsində də mühüm mənbə rolu oynayacaqdı
1 şərh
Bu gozel ve qiymetli kitabin ortaya gelmesinde eziyyet cekmish her bir ziyaliya shexsen minnetdar oldugumu bildirir ve Turk dunyasinin yenilmezliyinin tesdiqine terefimizden atilan adimlardan biri kimi qiymetlendirirem. Inaniram ki, bu emanet oz sahiblerini tapacaq. Ugurlar.