Düz 10 gündən sonra unudulmaz və dəyərli Qənirə xanım Paşayevanın 50 yaşı tamam olur.
1975-ci ilin 7 martında dünyaya göz açan bu əvəzsiz şəxsiyyət həyatının ən gözəl illərini mənsub olduğu məmləkətin firavan yaşamasına, haqq səsinin hər yerdə ucalmasına həsr etdi. Onun ən sadə insanlara etdiyi təmənnasız yaxşılıqların sayı-hesabı olmadı.
Ruhunda gəzdirdiyi vətən sevgisi, könlündəki xeyirxahlıq hissləri ömrünün sonunadək tərk etmədi onu. Əlacsız qalanlara arxa-dayaq, kömək oldu həmişə. Öz yorulmaz, coşqun fəaliyyəti ilə əsl millət vəkili obrazının parlaq nümunəsini yaratdı. Əslində, Tanrı belə insanları missiya daşıyıcısı olaraq xəlq edir.
Çox az-az dünyaya gələn bu cür tarixi şəxsiyyətlər öz passionarlıqlarını sonadək daşıyıb, örnək qoyub gedirlər bu fanidən.
Qənirə xanımın 50 yaşı onu tanıyanların, sevənlərin yadından çıxmamalıdır. Müxtəlif törənlər, anım gecələri, xatirəsinə həsr olunan tədbirlər keçirilməlidir və heç şübhəsiz ki, keçiriləcək də.
Bildiyim qədər, yaxın günlərdə əsərlərindən ibarət çoxcildlik hazırlanıb, oxucuların ixtiyarına veriləcək.
Amma rəsmi qaydada işlər də görülsə, daha yaxşı olardı. İlyarım öncə, dünyasını dəyişən dönəmlərdə qardaş Türkiyənin müxtəlif şəhərlərində Qənirə xanımın adına parklar salınaraq xatirəsi əbədiləşdirildi. Bu işi ölkəmizdə də görmək lazımdı.
Həm də daha geniş miqyasda. Onun adına paytaxtda və digər bölgələrimizdə, o cümlədən doğulduğu Tovuzda küçələr verilib, parklar salına bilər.
Haqqında yazılan saysız-hesabsız yazılardan ibarət xatirə kitabları çap etdirmək də yaxşı olardı. Televiziya verilişləri təşkil etmək, filmlər çəkmək və.s. bu kimi işlərin görülməsi də Qənirə Paşayevanın xatirəsinə yaraşan olardı…
Çox işlər görülməlidi. Çünki insanlar onu çox sevirdi.
Öz həyatı və fəaliyyəti ilə Qənirə xanım bütün bunları çoxdan haqq edib.
Ehtiram İLHAM