Ana səhifə BAŞ YAZI Bir kəsim yox imiş qələmdən başqa.. – Yeni şeirlər

Bir kəsim yox imiş qələmdən başqa.. – Yeni şeirlər

Müəllif: Bizim Yazı
58 baxış

Bizimyazı.az İslam Türkayın yeni şeirlərini təqdim edir.

PAYIZDA AÇILAN ÇİÇƏK

Başlayıbdı yarpaqların yağışı,
Sən nə vaxtın qönçəsisən, gülüsən?
Dumanlanıb üfüqlərin baxışı,
Yoxsa, könlün eşqə düşüb , dəlisən?!

Harda idin , gecikmisən de,niyə ?
Quşlar köçür,ağarıbsan sazaqdan.
İndən belə bülbül üçün bax göyə,
Bu həsrətlə sevin, qəmlən uzaqdan.

Sarı xəbər yayılıbdı çöllərə,
Son baharın saçlarına dən düşüb…
Qara sükut qanad gərib göllərə,
Bulaqların gözlərinə çən düşüb…

Dağ uyuyur, Lələ köçüb yurd qalıb,
Kim duyacaq, qönçə-qönçə alış, yan.
Yurd yerini həsrət alıb dərd alıb,
Bəlkə, elə bu həsrətdən çıxmısan ?..

Bəlkə, ömrün payızında təbiət
Gül-çiçəklə qarşılayır boranı?
Qəm eləmə, bizdə də var bu adət,
Hələ yoxdur soruşanı-soranı…

Nə günah var indi səndə ,əzizim,
Həsrətimi yaman saldın yadıma.
Mən də təkəm bu çəməndə, əzizim,
Qovruluram öz közümə, oduma,
Həsrətimi yaman saldın yadıma…

HƏR ŞEYİ TƏZƏDƏN BAŞLAYAM GƏRƏK

Ömür-gün əriyir yağan qar kimi,
Yollarda nəfəsim təngiyir daha.
Ömür-gün dönərmi ilk bahar kimi,
Ömür-gün dönərmi durnalar kimi?
Ümidim qalıbdı gələn sabaha–
Hər şeyi təzədən başlayam gərək!..

Ayın sinəsini alıbdı bulud,
Səhərə nə qədər qalıb bilmirəm.
İtən günlərimi ürəyim, unut,
Onu kim əlimdən alıb bilmirəm.
Saçıma qar yağdı ömrün qışından,
Ayrılıb əlimin işsiz işindən,
Ayrılıb gözümün axan yaşından–
Hər şeyi təzədən başlayam gərək!..

Gözüm su içməyir bu gələn qışdan,
Bu ayın,bu günün sonu görünmür.
Göylərə baxıram durub obaşdan,-
Günəş hayandadır, hanı, görünmür.
Yatır qar altında yallar-yamaclar,
Yatır mışıl-mışıl bir uşaq kimi.
Yazda gül açacaq otlar, ağaclar
Yaza çıxmaq ücün bu torpaq kimi
Hər şeyi təzədən başlayam gərək!..

Mənə gözdağıdı qoca Savalan,
Elə hey göstərir yağan qarını.
Araz aralıqda dönüb günaha…
Sanki lilli-lilli axıb sabaha
Yuyub təmizləyir günahlarını.
Araz tək yumaqçün günahlarımı,
Hələ çox axmalı, durulmalıyam,
Hələ görəmmirəm özüm özümü,
Diklənən yollarda yorulmalıyam!
Hər şeyi təzədən başlayam gərək!..

Dağlara dirənir yolumun ağzı,
Bilirəm dizimi daş aparacaq.
Gərək ağlamayam, sızıldamayam,
Ağlasam gözümü yaş aparacaq.
Min ildir yatıram fil qulağında,
Bu yollar hələ çox baş aparacaq…
Bu xəzan altında uyuyur ruhum,
Nəvaxt sa göyərib çıxmalıyam mən.
Bir vaxt od oğrusu olubdu adım,
Dünyaya Günəştək baxmalıyam mən-
Hər şeyi təzədən başlayam gərək!..

Dəyişib ünvanım, dəyişib adım,
Dəyişib deyəsən yaxınım,yadım.
Qəlbim yad ürəkdə donur, deyəsən,
Adım bir dodaqda yanır deyəsən…
Qırıb ruhumdakı buz laylarını
Könlümə-gözümə bahar gələcək.
Dolanıb taleyin dolaylarını,
Alnıma yazılan o yar gələcək…
Yetər, yağan qardan,qışdan gileyim,
Yollarıma yağan daşdan gileyim,
Hər şeyi təzədən başlayam gərək!..
Hər şeyi təzədən başlayam gərək!..

PAYIZ DUYĞULARI

Qəriblik bürüyüb cığırı, izi,
Köçübdü, göllərin sonası yoxdu…
Bağların saralıb, solub bənizi,
Elə bil mənimtək anası yoxdu…

Tutulub göylərin qaşı-qabağı,
Əlləri qoynunda qalıbdı dağlar.
Meşənin çaylara yağan yarpağı,
Həsrət məktubudur, oxuyan ağlar…

Budaqlar—göylərə haykıran əllər,
Meşələr viranə şəhərdi, Allah!..
Qayalar dibində titrəşən güllər–
Qarıyan qizlardı, qəhərdi, Allah!..

Tək ağac anammı,həsrət qarımı–
Qəbirdən boy verən sədadı , bəlkə?!..
Tökülən yarpaqlar göz yaşlarımı,
Göz yaşı içində adadı, bəlkə?!..

Hava nəmişkəndi, cığır-sürüşkən ,
Palıdlar odlara qalanıb gedir…
Səhərlər döşləri çulğalayan çən
Baharin ruhudu , dolanıb gedir…

Ağarır dağların silsilə tağı,
Qayalar dayanıb dəyanət kimi…
Göy tala — baharın itən yaylığı,
Duman ütü çəkir, əmanət kimi…

Çaylar yavaşıyıb, sular durulub,
Ayrılıq nəğməsi çalır bulaqlar…
Elə bil vaxt susub, zaman yorulub ,
Elə bil çağırır məni uzaqlar…
Elə bil çağırır məni uzaqlar…

ATA YURDUM, QAYITMIŞAM…

Ata yurdum, qayıtmışam qonağın kimi,
Burdan çıxsam bir gedəcək yerim var daha.
Buyur, çağır öz kiçiyin-uşağın kimi
Fikir vermə saçlarıma yağır qar daha…

Hanı mənim qırğı kimi dəlibaş atam?–
Gözlərində at oynadır ömrün dumanı.
Ah, bu gecə tük balışda çətin ki, yatam,
Uşaqlığım, dəcəlliyim burdaydı, hanı?..
Qonum-qonşu qaramızca gileylənərdi:
“Ala qarğa əlinizdən bala böyütməz”.
O günlərim bir də dönməz, bir də qayıtmaz.

Ümid tutub əlimizdən çəkib gedirdi,
Günəş enib gözümüzdən baxası idi…
Aylar, illər ömrümüzü söküb gedirdi,
Sabah… sabah qanadımız çıxası idi…
Boz səhrada yol gözləyən ağac kimiydik,
Ötən bulud gözlərini sıxası idi.
Heyif, vədlər innən belə məni ovutmaz,
O günlərim bir də dönməz, bir də qayıtmaz.

Gecə keçir dan yeri də nəsə sökülmür,
Ulduzlar da avazıyıb dönüb gümüşə.
Əvvəlki tək gözlərimdən yuxu tökülmür,
Yuxular da pul kimidi, olmur həmişə.
İxtiyar bol, ümidlər bol, vaxt da bol idi,
Arxada yol, qarşıda yol, hər yan yol idi,–
Uşaq idik açılardı üz tutsaq nəyə…
Fikirlərim, xəyallarım çəkilib göyə…
“Dərdin alım, gecikirsən dərsinə”–deyə
Anam məni “daş” yuxumdan bir də ayıltmaz,
O günlərim bir də dönməz, bir də qayıtmaz.

 

* * *
Nə elə arxam var , nə dayım, əmim,
Belə yetim varmı, de, məndən başqa.
Yoxdu saçlarıma sığal çəkənim,
Bu çovğundan başqa, bu çəndən başqa.

Bir vaxt mən-mən idim, indisə fağır,
Daha kişilənmək ağırdı,ağır.
Çoxunun başına var-dövlət yağır,
Nə yağdı başıma bu dəndən başqa?!

Dəryada yelkənsiz yüklü gəmiyəm,
Ocaqda üstü boş bir sac kimiyəm.
Səhrada tək, tənha ağac kimiyəm,
Sanırdım kimsəm yox, tək səndən başqa.

Həm dostum, qardaşım, həm anam, atam,
Könlümü oxşayan, qoynumda yatan;
Dar gündə yenə də qolumdan tutan–
Bir kəsim yox imiş qələmdən başqa…
Bir kəsim yox imiş qələmdən başqa…

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.