Deyirlər ki, insan həyatında məhəbbət bir dəfə olurmuş. Birinci və ikinci deyilənlər boş söz, ondan əvvəl və ondan sonra yaşananların hamısı o tək tilsimi anlamaq yolundakı emosional axtarışlardır. Bunu kim bilə bilər? Bəlkə də, bu sözlər təsəlli tapmaq ümidi ilə deyilib? Məhəbbət nədir? Bildiyim budur: məhəbbətə mübtəla olmaqdır. Özünü tənha hiss edəndə darıxırsan, canın ağrıyanda məlhəmi onda axtarırsan, boşluq duyanda mənaya can atır, heyrətini onunla bölüşmək istəyirsən. Qısası, məhəbbət mahnı olub titrədir, ahəng olub içini alovlandırır, nəğmə olub ovundurur…
* * *
Öz mahnımı tapana qədər neçə-neçə nalələrə ürəyimdə yer verdim. Onlar oynaq, kədərli, sınmış, etiraf və həsrət dolu, nisgilli, fəryadlı idi… Hər biri əzizdir mənim üçün. Hamısı məni guruldayan dənizə — Müslüm Maqomayevin təlatümlü dünyasına apardı. Dünənin heyrətini də yaşayıram, bir də unutmadığım… Bəxtiyar Zakirov — qəlbi yaralı şairim, miskin Məcnunum. “Maro bibus”, “Sərban” ya da “De, hardasan bəxt”… Bunlarda qırıq qəlbin səsini eşidirdim. Uzlətnişin ovqatımın həmdəmi idi. Yüksək və saf hisslərin hamısı yalnız bu yerdə avara dolaşan kölgələrdir, deyən fəryad idi. Tanıdığım Müslüm — mənim çatdığım mənzil…
Bəlkə də sabahım üçün açılmış qapıydı. Bilirəm, bu sözlər sizə bir az qəribə gələ bilər. Elə bil dostunun adını çəkmək kimi danışmaq…
Şərq adabına uyğun gəlmir, deyə irad edərsiniz. Axı o, artıq keçmişdə qalmış bir sənətkardır? Nəyləyim, onu dünyaca məşhur mərhum bir müğənni deyil, dərdimə dərman dost, qəlbi döyünən zamandaşim kimi görürəmsə? Könül deyilən yazıq şey rəsmi qaydaları qəbul etmirsə, mən nəyləyə bilərəm? Sənətkar hansı dildə oxuyursa-oxusun — ingiliscə, azərbaycanca, rusca — fərq etməz…
mən və mənim duyğudaşlarımın başa düşdüyü dildə oxuyur. Onun layla tərzində oxuduğu əziz “Ana” mahnısı mənim beşiyim başında layla deyən ANAMI xatırladır. Layla ahəngindəki nəğmədən ürək sızlayır, ruh ritmlə titrəyərək onu eşidir…
Bu qədər səmimiyyətin səbəbi nədir? Saralıb gedən həsrət yükü haradan gəldi? Ana balasına layla dediyi kimi səssiz təlatümlə, içdən gələn bir hərarətlə oxunduğu üçün ürəyin ibadətinə çevrilmişdimi? Zamandaşım olan müğənni, sən də bir zamanlar qəlbinə süzülmüş o layla kimi, Ana haqqında “laylay”ını — dərdini — fəryad etmədən söyləyə bilərdin…
Daha ağlamadan, göz yaşlarını ürəyinin dərinliyinə axıt. Anla ki, hər qəlbin öz göz yaşı, öz fəryadı var…
Bu həsrəti pıçılda, qəlbinə təsəlli ver….Azərbaycan oğlunun nəğməsindəki inilti bu dünyada sənin saf təbəssümünə həsrət qalan yeganə varlığın Ana olduğunu dönə-dönə pıçıldayır. Təlatüm…
Təlatüm…
Amma fəlakətli tufan deyil. Boran…
Boran…
Ürəkdən başqa bir yeri məskən tutmaz…
Ağçağların səs-səsə verdiyi anda, ahəng sinəsində sahilə tərəf can atan dalğalar…
Sərsəri duyğularmı onlar? Yaxud çaşqın arzular? Özünü Kainatın bir məhsulu olduğunu, Yer və Göylə bir bədən, bir can olduğunu dərk edirsən. Sən də mavi əbədiliyin bir dalğası, təbiətin bir cilvəsi kimi gah çıxır, gah da bataraq axırsan…
Haraya? Hansı tərəfə? Bəzən tələsirsən, bəzən asta yeriyirsən. Ünvanın varmı axı? Harada sənin dənizin? Müslümün ilk pərəstişkarı dəniz idi. Onu ilk dəfə dəniz dinləmişdi. Gənclik çağında qəlbindən daşan nalələri dəniz dalğalarına dedi. Ürəyini dalğaların ovucuna verdi. Səsindəki dəyişikliklərin yaratdığı sarsıntıları yalnız dənizə etiraf etdi. Elə buna görə də dənizin qarşısında, onun sonsuz genişliyi önündə özünü borclu hiss etdi. Və illər sonra bunu nəğməyə çevirdi…
O, more…
more…
Dənizin dəli-dolu dalğasına dözən qaya parçaları…
İnsan, Sənin dözümünü hansı qayaya bənzədim?…
Yer və göy qucaq-qucağa uçuram…
O elə bir daşqındır ki, sənin və sənə yaxın insanların həyatını da öz girdabına çəkir…
Təlatüm, qasırğa, hərarət, ürəkdəki boranı içində saxlamaq bacarığı, dalğalar nə qədər coşsa da dağılmamaq sabiti…
Hamısı Onda cəmlənmişdi. Duyğulara zülm etmədən, daşdan da sərt bu boz torpaqda yaşamağın, qəlbdəki qüdrətin həyatın həqiqətlərinə qalib gələcəyinə ümid oyadır….Mavi sonsuzluq onun ahəngində əbədi təcəssümünü tapdı. Sənətkarın məhəbbət haqqında mahnılarında sevilən varlıq sadəcə iki ayağı, iki qolu olan məhdud bir canlı deyil, varlığın bir parçası, yalnız mavi sonsuzluğa məxsus azad ŞƏXS, təbiətin sərbəst övladı kimi canlanır. O, sanki sizinlə mənim hisslərim əsarətindəki insan deyil. Müslüm Maqomayevin oxuduğu sevgi göyün boşluğundan süzülüb gəlmir, əksinə, sonsuzluq onun məhəbbətində dövr edir. Bu sevgi insanı taleyini olduğu kimi qəbul etməyə və ona məhkum İNSANA ehtiram göstərməyə öyrədir. Sənətkar bir müsahibəsində “Məhəbbət haqda mahnılarım konkret bir qadına həsr olunmayıb. Oxuyarkən göz önünə özüm yaratdığım ideal qadını gətirirəm” demişdi. Ola bilər ki, lirik qəhrəmanın şəxsiyyəti konkret olmadığı üçün onu dinləyən hər bir qadın “Bu mənim haqqımdadır” deyə düşünər, bir kişinin qadına göstərdiyi ehtiram kimi qəbul edər, həyəcanlanar, ərköyünləşər. Təbiidir ki, həmin an dinləyicinin heyranlığa susamış qəlbi sənətkarın “ideal QADIN”la tanış olar, uca hisslərlə boylanar, ideallarla üz-üzə gələr, gözəl hisslərin axınına necə qapıldığını, bir daha Qadın olaraq yenidən doğulduğunu hiss etməz belə…
O, yaxşı düşün, dərd etmə əsla, Bəxt-iqbal yar olsun sənə munasib…
Amma sən ah çəksən əgər bir dəfə, Mən yenə dönərəm, qəlbimi basıb…
Hər dəfə ““Noktyurn””u dinlədikdə Rəuf Pərfinin şeirinin musiqi yozumu deyə qəlbim şərh edir. O iztirab, o inilti, o qürur…
Qismətin gözünə küskünlüksüz baxmaq…
Sadəcə başqa dildə. “Я к тебе приду на помощь, только позови / Просто позови, тихо позови…” Necə olursa-olsun, yalvarıram, sən xoşbəxt ol…
Ola bilsin ki, Rəuf Pərfinin bədii gücü qarşısında bu rusca ifadə sadə səslənə bilər, amma siz Arno Babacanyan musiqisi və Maqomayevin ifasında dinləyin! Əgər insanın qəlbində dərd yoxdursa, istər tambur alsın, istər ney, fərq etməz, o yalnız bir çubuqdur. Lakin aşiqin əlində istənilən ağac belə canlanır. Qasırğanı içində gizlədən qəmli “Elegiya”…
Qəbul etməyə çalışan, amma buna qadir olmayan qəlbin dramı. Yer və göy qarşısında üzbəüz qalan, özünə qərq olmuş yalnız insanın nidasi. “Məhəbbət nədir?” deyən üsyankar suala “Elegiya”nın təsiri altında qalan qəlb “qəlbin inqilabı, ürəyin öz-özünə üsyanı” deyə cavab verir….Sən — mənim nəğməmsən…
Onlar 1972-ci ilin payızında Bakıda görüşdülər. O vaxta qədər bir neçə dəfə Moskvada təsadüfən qarşılaşmışdılar, amma baxışları çarpışmamışdı. Tamara Sinyavskaya — Böyük Teatrın aparıcı solisti. Öz sahəsində tanınmış sənətkar. Otuz yaşlı Müslüm isə ittifaq miqyasında məşhur, Xalq artisti. Beləliklə, bu görüş hər iki yaradıcı insanın həyatını axarından çıxardı. Köhnə dərd — məhəbbət üçbucağı. Tamara — ailəli qadın. Müslüm isə bir neçə il əvvəl boşanmış, Marina adlı qızı var. Qəddar taleyin oyunundan yayınmaq üçün bir bəhanə də ortaya çıxır: Tamaranın La Skala teatrında təhsil almaq imkanı yaranır. Barışığın nə olduğunu bilməyən məhəbbətin gözünə toz səpmək üçün bir yol…
Böyük müdriklər deyib ki: özündən qaçmaqla hara gedə bilərsən ki? Bu əzablı hissləri sınamaq üçün hicrandan daha ədalətli bir imtahan varmı? Tamara dərsləri hələ bitmədən, otağında səbirsizliklə Moskvadan bir xəbər gözləyirdi. Çünki aşiq ilk gündən ona müntəzəm xəbər verərək qadını buna öyrəşdirmişdi. Bu dəfə isə az öncə yeni bir mahnı yazdıqlarını, Tamaranın da telefonu ilə dinləyə biləcəyini söyləyir…
Sən — mənim nəğməmsən, Mən isə sənə sadiq Orfey…
“Sən — mənim nəğməmsən…” acı ayrılığa qoyulmuş bir abidə olaraq aldı. Hicranın bu naləsi hər bir yaralı qəlbdə öz heykəlini ucaltdı. Orfey solo konsertində muzanın musiqi məskənindən geri dönməsini gözlədi. Əsasən məhəbbət mahnılarından ibarət olan konsert proqramı “Sən — mənim nəğməmsən…” adlanırdı. Amma O həmin konsertə gəlmir…
Dizginlənməyən hisslər qarşısında duyulan qorxu qadının əl-qolunu bağlayır. Çünki astananı keçmək — qəti qərar demək. Yanındakı adamın sinəsini param-parça etmək demək. Qadın öz qadınlıq duyğularını susduraraq borc bildiyi seçimə boyun əydi. Dünyası közə dönən Müslüm isə özünə təkrar-təkrar deyirdi: “Artıq sənin həyatında Tamara adlı qadın yox. Onunla bağlı nə varsa, hamısını həyatından sil”. Amma bozdan da boz günlərin birində Tamaranın özü gözlənilmədən onun otağına gəlir…
Gənclik sevgisi, kurs yoldaşı və qızı Marinanın anası Ofeliyadan boşandıqdan sonra ailə həyatından usanmış gənc: “Bir də heç vaxt ZAGS-ın astanasından keçməyəcəyəm”, deyə özünə söz vermişdi. Amma indi onların hər ikisi də keçmişin ağrılarını unutmalı, həyatı ağ vərəqdən başlamalıydılar… Həqiqi bir kişi kimi o Tamaranın cəsarətinə layiq cavab verməli idi. Beləliklə, rejissor Aleksandr Zaxari onu “Anna Karenina” filmində Vronski roluna dəvət edir. Heç bir sınaqsız. Sonradan həmin rolu oynayan aktyor Vasili Lanovoy “Niyə imtina etdin?” deyə təəccüblə soruşanda o gülümsəyərək “Qoy, hər kəs öz işini görsün. Mən aktyor deyiləm. Onsuz da məni görməyə gözü olmayan kişilərin sırasını artırıb nə edim?” deyir. Onların birlikdə keçdiyi ömürdə həyatın bütün rəngləri əks olunmuşdu. Həmnəfəs otuz dörd il — həsəd aparılacaq bir ömür yaşadılar. Ərinin xəstəliyi səbəbindən Tamara sənətinin kamillik zirvəsində səhnədən getdi. Teatr onun yoxluğunu hiss etdiyində o “İndi səhnədən daha çox Müslümə gərəyəm” deyə cavab verir. Minnətdaram sənə, Sənin mehrin buz tutmuş dünyamı isidib. Açdığın sehr, oyatdığın fəryad, bəxş etdiyin iztirablar və gülüşlər üçün…
hər şey üçün təşəkkürlər! Müslüm Maqomayev kimi zərif ruhlu, coşqun xarakterli, əhval-ruhiyyə insanı ilə yaşamaq təkcə səbir deyil, sənətdir. Həmişə qadınların diqqətində olan yaraşıqlı və məşhur bir şəxs, axı bu ciddi təhlükə. Arvadından “Uzun illik ailə həyatının sirri nədir?” deyə soruşmuşlar. Bəziləri ona Müslümün yaradıcılığında iz qoymuş qadın kimi də yanaşır. Sinyavskayanın davranışındakı təbii sadəliyi, ərinin xatirəsinə göstərdiyi hörmətli münasibəti izlədikdə və müsahibələrini dinlədikdə bir həqiqəti anlayıram: bizim tanıdığımız bir çox məşhur mərhumların xanımlarından fərqli olaraq, ərinin şöhrətindən pay almaq, “böyük dul” olmaq iddiasından uzaq — azad qadın. Onun Müslüm Maqomayevin şöhrətinə ehtiyac duymadığı açıq-aydın görünür. Əksinə, qadın təbiətindəki nikbinlik Maqomayev hadisəsini daha da parlaq göstərir. Bəlkə də, Müslümsüz də ayrıca şəxsiyyət — Tamara Sinyavskaya olduğu üçündür. Əvvəldən kimlə həyat qurduğunu anlamış, özünə düşən məsuliyyəti qəbul etmiş, əri hələ sağ ikən artıq əfsanəyə çevrilmiş qadın. Azərbaycan hökumətindən tutmuş xalqına qədər bu qadınla “bizim gəlin” deyə fəxr etməsi boşuna deyil. Bəs, Tamara Sinyavskayanın özü uzun illik bu münasibəti necə izah edir? “Səhnədə olduğu kimi, ailədə də ahəng əsas rol oynayır. Əsas odur ki, bu ahəng səmimi olsun. Bizim isə maraqlarımız arasındakı ortaq cəhətlər bizi bağlayırdı. Müslümün yaradıcılığında mənim rolum? Maraqlıdır. Axı mən Müslümlə tanış olandan əvvəl də o məşhur Maqomayev idi! Demək, məsləhətlərimə heç ehtiyacı yox idi. Mənim işim sadəcə onun azadlığına kölgə salmamaq, mane olmamaq idi, vəssalam. Onun qarşısında sadə bir qadın idim. Xalq artisti Tamara Sinyavskaya qapının o tərəfində qalırdı”. Maqomayev öz kitabında “Tamara ilə keçirdiyim həyatımı azad quşun uçuşuna bənzədirəm”, deyə yazır. Başqa cür də ola bilməzdi. Bu kimi nadir insanlar arasında münasibətlərdə azadlıq və həyat bir-birinə qarşı çıxdığı anda hər hansı müqəddəs anlayış öz cazibəsini itirməyə başlayır. Qəlbi ilə dərk edən insan üçün cazibədən məhrum həyat tənəzzüldən başqa bir şey deyil. Müslüm Maqomayev haqqında yazılmış kitabları oxuyub sənətkarın həyata münasibətini təhlil etdikdə onun ifa etdiyi mahnılarla səsləşən bir vüqarı hiss edirsiniz. Düşüncələri bütöv bütöv şəkildə sənətinə köçmüş onun… Hisslərlə dolu, düşüncəli bir üz. Bəzən kədərli, bəzən qürurlu bu sima özü ayrıca bir mahnıdır. Qəmə qərq olan sənətkar simasında “Yox, ağlamayacağam, ağlamayacağam!” deyə içində coşan mərd bir insan var, göz yaşlarına təslim olan kişi deyil. O, özündəki böyüklüyü sizə də ötürür. Elə o an sizi öz zirvəsinə qaldırmağı bacarır. “Elegiya”, “Minnətdaram sənə…”, “Sən — mənim nəğməmsən”, “De, sənin gözlərin…”, “Əgər dünyada sevgi varsa…”, “Ana”, “İllər keçər…” və ya dənizə həsr olunmuş mahnısındakı təlatümlü hisslərin qəlbinizə süzülməsinə icazə verin… Möcüzə kənarda deyil, insanın daxilində baş verir! Təlatümlü daxili nəğmələr. Hiyləgər yarı xatırladan mahnılar. Min bir nazla içinə daxil olur və sonra dünyanı alt-üst edir. Sən öz iniltini, heç kimə deyə bilmədiyin, özündən belə qorxduğun iztirablarının surətini görürsən. Məhəbbətin öz məhşəri ilə üz-üzə qalır. Əgər gözləriniz par-par parıldayan, hamar səsi ilə oxuyan birisi birdən “Ey yar, məni yandırdın, dünyanın rüsvay etdin” deyə nalə edirsə yaxud “Ötər” mahnısını dodaqlarından süzülən sevincə nəzarət edə bilmədən, şirin bir təbəssümlə səsləndirirsə “ulduzun bu qəribə görünüşünə təəccüblənməyin. Yazıq otuz, hətta qırx yaşına çatsa da, heç olmasa bir dəfə yanmayıbsa, yandıran canın avazından çaşmayıbsa, taleyin bıçağı onu sinəsindən yaralamayıbsa, bu mahnını necə səsləndirə bilər? Mənim sənətkarım, əbədi incim “Sən — mənim nəğməmsən”i otuz yaşında yox, altmış yaşında da oxusaydı, onu yenidən yaşayıb, bütün ağrılı hisslərini özündən keçirərdi, yaşayırdı. O, atasını görməmişdi; atası müharibədə həlak olmuşdu. Anası Ayşət xanım bənzərsiz səsə sahib idi. Tanrı bu qadına istedada uyğun olaraq qeyri-adi bir xarakter bəxş etmişdi. Həyatı yollarda keçdi. Hansısa teatr xoşuna gəlməyəndə əlini yelləyib başqa bir vilayətin teatrına gedirdi. Təbii ki, belə bir həyatda uşaq çətinlik çəkməli idi. Nənəsi və əmisi himayəsində böyüyən sənətkar ““Məndəki səs və azadlıq sevgisi anamdan, amma musiqi qabiliyyəti və qeyrət duyğusu Maqomayevlərdən mirasdır”, deyə yazır. Həqiqətən də, o öz dövrünün azadlıq və qeyrət simvolu olub. Elə bu xarakterinə görə də məşhur Böyük Teatra dəvət alanda razılaşmadı. Məhdud repertuara tabe olmaq, kiminsə istəyindən asılı qalmaq onun xarakterinə uyğun deyildi, özünü əsir şahin kimi hiss edirdi. Üstəlik, ənənəvi sovet operasını da qəbul edə bilmirdi. Mövlana Ruminin “Sən qızıl dəyərindəsən, özünü mis puluna satma” hikmətini sənətkar həyatının hər bir səhifəsindən oxumaq olar. Müslüm Maqomayevin heç vaxt partiyaya üzv olmadığını eşidən hər kəs, təəccüblənir. Axı o hökumət rəhbərlərinin diqqətində olan, xüsusi rəğbət bəslənilən sənətkar. Elə bir təntənəli mərasim olmazdı ki, onun iştirakı ilə keçməsin, bəs, niyə? Sovet dövründə partiya üzvlüyü insanlar üçün yüksək məqam sayılırdı. Bu barədə Müslüm Maqomayev Heydər Əliyevi böyük hörmətlə xatırlayır. Bir dəfə gülərək dövlət xadimindən soruşur: “Niyə mənə “Partiyaya keç!” deyə heç vaxt təkid etmirsiniz?” deyə soruşduqda, o belə cavab verir: “Partiya intizam və qaydadır. Sənin xasiyyətin heç bir məhdudiyyətə uyğun gəlmir. Üstəlik, partiya insanların “irəliləməsi” üçündür, sən belə bir “irəliləməyə” möhtac deyilsən” deyə cavab verir. Və Əliyev bir-iki dəfə “Bilirsən, səni Leonid İliç çox sevir, sənə fəxri ad da verib. Leninə ithaf olunmuş bir mahnı oxusan, heç olmasa partiya barədə bir şey desən, çox sevinərdi” deyir. Lakin sənətkar bu təklifi heç cür qəbul edə bilmir. Qəlbə səcdə edən, təbiətə tapınan, müharibənin faciəsi və bəşəriyyətin taleyi haqqında ürəklə oxuyan bir ehtiras adamı üçün hər cür dahinin şöhrəti və şüarlarla dolu çağırışlar uyğun olmayan bər-bəzəkdən başqa bir şey deyildi. Qoy olsun, qafiyəpərdaz şair kağızda nə isə yaza bilər. Axı, adətdən əl çəkmək asan deyil! Lakin necə ola bilər ki, məlum və məzmunu kasad sözləri səma töhfəsi — nəğməyə, musiqiyə çevirmək mümkün? Dənizin üsyankar dalğaları ilə qardaş qəlbi itaət altına almaq olarmı? “Mən son dərəcə gözəl bir həyat yaşadım, təbii ki o uzun sürə bilməzdi…” Bu, xəstə sənətkarın dostuna dediyi sözlər idi. O xəstəxanaya getmək istəməz, təəssüf ki, bədəninə və canına qiymətsiz bir baxışla baxırdı. Həqiqətən də, gözəl və mənalı bir ömür keçirdi. Onun taleyində böyük şəxsiyyətlərin həyatına xas dərin iztirablı bir qismət yazılmamışdı. Bir də, “Canlı əfsanə” sənədli filmində “Müslüm Maqomayev” hadisəsinə belə qiymət verilir: ““Bəxt ərköyün, nazlı, zərifdir. Onun kimi seçəcəyini bilmirsən, susursan. Lakin bu dəfəki seçimində isə heç yanılmamışdı”. * * *
Dənizin durmadan hayqırışı içimə köçüb. Amansız dalğaların büllur ovucunda canım axır. Könüldə yad, özgə bir ahəngə yer qalmayıb. Özünə qapılmış ruh qəlbi o qədər zəbt edib ki, ruhun uçuşuna bədən və can o qədər tabe olub ki… başqa bir hava, özgə bir nəfəs içəri girə bilməsi üçün iynə ucu qədər də yer yox… Minnətdaram sənə, məni xilas etdiyin üçün, Yuva həyat məni udmadan öncə qurtardığın üçün, çox təşəkkür! Sənin sayəndə yenidən qəlbə qayıtmağa başladım…
İqbal Qoşşayeva (Özbəkistan)
