Ana səhifə YAZILAR …yuxulu idin məni görmədin…

…yuxulu idin məni görmədin…

Müəllif: Bizim Yazı
1. 079 baxış

 

Təranə MUSA

***
Səni yanımda istədim
olmadın…
Birində gözlərini aradım,
birində dodaqlarını.
Birində saçlarının düzümünü gördüm,
bir başqasında…
Bax, beləcə baş verdi
parçalanıb dağılmağın…

***
Metroda qatarın fit səsi ölüm hayqırtısına bənzədi.
İçimdə bir sevinc baş qaldırdı –
Ömrüm boyu yaşamadığım üç dəqiqəlik bir səadət yaşadım
Ölümə qovuşmaq səadəti…
Təəssüf…
“Ulduz” stansiyası.

***
Yaşam boyu xəyallarımla baş-başa yaşadım
Arada bir röyalarıma ara verib gerçəkliyə baxım
– dedim.
Göz qapaqlarımı açar-açmaz səni gördüm
Nə yazıq ki, sən də yuxulu idin
Məni görmədin…

***
Sevgidən doymaq istədim…
Doyumluq olmadı, dadımlıq oldu.

***
Səsin dalğa-dalğa ürəyimin bütün hücrələrinə paylandı.
Bu paylantı özü ilə sevda seli, eşq atəşi, məhəbbət nuru gətirmişdi.
Sel bütün vücudumu bürüyərkən atəş bütünlüklə yandırdı, qarsdı.
Məhəbbət nuru gözlərimi boyadı, işıq verdi, güc verdi.
Bir qış günü ürəyimdə atasız doğulan bir sevginin istisinə qızındım.
…Avqust günəşinin altında
…tir-tir titrəyirəm.
Hər şeyi vurmaq, qırmaq, dağıltmaq, sındırmaq istəyirəm.
Gücüm yox ki…
Ağlamaq istəyirəm…
Sən yoxsun ki, göz yaşlarımı baxışınla siləsən.
Bir zaman məni odlara salan o səs indi tir-tir titrədir –
Tək bir səsə vurulmağın
İstezasını edərək…

***
Yağış damlaları kiminin saçlarında,
Kiminin əllərində,
Kiminin üst-başında parıldayır.
Mənə də pay düşür bu yağışdan.
Ancaq mənim payıma düşən damcılar
Parıltısızdı.
Çünki…
Çünki göz yaşlarım daha parlaqdı…

***
Çıxıb getmək istədim
Ulduzlardan ötələrə…
Gedə bilmədim.
Qıymadım!
Hər zaman başımın üstündə gəzdirdiyim ulduzların
Ayaqlarımın altında qalmasına…

***
Düş yaxamdan!
Artıq səni sev(mə)diyimi anla.
Sən mənə bağlılığınla məni aşağı dartırsan.
Savabları kimini yuxarı, günahları kimini aşağı çəkir…
Tək günahım səni sevməyimdi.
Bu qədərini mən belə düşünməmişdim.
Qarşı tərəfə keçərkən gördüm səni
Əzəmətli duruşun, parıltın gözlərimi necə qamaşdırdısa…
Bir daha neç nə görmədim…

Ancaq sənə sahib olan kimi üzünü məndən döndərdin
İndi əziyyətini, ağırlığını mən çəkirəm, işığına başqaları isinir,
Gözləri qamaşdırırsan…
Çoxu sənin mənə yaraşmadığını, sənin köhnə dəbli olduğunu söylədi…
Məhəbbət həm kar, həm kor olur axı…

Düş yaxamdan…
Sol tərəfdən ürəyimə yaman batırsan –
SanCağım!

You may also like

1 şərh

vahid aslan 2012-06-05 - 00:03

təranə xanımın şeirlərini diqqətlə, əslində pıçıltı kimi səssizcə oxudum, ruhumu oxşadı. təbrik edirəm!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.