Ana səhifə YAZILAR Sahib Camal poeziyasının ən dərin qatı

Sahib Camal poeziyasının ən dərin qatı

Müəllif: Bizim Yazı
604 baxış

“Sahib Camal poeziyasının ən dərin qatı” deyibən bir başlıq qoydum yazıya, amma inanın bu başlıq belə bu yazını kəsmədi. Niyə deyə soruşsanız, Sahib müəllimin şeirlərini bircə dəfə oxusanız, çox deyil, cəmi bircə dəfə, amma başdan sona, mənim dediklərime sonuna kimi haqq vermiş olacaqsınız, çünkü o şeirlər əslində bir bütündür, Sahib Camal poeziyasını ayrı ayrılıqda oxuyanda insan müəyyən detalları əxz edir, tapır, bir bütöv harmoniya kimi qəbul edə bilmir beynimiz, ancaq gərək bütün şeirləri tam dəqiqliyi, yaddaşına hopa-hopa oxuyasan ki, yazdıqlarının nə mənaya gəldiyini anlamaq mümkün olsun. Dünyaya, insana, Allaha, onun yaratdıqlarına, sevgiyə, dəyərlərə, bəşəri münasibətlərə yanaşanda Sahib müəllim mümkün mərtəbə özünə bəlli olan, özünün vaqif olduğu, digər insanların əksəriyyətinin unutduğu əsrlərdir nəsildən nəsilə ötürülən dəyərləri poeziyası vasitəsi ilə bizə elə çatdırır ki, insan qətiyyən qəribsəmir, tam tərsi bu dəyərlərə iliyi, qanı, canı ilə bağlı olduğunu xatırlayır və o dəyərlərin bəzilərini itirdiyi üçün özündən utanır. Çünkü o dəyərlər bizə aid olub, bizə aid olub yox, sonuna kimi bizim dəyərlərimizdir, biz o dəyərləri unuda bilmərik, unutmağa haqqımız yoxdur, unutsaq elə bil min illik, milyon illik Türk tarixinin şanlı səhifələrini gərək unudaq. Sahib müəllim isə bir müəllim səbri ilə, bizim anlayacağımız və özünün dilinin döndüyü qədər bizə elə gerçəklərdən bəhs edir ki, düşündükcə deyirsən: bəli, məhz bu gerçəkləri məhz bu şəkildə, qoşma kimi, gəraylı kimi insanlara təqdim etmək lazım idi ki, insanlar genetik yaddaşlarında ilişib qalan kodları təkrar – təkrar hiss eləsinler. Hiss eləsinlər ki, öz keçmişlərindən uzaqlaşmasınlar, dərk etsinlər ki, uzaqlaşdıqca özləri ola bilməzlər. Uzaqlaşdıqca ancaq itirə – itirə gedəcəklər. Dərk etsinlər ki, uzaqlaşdıqca qazandıqlari heç nə olmayacaq, əksinə itirdiklərinin həddi – hesabı olmayacaq.
Sahib Camal poeziyasının ən dərin qatlarına endikcə görürsən ki, ordan sənə bir kimlik boylanır. Sənə aid olan o kimliyi klassik aşıq ədəbiyyatının bütün janrlarının şəhdindən – şəkərindən yoğurub oxucusuna çatdırır, keçmişlə gələcək arasında bir əlaqə, bir bağ yaradır. O bağ, o əlaqə sənəo qədər, o qədər yaxındır ki, o doğmalığın, o şirinliyin içində yox olmaya bilmirsən. Hər misrasında, hər bəndində ayrı bir sirr yatan bu şairin şeirlərini bir kənara qatlayıb qoyub təzədən üstündən bir neçə gün keçəndən sonra təkrar oxumağa başlayanda daha əvvəl hiss etmədiyin əhvali – ruhiyyəyə bürünürsən. Nə əcəb deyirsən öz – özünə – nə əcəb mən bu həqiqətləri gözdən qaçırmışam?! Və təkrar oxumağa başlayanda dərd sözü belə sənin gözünə bir ayrı görünür:
Baxsın yerinə, göyünə,
Görsün, lazımam nəyinə.
Gərək qapqara geyinə,
Bükəndə ağa dərd məni.
“Dərd” – in dərinliyinə varanda görürsən ki, o dərd şairi “Solda ürəyindən gizli, sağa çəkib”. Ahından bir bulud düzəldib, yağış kimi yağdırıb onu. Şairi yuxarıda da qeyd etdiyim kimi kəşf etdikcə həm də içindəki təlatümlərdən xəbərdar olursan. Xəbərdar olursan ki, “Ölüm arxasınca düşüb, onu qarabaqara izləyir”, bir yurd yeri var ki, “o yurd yerini gözündən axan yaşan işğal eləyib”. Hər misrasında “GEDƏNLƏRİNİN ALLAHA QOŞULUB GÖYDƏ QALANLARIN” eşqinə sızım – sızım sızıldayan şairin Əhməd Cavadla bağlı yazdığı şeirdə qurd kimi ulamağı istəməyi, insanların sona doğru gəlib unutduqları adam olmağından dərdlənməsi, şikayət etməsi, sözün baş olduğu yerdə özünün yer olmağına görə qürur duyması bütün bunlar hamısı Sahib Camal yaradıcılığından qızıl xəttlər kimi keçir və anlayırsan ki, Sahib müəllimin narahatlıqları əbəs deyil, amma həm də Bozqurdlar doğulduqca və qoyunluq boğulduqca şair dünyanın düzələcəyinə inam bəsləyir, hətta dar ağacının belə qeydinə qalir və əsl şair kimi bir cavabsız suallara cavab tapmaq istəyi davamlı olaraq onu narahat edir. Amma həmən də adam olan adamın ya da adamların göy üzündə neçe göy olduğunu seçə biləcəyindən əminliyini ifadə edir:

O göy üstdən yerə kürək,
Bu yer altdan ona dirək,
Adam olan adam gərək
Seçə göy var göy üzündə!

İnsana olam inamı, güvəni bəzən Sahib müəllimin şeirlərini elə ağuşuna alır ki, o, insanın kar da, kor da, lal da qalmasına(təbii ki, məcazi mənada) üsyan edir, onun öz orbitindən çıxıb yeni “mənlər” yaratmasını istəyir, amma bunu edərkən də dünyanı xilas edəcək sözdən, şeirdən, poeziyadan, ümumən insanlıqdan, bəşəri duyğulardan uzaqlaşmamağı, ona bərk-bərk sarılmağı istəyir insanoğlundan və:

Çatdır dilimdən Tanrıya,
Yol var ölümdən Tanrıya,
Tutub əlimdən Tanrıya,
Aparar bir cığır məni!

-deyən Sahib Camal yaradıcılığında “vaxt”, “zaman” qavramları da bir ayrıdır. “Özünün gerisində dayanmağı bacaran” şairin ömrü kirələməsi,
dünyadan getməyə hazırlaşırdım,
Qoymadılar gedəm, yerimdə durdum
-deyə olayları öz şeir misqalı ilə ölçüb biçməsi əslində bizi ilk başda təəccübləndirir. Ancaq sonra xatırlayırıq ki, “Sahib Camal poeziyasının ən dərin qatı” – deyəndə “ən”in “ən”i olduğunu başda oxuculara demişdik. Xırda bir səyahət edib Sahib Camal yaradıcılığına gerisinə oxucuların qərar verməsini istərdik. Görək, onlar nə deyirlər: Sahib Camal yaradıcılığının daha dərin qatı hardadır?!

Oktay Hacımusalı

Yazıçı – jurnalist

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.