Home Kateqoriyasız Rəşid Abbasov – Şeirlər

Rəşid Abbasov – Şeirlər

by Bizim Yazı

Sənsiz
Sənsiz bu həyatım zülmət gecədi,
Elə gecədi ki, aydın səhərsiz.
Sənsiz təbiət də bilmir necədi,
Bax, güllər susuzdu, ağac bəhərsiz.

Sənsiz xeyri yoxdur çıxan günəşin,
Ətrafa işıq da heç saçmır sənsiz.
Səninlə birlikdə açan çiçəklər
Yoxsansa — heç biri açmır sənsiz.

Sənsiz bu könlümün gözü kor olub,
Sənsiz hər bir kəsə kədərlə baxır.
Bu ürək sanki bir körpə uşaqdı —
Sənsiz qan ağlayır, sənsiz darıxır.

Sənsiz yaşamımın heç bir xeyri yox,
Daha çox özümə ziyan verirəm.
Nəinki ağıllı, düzgün fikir mən,
Sənsiz yolumu da düz gedəmmirəm .

Sən özün de, görüm sənsizliyinin
Mənə ya dünyaya bir xeyri varmı?
Səni öz cənnəti sayan bu Rəşid,
Heç sənsiz cənnəti, cənnət sayarmı?

Unudacam səni

Unudacam səni təpədən dırnağa,
Təkcə o gözləri unutmayacam.
Həm məni yaşadıb, həm də öldürən
Tikanlı sözləri unutmayacam.

Unudacam səni, nə qədər çətin
Olsa da yenə də, unudacam mən.
Düzdü, ilk günlər ağlayacağam,
Gözlərim olacaq təzə-təzə nəm.

Baxacam şəklinə darıxdığımda,
O keçən günləri xatırlayacam.
Gözümə sevgiylə ilk dəfə baxıb
Güldüyün o günü unutmayacam.

Unudacam səni, həmən günki mən —
Ölənin nə vaxtsa danışdığı gün,
İntihar eyləyən insanın ruhu
Cənnətə nə vaxtsa qovuşduğu gün.

Unudacam səni, gedən qayıtsa,
Bu dünyanın sonu bilinsə birdən…
Rəşid səni onda unuda, bilər?
Haçansa yaddaşı silinsə birdən.

You may also like

Leave a Comment