Ana səhifə YAZILAR DEBÜT: Tural TURAN

DEBÜT: Tural TURAN

Müəllif: Bizim Yazı
433 baxış

İTMƏZ BU ÖYKÜNÜN KÖKÜ

Qurdların ölən vaxtı
Eldə bir lal qurd uladı.
Son nəfəsdə ağız açdı,
Özü boyda dərd uladı.

Boş qalan dəyələr gördü,
Quzusuz pəyələr gördü.
Yadlaşan ciyilər gördü,
Od götürdü, sərt uladı.

 

Dünəninə baxdı, baxdı…
Vulkan olub göyə çıxdı…
(Ulamaq da laxlamaqdı!)
Həzin- həzin pərt uladı.)

Qurd oğlu gördüsə görkü,
İtməz bu öykünün kökü!..
Qiyamətdi, ayıl gör ki,
Yüz boğazda Yurd uladı.
11 əkim 2011, Şəmkir

QURD BALASI, BAXMA BELƏ…

Bu dağın qurduna bax,
Dovşanlara yem daşıyır.
Bu dağın dərdinə bax,
Yuvasında Qurd üşüyür.

Bu dağ kimin dağıdı?
Hansı yetimin dağıdı?
Xan Kərəmin dağıdı? –
Əsli at üstə kişnəyir.

…Ocağına sumu düşdü?
Bəs bu ocaq niyə keçdi?!
Vicdanınmı höyüşdü,
Tonqalında sar isnəyir?

Qurd balası, baxma belə
Araz kimi axma belə…
Gəl, uşqunma, yosma belə,
Çənlibeldə kal əsnəyir.
15 əkin 2011, Şəmkir

AXIR QƏMLƏR BUDURMU, QURD?!.

Başı qarlı qara ağac,
Bu qurd niyə bərk ulayır?
Bu soyulan balasımı –
Əllərində kürk ulayır?!.

Bu bala son beşikdimi?
Sonuncu ev–eşikdimi?
Yelmi yedi beş əhdini,
Beş boğazda tək ulayır?!.

Təklik zəhər dadırmı, qurd?!
Boğazın dərd udurmu, qurd?!
Axır qəmlər budurmu, qurd?!.
Yığış…, dünya, “tərk!” ulayır…
Güz-2011, Şəmkir

BU UŞAQ MƏNƏ OXŞAYIR

Üz-gözündən zəhər yağır,
Bu uşaq mənə oxşayır.
Balaqları palçıq, çamur,
Bu uşaq mənə oxşayır.

Atalıdı, analıdı
Xoş günləri sanalıdı.
Yaraları cunalıdı
Bu uşaq mənə oxşayır.

Baxıb göyün göy üzünə,
Gecəsinə günüzünə,
Əlini çəkir üzünə…
Bu uşaq mənə oxşayır.

Baxır göydə uçaqlara
Dam belindən uzaqlara
Qoşulmayır uşaqlara,
Bu uşaq mənə oxşayır.

Nə dərdini duyan var,
Nə ona göz qoyan var,
Ona bircə həyan var…
……………………………
Bu uşaq mənə oxşayır.

Vay, ağlasa… kirimir, bu.
Günlər keçir, böyümür bu.
Çırpınsa da, döyünmür bu…
Bu uşaq mənə oxşayır.
10 çiçək 2011, Bakı

***
Nə güləyən suratı var
Nə arzusu, muradı var.
Nə inadı, imdadı var
Səsi batıb bu uşağın.

Bir alnı var ceviz kimi.
Çox əllənib, dulus kimi.
Gözləri göy dəniz kimi,
göyə axıb bu uşağın.

Hey düşünür öz sonunu;
Qış sonunu, yaz sonunu.
Nədir bu həyat sunumu? –
Yuxusu qaçıb uşağın.

Yaşı deyil süd əmməyin.
Yaxşı deyil, dilənməyi.
Daşdan da çıxmır yeməyi,
Sonu çatıb bu uşağın.

Bu yuxudu, dərddi, nədi?
Bitmir qapının söyüdü.
Qonşu qızlar böyüdü,
Yaşı itib bu uşağın…
14 elat 2011, Bakı

SƏNİNLƏYƏM, AY İŞIĞI

Ay işığı, bir səs göndər,
Mən deyən hərf olmasın.
Nə cam duysun, nə də minbər,
Eşitməsin… yozulmasın.

Ay işığı, bir köz göndər,
Canından, qanından gəlsin.
O gəlməsə bir söz göndər,
Ümidimiz çöksəməsin.

Ay işğı, bir üz göndər,
Bu dünya görməmiş olsun.
Görüncə əllərim əssin,
Gözlərim görməmiş olsun.

Ay işığı, məni göndər
Göylərdən baxan məni.
Məni düz görməyənlər,
Tanısın yaxından məni.

Bir kəlməyəm, ay işığı.
Bir ilməyəm, ay işığı…
Səndən başqa kimim var?..
(Mən gəlməyəm, ay işığı)

Yatmırsansa eşit məni,
Səninləyəm, ay işığı!
Səninləyəm, ay işığı!..
9 əkim 2011-ci il, Şəmkir

YENƏ MƏNİ YENİR DÜNYA…

Beşin üçə bir dünyadı,
Beşdən üçə enir dünya.
Minə bilsən halal olsun,
Minəmməsən, minir dünya.

Yəhər salıb – keçədəndi.
Yolu bizim küçədəndi.
Gəlir, gəlir neçə gündü
döngəmizdən dönür dünya.

Kürəyində sirr möhürü.
Tülkü möhrü, şir möhürü.
Açım baxım, ver möhürü,
Deyən kimi sinir dünya.

Bir felinə min çaşdırır.
Cini gəlsə, cin çaşdırır.
Səni, məni danışdırır,
Gör bir özü dinir dünya?!.

Tural, Turan yolundasan.
Əhli-iman yolundasan.
Gərçi “Quran” yolundasan,
Yenə səni yenir dünya.
19 əkim 2010, Xırdalan

…SİRRİ TOZLU SÖZDƏN KEÇƏR

Bu kəndin adı – babam…
Bu kəndin dadı – yuvam…
Qiyməti – bir udum havam,
Boğazdan, nəfəsdən keçər.

Daş tozunu yağış yumaz!
Köksü sirdi, – baxış yumaz.
Bu sirri min naxış yumaz,
Sirri tozlu səsdən keçər.

Atamızın gözü yağma…
Anamızın südü boğma…
(Yad qız, bu qapıda doğma,
Südün ruhu qızdan keçər…) –

Tanış hava…, çiskin, yağış…
Göz döyür neçə yüz baxış,
Kar eləmir alqış, qarğış…
Haqqın haqqı düzdən keçər…

Tez tutub gec açır hava,
Doqquzu dərd, biri dəva…
Sönən odmu de, bivəfa..?
Od da, yelsiz közdən keçər…
Od da, yelsiz közdən keçər!..
24 ocaq 2012, Bakı

ÖLÜMÜN YAMANCINDA…

Ölüm gəlir dilimlə
Ölüm gəlir, gülümlə…
Basdırıram əlimlə,
Ölüm ölmür, Odər oğlu.

Ölüm yolu xırlanır,
Qazanları qırlanır…
…Yeddicələr fırlanır,
Ölüm ölmür, Odər oğlu.

…Qollarına saat taxır,
Dəftər tutur, günlük yazır.
Ölüm yatır, ölüm qalxır,
Ölüm ölmür, Odər oğlu.

Ulu sözü bir sal yada:
Kim doy gəlmiş yanar oda?!
Mayalarmız od olsa da,
Ölüm ölmür, Odər oğlu…
Güz – 2011, Şəmkir

BİLMƏDİK

İlk toxunuş hənirtiydi deyəsən,
Sabahına iniltiydi deyəsən.
Ürkək baxıb mənə dəli deyən sən,
Bu baxışın adı nəydi, bilmədik.

Hörüklərin od olmuşdu, yanırdı.
Adlarımız ad olmuşdu, danırdın.
Bu doğuşu yaşımız da qanırdı,
Bu doğuşun adı nəydi, bilmədik?!

…Bu cığırda izlər izə qarışdı.
Gözlər gözə, sözlər sözə qarışdı.
“Biz” “siz” olduq, “siz”lər “biz”ə qarışdı,
Bu qarğışın adı nəydi, bilmədik.

Bu soyuğun sazağında qızındıq,
Yaxınında, uzağında qızındıq.
Gözün çiskin qucağında qızındıq,
Bu yağışın adı nəydi, bilmədik…
11.11.2011, Şəmkir

İLK SƏN DÜŞDÜN YADIMA…

Yenə sönüb işıqlar,
Yenə çöküb qaranlıq,
Bu zülmət çağında da,
Səni andım bir anlıq.

İlk sən düşdün yadıma,
İlk sən düşdün, əzizim.
Yenə həmşəki tək
Qəfil gəldin əzizim.

Sən gəlmişdin, yenə də…

Fəqət məndən xəbərsiz.
Yenə, səndən xəbərsiz…
              28 aralıq 2009, Binəqədi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.