Ana səhifə BAŞ YAZI Ay batanda çıraq olam dağlara – Ənvər Rzanın şeirləri

Ay batanda çıraq olam dağlara – Ənvər Rzanın şeirləri

Müəllif: Bizim Yazı
177 baxış

Ənvər RZA – 85

Nə yaxşı görüşdük nə yaxşı yenə

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı…
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng baxçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da yəhərləyib mindiyim boz daş…
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Dağlara
Ayağında bir balaca yer verə,
Başmaq olam, dolaq olam dağlara.
Ya da çəkib sinəsində cücərdə,
Palıd olam, qovaq olam dağlara.
Yaddaşımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.
Çaşqın dövran əməlini azdımı?
Daş kitaba qanla tarix yazdımı?
Kövrəltmərəm, özcə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara?!
Dağlar oğlu, dağa qoyma yağını!
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını –
Ay batanda çıraq olam dağlara.
Könül, eylə duyduğunu saf-çürük.
Bu dağlardan ayrı keçən ömür – yük.
Bir yer versin balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara.
Gəlmişəm
Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yaza nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.
Susuz yurdum, tək məcmahı, tək simim,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.
Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağına sürünür.
Ata yurdu, qardaş yeri görünür,
Bir doyunca ağlamağa gəlmişəm.
Naxış olub biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,
Dağ çayıyam, çağlamağa gəlmişəm.
Anam qocalıb
Anam elə qocalıb ki,
Yaddaşında düyün düşüb
Olub keçən.
Qocalıbdır dırnağacan,
Kirpiyəcən.
Anam üçün naz-nemətin
Dadı qaçıb,
Anam elə qocalıb ki,
Yaddaşından adı qaçıb.
Yumru daşla, təsbeh ilə
O əylənir.
Söz düşəndə dağdan-daşdan
Gileylənir.
Yazıq anam elə bilir
Sular daha şırıldamır.
Elə bilir
Göylər daha əvvəlkitək
Guruldamır,
Elə bilir
Tilsimlənib yaylaq yolu,
Dağlar qaçıb uzaqlaşıb,
Elə bilir
Təbiətin ağlı çaşıb.
Yayın günü
Oda verir əllərini.
Deyir: Axı od-ocağın
O əvəlki karı yoxdur,
Ayın, Günün, uldzun da
O mən görən nuru yoxdur.
Anam ki var—kövrək şüşə
Qorxuram ki, yox deyərəm
Bu zəriflik yerə düşə,
Cilik-cilik parçalana,
Sonra qalam yana-yana.
Tək anamın xətri üçün
Üzr istəyib təbiətdən
Üzdə gülüş, ürəkdə qəm
Hər kəlməyə
Başım ilə hə deyirəm.
Kəlbəcərə gedən yollar
Kəlbəcərə gedən yollar
Yazda əriş-arğac olur
Kəlbəcərə gedə yollar.
Köçdə örüş, arxac olur
Cürət yeyib, tər üyüdür;
Dağ nənnisi, yürüyüdür.
Dəlidağın hörüyüdür
Kəlbəcərə gedən yollar.
Tələsəni salar bəndə,
Haçalanar neçə kəndə.
Düşməni azdırar çəndə
Kəlbəcərə gedən yollar.
Bu nə əsrar, bu nə fənddir?
Göy üzündə daş kəmənddir.
Şəmşir yazan gıfılbənddir
Kəlbəcərə gedən yollar.
Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir
Kəlbəcərə gedən yollar.
Görüşdük, xəyalmı bu?
Qoşun çəkər həsrətin
Ürəyimin başıyla.
Getdi, vüsal baharım,
Qaldım hicran qışıyla.
Ötüb keçdin köç kimi,
Yıxdın könül köşkümü.
Zalım qızı, eşqimi
Ölçdün üzük qaşıyla.
Güləndə də ağladım,
Qəmlə ülfət bağladım.
Küsdüm, küsü saxladım
Sizin bağın quşuyla.
Yazıldı qəlbə dağın
Min dərdi qəlbi dağın.
Bilmirdim, qəlb otağın
Hörülübmüş daşıyla.
Görüşdük, xəyalmı bu?
Yoxsa şirin bir yuxu?
Gözünün yaşını yu,
Yu, gözümün yaşıyla
Tural Adışirinin təqdimatında

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.