Home İCTİMAİ YÜZİLLİK EFİR və MİLLİ YADDAŞIN EKRANI!

YÜZİLLİK EFİR və MİLLİ YADDAŞIN EKRANI!

by Ali Zeynalov

Azərbaycan Radiosunun 100 illiyi və Televiziya və Radio İşçilərinin Peşə Bayramı münasibətilə
TƏBRİK

Əziz radio və televiziya işçiləri!
Sizi Azərbaycan Dövlət Radiosunun fəaliyyətə başlamasının 100 illiyi və 6 Noyabr – peşə bayramınız münasibətilə ürəkdən təbrik edirəm!

100 il öncə – 1926-cı il noyabrın 6-da ilk dəfə səslənən “Danışır Bakı!” çağırışı sadəcə yeni bir texniki vasitənin fəaliyyətə başlamasından üstün hadisəydi. Bu, Azərbaycan sözünün, musiqisinin, düşüncəsinin və mənəviyyatının yeni bir ünvana – xalqın gündəlik həyatına, evinə, könlünə yol açması idi.

Sonralar televiziya da bu böyük mənəvi missiyaya qoşuldu. Səsə görüntü, sözə canlı tarix, milli yaddaşa yeni ifadə imkanları qazandırıldı.

100 illik radio tariximizdə xalqımızın sevinci də var, kədəri də; müstəqillik mübarizəmiz də var, dövlətçilik əzmimiz də… Azərbaycan radiosu və televiziyası ən çətin günlərdə xalqımızın səsini yaşatdı, ən şərəfli günlərdə Zəfərimizin müjdəsini milyonlara çatdırdı.
Bu gün radio və televiziya həm informasiya vasitəsidir, həm də ictimai düşüncənin, milli-mənəvi dəyərlərin, ana dilimizin, mədəniyyətimizin və vətəndaş məsuliyyətinin önəmli daşıyıcısıdır. Özəlliklə ictimai birliklərin, yaradıcı təşkilatların, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin cəmiyyətə çatdırılması, milli həmrəyliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından teleradio məkanımızın xidmətləri çox əhəmiyyətlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüzillik yubiley və peşə bayramı münasibətilə media nümayəndələrini dövlət təltiflərinə layiq görməsi bu sahəyə göstərilən yüksək diqqətin növbəti ifadəsidir. Təltif olunan bütün media əməkdaşlarını ayrıca təbrik edirəm!

Bu əlamətdar gündə Azərbaycan teleradiosunun əsasını qoyanları, onun zəngin ənənələrini yaradan ustadları sayğıyla anır, veteran jurnalistlərimizə, aparıcılara, rejissorlara, redaktorlara, operatorlara, səs mühəndislərinə və efirin görünən-görünməyən bütün əməkdaşlarına təşəkkürümüzü bildirirəm!

100 il öncə Azərbaycan efirə səsləndi. Bu gün Azərbaycan öz səsini dünyaya çatdırır!
Qoy bu səs həmişə həqiqətin, milli kimliyimizin, mədəniyyətimizin, dövlətçiliyimizin və insanlıq dəyərlərinin səsi olsun!

Azərbaycan Radiosunun 100 illiyi və bütün televiziya-radio işçilərinin peşə bayramı mübarək olsun!

Salam-sayğılarla,

Fazil MUSTAFA
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

You may also like

Leave a Comment