Ana səhifə BAŞ YAZI Qürbətdən vətənə daşınan ömür – Xaqani Qayıblının şeirləri

Qürbətdən vətənə daşınan ömür – Xaqani Qayıblının şeirləri

Müəllif: Bizim Yazı
92 baxış

Bizimyazı.az şair, tərcüməçi, ictimai xadim, professor Xaqani Qayıblının şeirlərini təqdim edir.

Qürbətdən vətənə
daşınan ömür

Bu qoca dünyada, qərib dünyada
Qəribə adamlar qərib yaşayar!
Qərib, ipə düzməz ağrılarını,
Dərdini günəşə sərib yaşayar!

Qəribə adamlar – qərib adamlar,
Ürəyi ağzında yaşayar ömrü!
Ürəyi ağzında… hər gün, hər gecə
Qürbətdən vətənə daşıyar ömrü!

Qəribə adamlar qərib ellərdə,
Dərdin hər üzünü görüb yaşayar!
Nə vaxtsa düşdüyü qürbət eşqinə
Ömrünü güdaza verib yaşayar!

Qəribə olurlar qərib adamlar –
Danışar lal, susqun baxışlarıyla,
Gülümsər alnının qırışlarıyla,
Soruşsan, vətənə gedən yolları –
Ölçər Göyüzünü qarışlarıyla…
Qəriblər qəribə yaşayar ömrü!

…Gedər, xəyallarda daşınıb gedər,
Ürəyi ağzında yaşanan ömür.
Daşınıb bir qəbir daşına dönər,
Qürbətdən vətənə daşınan ömür!

Məhşər günü

Tanrım, təpədən-dırnağa
Ağrıyam – Sözəm, bilirəm.
Məhşər Günü dərgahında
ağrıyan Sözəm! Bilirəm…

Ağrılarım Məhşər Günü
deşilib göz-göz olacaq…
Yenə hoyuma yetənim –
xilaskarım, Söz olacaq!

Məhşər Günü Səsə dönüb
şeir desəm öz ağzımnan,
məni Sözümə bağışla –
qurtar məni Söz ağzından!

Bilirəm, o Günün yadında
ya Söz, ya Dözüm qalacaq…
Qalsa, – məndə Dözümmü var? –
Yenə də Sözüm qalacaq!!!

Axır gəlib tapdın məni

Axır gəlib tapdın məni –
Könlüm sənə sirr deyilmiş.
Demək hələ yaşayıram,
Bu canım qəbir deyilmiş…

Gəldin, apar, çıxım gedim,
Neçə könül yıxım gedim…
Döşlərə gül taxim gedim –
Məni sevən bir deyilmiş!

Dost yox dik baxam gözünə,
Baxam, inanam sözünə…
Tfu, qürbətin üzünə –
Yaşanası yer deyilmiş!

Qəm dəryanda
təknən olum

Ölsəm, qoynunda basdır,
Yerimi bilən olmasın!
Kefi istəyəndə durub,
Üstümə gələn olmasın!

Olmasın qəbrimi bilən,
Bir qərib qədrini bilən…
Təkcə sən dərdimə bələn,
Dərdini bölən olmasın!

Tapılmasın nə daşqıran,
Nə saçın yolub qışqıran,
Nə də hıçqıra-hıçqıra
Gözyaşın silən olmasın!

Keşkə dərdin tək mən olum,
Qəm dəryanda təknən olum…
Çəkə bilsən çək, mən olum
Heç ayrı çilən olmasın!

Ölümdən bəri mənəm

Gəz, dolan Yer kürəsini
öz suçu var hərəsinin
min-min Tanrı bəndəsinin…
biri sənsən, biri mənəm.

Dar gələrsə Dünya bizə,
sığınaraq eşqimiziə
yeni Dünya quraq, Gözəl,
Göyü sən ol, Yeri mənəm.

Gəldik, tanıdıq Dünyanı,
sevdik – bəzədik Sevdanı…
bu Sevgi adlı karvanın
Sarbanı Sən, Nəri mənəm.

Bu karvana çoxu baxar,
Baxıb canın oda yaxar…
Qarşımıza dörd yol çıxar,
O dörd yolun sirri mənəm.

Biz gedən yollar güllənər,
Güllər dil açıb dillənər…
Sonu ölümə dirənər
Bil, ölümdən bəri mənəm!

Mən səni görməyə gəlirəm, gülüm

Mən səni görməyə gəlirəm, gülüm
Səbrim qarsalanıb yanar ahımda.
Mən səni görməyə gəlirəm, gülüm
Bundan xəbəri yox heç Allahın da.

Gəlirəm – qırılsın həsrətin beli,
İnan, toy bəhanə, yas bəhanədir.
Karıxma qəfildən üz-üzə gəlsək,
Halını soruşsam, sus! Bəhanədir.

Bir eşqiin yolunda, bilirəm, gülüm
Əridə bilmədim ömrü şam kimi.
Mən səni görməyə gəlirəm, gülüm
Çıx məni qarşıla yad adam kimi.

Bilirəm nə desəm gəlməz eyninə,
Özüm öz suçumu bilirəm, gülüm
Bütün günahları alıb çiynimə,
Mən səni görməyə gəlirəm, gülüm!

Dünya

Həmid Ormanlıya

Bu da dünya dediyin –
İçi boş, yalan dünya!
Günaha sürükləyib,
Suçu xoş qılan dünya!

Gələrsən, xəbər tutmaz!
Dilərsən, hədər – tutmaz!
Gedərsən, səfər tutmaz –
Köçü nəş olan dünya!

Ölsən daldada, bilməz!
Fani – bal dada bilməz!
Məni aldada bilməz
Piçi beş filan dünya!

Hər səhər güzgüyə bax

Məni axtaran gözəl,
Ruhundakı sözdəyəm!
Üz tutub eşqə doğru
Yol aldığın izdəyəm!

Danmaz bu iz – Yol məni,
Bu Yol edib qul məni!
Su Pərim ol, bul məni
Dəryada – dənizdəyəm!

Xəyallar gerçək olsa,
Ömür-gün göyçək olsa –
Sən dönüb çiçək olsan,
Mən səhrada, düzdəyəm!

Ürəkdə sevgiyə bax,
Sevgidə ülgüyə bax –
Hər səhər güzgüyə bax,
Bax, məni gör – sizdəyəm!

Adın dilimi qanadır

Yayından çıxan ox kimi
Adın dilimə dartınır…
Sanki dan üzü yaz günü
Arı gülünə dartınır!

Çəkilməz pərim, bunca ah,
Desəm… deməsəm bir günah.
Adın içimdə dustaq,
İçim çölümə dartınır!

Adın dilimi qanadır…
Könlüm sevdadan yanadır.
Ruhum Tanrıma can atır –
Canım ölümə dartınnır!

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.