Dövlətlər arasındakı münasibətləri başa düşmək üçün bəzən anlaşmalara baxmaq yetərlidir; bəzənsə danışan eləcə statistika olur: ticarət dövriyyəsi, yatırımlar, daşınan yükün həcmi, qarşılıqlı səfərlərin sayı və s… Azərbaycanla Özbəkistan haqqında danışarkən bunların hamısı vacibdir, amma heç biri təkbaşına yetərli sayılmır.
Çünki Bakı ilə Daşkənd arasındakı yol yalnız diplomatiyanın çəkdiyi yoldan ibarət ola bilməz.
Qədim, ulu ortaq keçmişimiz öz yerində; indi ən azı son min ilə baxsaq, yolun bir başında Gəncəli Nizami, o biri başında Əlişir Nəvai dayanır; bir tərəfində Füzuli, bir tərəfində Babur; bir ucunda Gəncə, Naxçıvan, Şuşa, o biri ucunda Xivə, Buxara, Səmərqənd salama durub… Bəs Türküstanla Qafqazın arasındakı Xəzər necə? O yalnız su hövzəsidirmi?.. – Xəzər yaddaşın aynası, qardaş coğrafiyaları ayırmayan, əksinə, bir-birinə bağlayan mavi üfüqdür.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində (https://president.az/az/articles/view/73309)
səslənən əsas fikir də məhz bu tarixi-mənəvi özülə söykənir: Azərbaycan–Özbəkistan münasibətləri ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, ulusların yüzillər boyu nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbət üzərində qurulub. Bu təməl üzərində münasibətlər artıq ən yüksək siyasi qata – müttəfiqlik səviyyəsinə yüksəlib.
Bax, burada çox önəmli anlamlar vardır. – Biz yeni qardaş olmuruq – qədim qardaşlığımızın yeni dövlətçilik modelini qururuq.
Azərbaycan–Özbəkistan münasibətlərinin indiki səviyyəsini “dostluq münasibətləri” ifadəsi ilə səciyyələndirmək yetərli görünmür. Dostluq mənəvi kateqoriyadır, müttəfiqlik isə mənəvi yaxınlığın strateji iradəyə çevrilməsidir.
2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” məhz həmin keçidin hüquqi-siyasi ifadəsidir.
Başqa sözlə, tarixin verdiyi qardaşlığa dövlət ağlı müttəfiqlik statusu qazandırıb.
Bu baxımdan İlham Əliyev–Şavkat Mirziyoyev münasibətləri ayrıca diqqət çəkir. Dövlətlər arasında münasibətlər institutlarla qurulur, ancaq bəzən liderlərin qarşılıqlı güvəni həmin institutlara sürət, ruh və siyasi enerji verir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi sıradan diplomatik statistika sayıla, sanıla bilərmi?..
Bax, bu özü, Bakı ilə Daşkənd arasında diplomatik məsafənin minimuma, strateji güvənin maksimuma yaxınlaşmasının göstəricisidir.
2023-cü ildə yaradılmış Dövlətlərarası Yüksək Şura isə qardaşlığın artıq duyğulardan üstün, uzunmüddətli prioritetləri müəyyənləşdirən institusional mexanizmlərlə idarə olunduğunu göstərir.
Budur, Azərbaycan–Özbəkistan modeli Türk dünyası üçün maraqlı bir formul ortaya qoyur:
kök birliyi üstəgəl siyasi iradə üstəgəl iqtisadi maraq üstəgəl institusional mexanizm bərabərdir dayanıqlı müttəfiqlik.
Deyir, rəqəmlərin də ruhu var
Bəli, bəzən “qardaşlıq” sözünün iqtisadi münasibətlərə aid edilməsinə ehtiyatla yanaşırlar. Halbuki gerçək qardaşlıq bayramlarda söylənən xoş sözlərdən savayı, birgə yaradılan dəyərlə möhkəmlənir.
2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin öncəki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması çox ciddi göstəricidir. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti isə işbirliyinin artıq “alqı-satqı” mərhələsindən çıxaraq ortaq iqtisadi gələcək quruculuğuna keçdiyini göstərir. Ortaq iqtisadi gələcək quruculuğu özlüyündə ortaq türk keçmişindən ortaq türk gələcəyinə aparan ulu yola xidmət edir.
Energetika, neft-kimya, avtomobil istehsalı, kənd təsərrüfatı, turizm, tikinti, logistik və s…
Bu siyahını uzatmaq mümkündür; ancaq əsas olan iqtisadiyyatların getdikcə bir-birini tamamlayan sistemə çevrilməsidir.
Özəlliklə Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə yaradılmış “Yaşıl Dəhliz Birliyi”nin Xəzər üzərindən bərpaolunan enerji göndərişini nəzərdə tutması gələcəyin Türk dünyasının ortaq enerji və texnoloji gələcək üzərində qurulduğunu göstərir.
Dünən karvanlar Türküstan yolları ilə ipək daşıyırdı… Bu gün konteynerlər, enerji, texnologiya və informasiya daşınır… Sabah isə bəlkə də Türk dünyasının ən böyük sərvəti ortaq intellektual kapitalın sərbəst dövriyyəsi olacaq. Tanrı türkə yar olu!
Əkbər QOŞALI

