18.12.2011-ci ildə (saat 12:00) Oktay Hacımusalının “Bu vaxtın sahibi” roman-gündəliyinin təqdimatı keçiriləcək. Təqdimat “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Bakı, Nizami küçəsi-91” ünvanda (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) yerləşən dükanında gerçəkləşəcək.
***
Qeyd edək ki, “Bu vaxtın sahibi” Oktay Hacımusalının sayca üçüncü kitabıdır. Öncə şeirlərini kitablaşdıran Oktay bu dəfə oxucularına roman-gündəlik təqdim edib. Roman-gündəlikdə onun ömrünün üç ili boyunca yaşadıqları fraqmentlər şəklində oxuculara təqdim olunur. Roman-gündəlikdə müəllifin uşaqlıq illərindən və onun həyatında dərin izlər buraxan Meydan Hərəkatından da söhbət açılır. Sonra isə.. “Bir uğursuz sevgi girdabında hərbi xidmətdə ikən intiharın qapısının ağzı”na kimi gələn yazarın qəflətən özündə güc tapması dövriyyəyə girir… Onu bu qərarından vaz keçirən nədir? – Hərbi xidmətdə yanında havanın səssizliyini pozan güllə səsimi? Yolunu gözləyənlərmi? Bəlkə yarımçıq qoyub gəldiyi həyat? – O, bu “bəlkə”lərə bir son qoymaq üçün ilkinliyə can atır… Nəhayət, sevgi ilə nifrətin ayrıldığı incə cizgi… – İstəsək bu cizgini keçə bilərikmi?” Bütün bu sualların cavabını “Bu vaxtın sahibi” anladır…