Home YAZILAR Qış bəhanədir…

Qış bəhanədir…

by Ali Zeynalov

Bəlkə də insan heç vaxt havanın soyuğundan yox, öz içindəki istiliyin kimə və nəyə xərcləndiyindən üşüyür.
Qış göydən düşmür. O, əvvəlcə insanın cibinə enir, orada səssizcə buz bağlayır, sonra qan damarlarına sızır və nəhayət, nəfəsin ağardığı o ilk səhər pəncərə şüşəsində özünü göstərir. Termometr mənfi göstərə bilər, külək küçələri süpürüb aparar, amma həqiqi üşümə cədvəli başqa yerdə yazılır: kəsirli hesabların, yarımçıq qalmış xəyal vədlərinin və boş qalmış ciblərin içində.
​Postmodern dünyanın soyuq güzgüsündə hər şey parçalanıb. Zaman fraqmentlərə bölünüb, dəyərlər bir-birinə qarışıb, sözlər öz ağırlığını itirib. Bu parça-parça reallığın ortasında köhnə bir atalar sözü birdən-birə metafizik bir hökmə çevrilir: insan cibindəkinə görə üşüyər. Sanki təbiət sadəcə bir dekorasiyadır, əsl dram isə iqtisadiyyatla varoluşun kəsişdiyi o dar, qaranlıq dəhlizdə oynanılır.
​İki insan eyni küçədə, eyni şaxtalı axşamda addımlayır. Birinin paltosu sadəcə yun parçadır, digərininki isə etibarsızlıqdan, sabahkı günün qorxusundan toxunub. Birincisi üçün soyuq mövsümün adi bir kaprizidir, isti bir otaq, bir fincan çay və ya qısa bir səfərlə bitən müvəqqəti narahatlıq. İkincisi üçün isə şaxta içəridən gələn bir səssizlikdir; hər qəpiyin hesablandığı, hər xərcin gələcəkdən qoparılmış bir parça kimi hiss edildiyi yerdə hava heç vaxt tam isinmir.
​Burada soyuq meteoroloji hadisə olmaqdan çıxır və ontoloji vəziyyətə çevrilir. Cib yalnız parça və astar deyil. O, insanın dünyaya qarşı duruşunun, təhlükəsizlik illüziyasının və ya çılpaq reallığının kiçik bir maketidir. Cib boşaldıqca, dünyanın sərt kənarları daha kəskin hiss olunur. külək yalnız üzə vurmur, sanki insanın sümüklərindəki ehtiyatları yoxlayır.
​Müasir dövrdə cib təkcə kağız əskinasların saxlandığı yer deyil. O, həm də simvolik kapitalın, statusun, görünməyin və “var olmağın” qiymətidir. Postmodern insan üşüyəndə çox vaxt bunu soyuqdan yox, uyğunsuzluqdan edir: içindəki ehtiyaclarla çöldəki tələblər arasında yaranan uçurumdan.
Bəzən insanın cibi doludur, amma ruhu donub çünki hər şey alınıb-satılıb, yaxınlıq belə qiymət etiketlərinə bölünüb. Bu, başqa bir üşümədir: tox cibin, ac ruhun şaxtası.
Cib boş olanda dünya öz maskasını çıxarır. Dostluqların sınağı, vaxtın ağırlığı, seçimlərın məhdudluğu bir anda üzə çıxır. Onda başa düşürsən ki, qış bəhanədir əslində səni titrədən şaxta deyil, çarəsizliyin soyuq nəfəsidir.
Həyat bir dramdır, amma bu dramda suflyor yoxdur, hər kəs öz rolunu cibindəki ssenariyə uyğun oynayır. Kimin cibi nə qədər dərindirsə, səhnədəki işıq da bir o qədər fərqli düşür.
​Qış gələr, qar yağar, sonra əriyər. Cib də gah dolar, gah boşalar — həyatın rəqsi belədir. Amma bu dramatik dövrədə insanın özünə verdiyi bir sual qalır: mən həqiqətən soyuqdan titrəyirəm, yoxsa sadəcə içimdəki kəsiri gizlətmək üçün qışı bəhanə edirəm?
​Çünki bəzən ən sərt şaxta küçədə deyil, insanın özündən qaçdığı o qısa anlarda başlayır.
Çünki insanı əslində təqvimin soyuqu yox, ümidlərinin sıfır dərəcəsi dondurur.

Tural İbrahim
Yazıçı-publisist
Azərbaycan Yazıçılar Birliyinin , Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

You may also like

Leave a Comment