Ana səhifə YAZILAR Rəzalətin yaratdığı hədələr

Rəzalətin yaratdığı hədələr

Müəllif: Bizim Yazı
706 baxış

 Soylu Atalı

Yazıçı Rafiq Tağını susdurmaqla molla şüuru köhnəliyi sabaha daşımaq istəyir. Anlamaq olmur ki, bunun mümkünlüyünə o, öz içində inanırmı?! Axı Rafiq Tağı danışan yeganə ziyalı deyil. Orta çağların yasaq üsulunu qorumaqdansa ictimai, siyasi idarəetmədə dəyişikliklər eləmək daha doğru qanacaq olmazmı?! Burada biz İran İslam Respublikasının heç bir çərçivəyə sığmayan davranışlarını nəzərdə tuturuq. İranın Azərbaycandakı səfirliyi açıqlama verir: – “Rafiq Tağıya qarşı terroru biz deyil, Amerika təşkil edib”. Bu açıqlamada biz məsuliyyət görmürük. Siyasi dağıntıların dalğaları İrana yaxınlaşdıqca təşviş keçirir və dolaşıq addımlar atır. Əlbəttə, Azərbaycan Respublikasının hüquq mühafizə sustemi əsaslandırılmış söz deməyincə hadisəni törədənin ünvanını qəti demək mümkün deyil. Ayrı-ayrı yazarların, ziyalıların baş vermiş hadisə ilə bağlı mövqeləri ən yaxşı halda gümanlara dayana bilər. Sadəcə İranın bu günə qədər Azərbaycana qarşı münasibəti bizim ona yönəlik şübhələrə düşməyimizə səbəb və haqq verir. İran həmişə Azərbaycanın içinə yönəlik qərarlar çıxarır. Azərbaycan Respublikasına sanki özünün əyaləti kimi baxır. Onun bu niyyəti həm siyasi davranışlarında özünü göstərir, həm də elmi, ədəbi mühitimizə barmaq uzatmalarında. (Faktlar kifayət qədərdir. Burada məqsəd oxucunu faktlarla tanış eləməkdən ibarət deyil). Konkret Rafiq Tağının özünə qarşı İran İslam Respublikasının ayətullahları fətvalar verir. Hətta İranın Azərbaycan Respublikasının vətəndaşları olan nəzarətsiz, hakimiyyətimiz tərəfindən idarə olunması əmələ gəlməyən mollalarını Rafiq Tağıya qarşı haylaması da uzaq keçmişdə qalmayıb. Müstəqil bir dövlətin vətəndaşına qarşı hökm vermək, yaxud hansısa hədələyici, təhdidedici əməllər həyata keçirmək özbaşınalıqdan daha betər məna daşıyır özündə. Güney Azərbaycanda törətdiyi cinayətlərə, qətliamlara görə hesab verməliykən Quzey Azərbaycan dövlətinin içini qarışdırmağa cəhdlər eləməsi İran İslam Respublikasını bizə hərtərəfli tanıdır. Hesab edirik ki, Azərbaycan O Taylı-Bu Taylı ciddi Müqavimət Hərəkatına başlamalıdır. Vətəndaşlarımızın dini hisslərinə soxulmaqla onları özümüzə qarşı istifadə eləmək həddini aşmaqdır. Amerikanın adını çəkməklə bizi çaşdırmaq meyli də avantüraya bərabərdir. Biz çörəyi qulağımızda həzm eləmirik… Azərbayacana qlobal münasibətdə bizim üçün Amerika ilə İranın heç bir fərqi yoxdur. Bizə İranın münasibəti monarxiyanın münasibətidir, Amerikanın münasibəti isə anarxiyanın.
Amerika İranı təhdid edir. O bunu Azərbaycan üçün eləmir. Yeri gələndə biz Amerikanın İrana silahlı müdaxiləsini istəmirik. Çünki yenə ayaqlar altında qalan bizim soydaşlarımız olacaq. Heç kimin Azərbaycanı özü üçün poliqona çevirməsi yolverilməzdir. Biz hesab edirik ki, İran Azərbaycanın özünə hesab verməlidir. Yurdumuzun taleyi ilə oynayanlar dirəniş görməlidir…
Atamız var olsun!

22 Yağış Ayı, 33-cü il
(noyabr, 2011)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.