Ağarza Elçinoğlu Təbriz dən yazır…
Azərbaycanın Baş Konsulluğu bu səfərin hazırda tövsiyə olunmadığını mənə mail vasitəsilə çatdırmışdı. Amma hər şeyi gözə alaraq çamadanımı yığdım. Azərbaycan bayrağını isə ən üstə qoydum.
Bu dəfə hava limanına arzularımın ardınca getmək üçün tələsirdim. Sevinc və həyəcan narahatlıqla bir-birinə qarışmışdı.
İllərdir adını kitabdan oxuduğum, görüntülərinə telefon arxasından baxdığım qədim Azərbaycan şəhərinə – Təbrizə gedirdim…
Bəlkə də ən böyük arzum reallaşırdı. Bundan sonra bircə istəyim var idi: Bakı və Şuşa qədər əziz bildiyim Təbriz şəhəri, onun haqqında beynimdə qurduğum zirvəni külə çevirməsin. Axı bəzi sevgilər də belədir, insan bəzən qovuşandan sonra deyir ki, kaş elə uzaqdan sevərdim, xəyallarımdakı kimi bir ömür yaşadardım.
Bu düşüncələrlə artıq Xəzər dənizinin üzərindən keçirdim. Həmin anda mərhum prezidentimiz Hedər Əliyevin o zamankı İran prezidenti Hatəmi ilə görüşündə Xəzərin “Mazandaran gölü” adlandırlmasına necə əsəbiləşdiyini xatırladım. Ümummilli Liderimiz də Təbrizi görməyi çox istəyirdi.
Azərbaycanın prezidenti Tehrana səfərində Əli Xamenei ilə görüşmüşdü. Əlaqələr ürəkaçan deyil, diplomatik danışıqlar gərgin vəziyyətdədir. Amma İranın Ali Dini Lideri ilə görüş normal keçir. Belə bir vəziyyətdə Cənubi Azərbaycandan söz açmaq hər şeyi alt-üst edə bilərdi. Lakin Heydər Əliyev çox incə bir diplomatik həmlə işlədir. Xameneinin Xamnə kəndində doğulduğu və azərbaycanlı olduğunu çoxumuz bilirik. Uzaqgörən siyasətçimizə isə Xamnəyə gedən yolun Təbrizdən keçdiyi çox yaxşı məlum idi.
Beləliklə o, Təbrizdə yaşayan milyonlarla soydaşını görə bilmək üçün Xamenei ilə görüşündə Xamnə kəndinə də səfər etmək istədiyini bildirir. Bu addım İran rəhbərliyi üçün gözlənilməz olur. Onlar da yaxşı bilirdi ki, Heydər Əliyev Təbrizdə izdihamla qarşılanacaq və Cənubi Azərbaycan məsələsi şiddətlə alovlanacaq. Ona görə də İran tərəfi süni maneələr yaradaraq tarixi Təbriz səfərinə əngəl olur…
Artıq Təbrizə çatırdım. Bir tərəfdən Səhənd dağları görünür, digər tərəfdən enişə yaxınlaşdıqca şəhərdəki tikililər yavaş-yavaş böyüyürdü. Təbrizə gəlişin həyəcanından uğurlu enişin alqışları ilə ayıldım. Sırada “pasport kontrol” var idi.
Qəribədir, polislər iranlıdır, amma Azərbaycan dilində danışırlar. Məni xeyli gözlətdilər. Sonra anladım ki, ilk səfərim olduğu üçün daha ərtaflı yoxlama aparırlar. Uzun prosesdən sonra şəhərə girişimə icazə verildi. Dostum Məhəmməd Əmin atası Hacı Əhmədlə bərabər məni gözləyirdi.
Elə hava limanında ikən ABŞ-İsrail və İran savaşının izlərini gördüm. Aeroportun idarəetmə məntəqəsi vurulmuşdu…
Tarixi şəhərimizin hər yerində yad bayrağın dalğalandığını görmək, açığı, ürəyimə xəncər kimi saplandı. Yəqin edirəm ki, nə vaxtsa İrəvana da getsəm, eyni xəncər məni yenidən yaralayacaq.
Sanki, şəhəri ovcumun içi kimi tanıyırdım. Öncə “Şah Gölü”nə getdim. Çoxları onu Pəhləvilər dövrünün memarlığı kimi bilir. Lakin buranı Ağqoyunlu hökmdarı Uzun Həsən Trabzondan aldığı arvadı qəribçilik çəkməsin deyə inşa etdirmişdi. Səfəvilər və sonrakı Qacarlar dövründə bura yay sarayı kimi istifadə olunurdu. İrandakı mövcud rejimin “şah” adına alergiyası var imiş. Belə ki, 1979-cu il İran İslam İnqilabından sonra gölün adı rəsmi olaraq “El Gölü” olaraq dəyişdirilib. Parkı gəzdikcə müxtəlif qruplar Azərbaycan dilində mahnılar oxuyurdular. Onlardan birinə qoşuldum, oxuyub-oynadım. İlk dəfə cənubu şimalla bir yerdə hiss etdim. Necə də möhtəşəm, amma bir o qədər də əlçatmaz görünür.
Təbrizə gəlirsənsə, mütləq dünyanın ən böyük örtülü bazarına getməlisən. Təbriz bazarı Bağdaddan Şamaxıya qədər uzanan karvanlar üçün olmazsa olmaz idi. Yəni nahaq yerə Şərqin Paytaxtı adlandırılmır. Burada insanların səmimiyyəti və qonaqpərvərliyi Təbriz xalçası kimi qəlbimə ilmələnirdi.
Elə gəzərkən tacirlərdən biri Bakıdan gəldiyimi görüb, “əylən, sənə çay demişəm” dedi. Məmnuniyyətlə qəbul etdim. Burada qonaq əlini cibinə sala bilmirmiş. İlk gün 100 manat qarşılığında dəyişdiyim 13 milyon 500 min tümən demək olar ki, bir həftə boyunca cibimdə qaldı.
Artıq axşam olurdu, səhərdən başladığım bazar gəzintisi isə hələ bitməmişdi. Məlum oldu ki, gəzdiyim yerlər Səfəvi üslubunda inşa olunan tarixi bazarın sadəcə kiçik bir hissəsi imiş. Günü Elxanilər (Hülakülər) dövləti zamanı inşa olunan “Ərk Qalası”na getməklə başa vurdum.
Mahnıda deyildiyi kimi, Təbrizin küçələri həqiqətən də dolanbadolandır. Həmin küçələrdən birindəki kafedən Arif Babayevin səsi ucalırdı. İnsanlar evlərində Azərbaycan kanallarına bizdən daha çox baxır, xalq mahnılarımızı bizdən daha çox dinləyir və bizdən daha çox Azərbaycan Türkcəsində danışırlar. O an bu xalqın niyə 200 ilə yaxındır öz dilini unutmadığını anladım. Uşağa beşikdə ana dilində layla deyilirsə, hər küçədə Azərbaycan mahnıları oxunub-dinlənirsə, səhər-axşam Bakıya baxılırsa, 12 illik farsca məktəb belə bu dili unutdura bilməz.
İkinci belə bir xalq görmədim ki, iki əsrdə milli kimliyini, ana dilini bu səviyyədə qoruyub-saxlasın. Təbriz buna görə də qüdrət rəmzi, əyilməzlik simvoludur!
Saat qülləsi, Xətai evi, Eynalı dağı, Azərbaycan muzeyi, Şəhriyarın məzarı, evi, Təbriz Universiteti, Gülüstan bağı, Qacar evi və bir çox əraziləri gəzdikdən sonra, qədim əşyalar satılan yerlərə də baş çəkdim. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövrünə məxsus əskinas da tapdım. Təbii ki, sonuncusu qalan o pulu aldım. Bu, 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominal – 500 manatlıq (I-IV seriyalı) pul vahididir. Bunun eynisi Azərbaycan Tarixi Muzeyində saxlanılır. Sonuncu əskinasın üzərində Azərbaycan Respublikasının və nominalın adı Azərbaycan, rus və fransız dillərində verilib. Bunun səbəbi isə AXC-nin milli valyutası olan manatın beynəlxalq miqyasda tanınması idi. Məhz bu baxımdan Cümhuriyyətin Antanta dövlətləri tərəfindən tanınması nəzərə alınaraq 500 manatlıq əskinasın üzərində dövlətin adı və pulun dəyəri rus dilindən əlavə, fransız dilində də verilib. İndi həmin əskinaslardan ikisi də məndədir.
Günün sonunda Hacı Əhməd məni səngək çörəyi ilə abquşta qonaq etdi. Eynilə bizim piti kimidir…
Növbəti gün yolumu “Ordu” küçəsindən saldım. Burada İslam İnqilabı Keşikçilərinə (SEPAH), polis və kəşfiyyata aid nə varsa, hamısı sonuncu müharibə zamanı yerlə yeksan edilib. Hətta şəhərdə bir neçə yaşayış binası da vurulub. Zərbələrin təsirindən ətrafdakı binalar da ciddi şəkildə zədələnib. İran dövləti hələ də mümkün növbəti müharibə səbəbilə həmin binaları yenidən inşa etmir.
Şəhərin dövlətə məxsus tikililərində Xomeyni, müharibədə öldürülən Seyid Əli Xameneyi və hələ də cəmiyyətə görünməyən oğlu Müctəbanın portretləri var. Rejimi dəstəkləyən insanlar hər gecə bir sıra küçələrdə toplanaraq müharibəyə, qisasa çağırışlar edən mitinqlər keçirirlər.
Məhsa Əmininin ölümü ilə bağlı hadisələrdən sonra başlayan kütləvi hicab etirazları, hazırkı dini rəhbərlik dönəmində geniş vüsət alıb. Mən əllərində “kalaşnikov”la şəhəri gəzən SEPAH zabitlərindən ehtiyat edərkən, təbrizli qızlar başı açıq, “crop” geyinərək rahat şəkildə onların yanından keçirlər. Artıq mollalar da onlara nəsə deməyə cürət etmir…
Ustad Şəhriyarın vəfatının 38-ci ildönümündə evinin qarşısında nurani bir qocayla söhbətləşdik. Dedim, yol üstəyəm, Bakıya nə demək istəyirsiniz? Kövrələrək cavab verdi ki, “Bakı bizim vücudumuzdur. Biz Bakıdan heç vaxt ayrı qala bilmərik”. Həqiqətən də, Bakı ilə Təbrizi sadəcə müqavilə və Araz çayı ayırıb. Qeyri hər şeyimiz birdir.
Təbriz sadəcə xəritədə bir şəhər deyil. O, daşlarında tarix, küçələrində yaddaş, bazarında əsrlərin səsi yaşayan bir şəhərdir. Şah Gölünün sakitliyində, Ərk qalasının əzəmətində, Eynalı dağının küləyində, qədim bazarın dar keçidlərində bir xalqın yaddaşından gələn tanış nəfəs duyulur.
Bəlkə də Təbrizin ən böyük sirri budur: zaman dəyişir, sərhədlər dəyişir, nəsillər dəyişir, amma yaddaş dəyişmir. Bu şəhərə baxanda insan yalnız keçmişi görmür, həm də özündən bir parça tapır. Çünki Təbriz Azərbaycan tarixinin yalnız bir səhifəsi deyil, onun hələ də oxunan canlı cümləsidir.
Əslində, Təbriz elə uzaqda deyil. Onu uzaq edən kilometrlərdir, yaxınlaşdıran isə yaddaş və doğmalıq hissidir. Və bəzən bir şəhəri sevmək üçün orada yaşamaq lazım deyil. Onun adını eşidəndə ürəyində qəribə bir nisgil yaranması kifayətdir.
Nəhayət, ayrılıq vaxtı çatmışdı. Şəhəri tərk etdiyim günün sübh azanında bir nəfər asılaraq edam olunmuşdu. Günahı nə idi, bilmədim. Amma onlar bizi də günahımızın nə olduğunu bilmədiyimiz halda bir müqavilədən asmışdılar.
Araz çayı, Vətən, Bakı, Xəzər, Urmiya, Babək, nisgil, duman, Şəhriyar, Xəlil Rza Ulutürk, Səfəvilər, Şirvanşahlar, Gülüstan, Şah İsmayıl, Türkmənçay, rus, fars, ayrılıq və bir vaqon dolusu “niyə”lər. İndi uçaraq gəldiyim Təbrizdən qatarın ağır addımları ilə ayrılırdım…
