28 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Özbəkistan Milli İnformasiya Agentliyinin (UZA) Baş direktoru cənab Abdusaid Kuçimov ilə görüşüb.
Görüş zamanı tərəflər Fond ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında əməkdaşlığın perspektivlərini müzakirə edərək, türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş beynəlxalq mədəni-humanitar layihə və təşəbbüslərin informasiya dəstəyinə xüsusi diqqət yetiriblər.
Professor Aktotı Raimkulova Fondun əsas layihə və təşəbbüsləri, o cümlədən “Türk mədəni irsinin çoxdilli kataloqu”, “Türk folkloru antologiyası”, TurkicHeritage rəqəmsal platforması, bərpa, nəşriyyat və elmi-maarifləndirici layihələr, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər barədə məlumat verib.
Özbəkistan Milli İnformasiya Agentliyinin Baş direktoru cənab Abdusaid Kuçimov Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, türk xalqlarının ortaq mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, Fondun layihə və təşəbbüslərinə informasiya dəstəyinin göstərilməsində maraqlı olduğunu bildirib.
Tərəflər, həmçinin birgə media layihələrinin həyata keçirilməsi, türk dünyasının mədəniyyət və irsinin beynəlxalq media məkanında daha geniş təqdim olunmasına töhfə verəcək tematik nəşrlərin, müsahibələrin, foto və videomaterialların hazırlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması imkanları da nəzərdən keçirilib.

