18 aprel 2024-cü il tarixində Azərbaycan Dillər Universitetində yazıçı, ədəbiyyatşünas Yeqzar Cəfərlinin “Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu (“Da Vinçi şifrəsi”, “Cəhənnəm”, “Mələklər və şeytanlar” romanları əsasında)” adlı dissertasiya işinin müdafiəsi keçirilib.
Bu barədə bizimyazi.az-a müəllif özü məlumat verib.
Dissertantın müvafiq sənədləri “Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat)” ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin alınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunub.
Dissertasiyanın mövzusu müasir ABŞ yazıçısı Den Braunun romanlarında gerçəklik və onun postmodern strukturu problemlərinə həsr olunub. Dissertant mövzunu sosial, alternativ və postmodern gerçəklik şəklində üç istiqamətə bölmüş, “Den Braun bədii üçbucağı” adlı konseptual düstur müəyyən etmişdir.
Dissertantın elmi işi üzrə 6 məqaləsi, 8 konfrans materialı dərc olunub.
Qeyd edək ki, Yeqzar Cəfərli Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvüdür.