Ana səhifə BAŞ YAZI Minbir cilvəsiylə, həyat həyatdır – Şeir

Minbir cilvəsiylə, həyat həyatdır – Şeir

Müəllif: Bizim Yazı
92 baxış

Əkbər Qoşalı

***

Görəsən insanı necə göstərir,

Korlar bazarında satılan #güzgü?..

Gün gəlir, baxırsan, sənə tələsir,

Bir teli daraqlı, gözləri süzgün…

 

Həkimdən eşitdim, belə deyir ki,

Damar daşıdığı qandan içməyir.

#Dəniz ortasında qalan gəmiçi,

Qıyıdan aldığı suyla keçinir…

 

Ancaq ormanlara odun aparmır,

Orda #ocaq çatıb, isinən yolçu.

Minbir cilvəsiylə, #həyat həyatdır,

Bir yerdə odunçu, bir yerdə suçu…

 

Yəqin dili-ağzı yağır olubdu,

Sözünü saxlayıb, deməyən kəsin.

Deyirlər, andına inanmaq olmaz,

Qoltuğunda #çörək gəzdirənlərin.

 

Onsuz da insanlar günün sonunda

Görmək istədiyi qədər görəcək.

Duymaq istədiyi qədər duyanlar,

Ən yaxşı sözü də hədər biləcək…

 

Dəli şeytan deyir,

dənizdən içək,

Ormana bir xeyli odun daşıyaq;

Korlar bazarında sataq güzgünü,

Gəl gedib, karlara nəsə oxuyaq…

 

#Qış gəlib, payızın xəbəri yoxdu,

Yarpaqlar can atmır xəzəl olmağa.

Masamın üstündə bir dəstə #gül var,

Niyə tələsiblər #gözəl olmağa?..

#Şabran, 09.11.2024

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.