Namiq HACIHEYDƏRLİ
Üçün
Qartal, qalxar zirvələrə,
Yüksəklərdə uçmaq üçün.
Min-min yol düşünür hərə,
Taleyindən qaçmaq üçün.
İnsan olan haqqı bular,
Haqqı bulan kəs pir olar.
Mömin beş yol namaz qılar.
Bir qapını açmaq üçün.
Dünya bizə bomboş gəlir,
Dərdi hər kəsə tuş gəlir.
Ölüm gələrsə, xoş gəlir;
Atama qovuşmaq üçün.
07.10.2011
Səndən sonra
Üşütmə var canımda,
Dizlər qalıb dözümdən.
Dərd göyərir yolumda,
Kədər bitir izimdən.
Ayrı düşdüm, gör kimdən;
Ən mehriban kəsimdən.
Od çıxır nəfəsimdən,
Qan-yaş damır sözümdən.
Ünüm sənə kaş çata,
Əlim əlindən tuta;
Səndən sonra, ay ata,
Dünya düşüb gözümdən…
12.10.2011 (Qum adası, 09:03)
Ağlamaqdan
Ürəyi bax, çat-çat olub,
Qara geyib ağlamaqdan;
Anamın səsi tutulub,
Səni deyib ağlamaqdan.
…………………………..
Çox sevdiyin qızlarının,
Qəm bürüyüb üzlərini.
Yara edib dizlərini,
Hər gün döyüb ağlamaqdan.
…………………………….
Haqlasa da qırxı yaşı,
Sənsiz, oğulların naşı.
Qaldan ayrılmayır başı –
Daşa dəyib ağlamaqdan.
……………………………
Nəvən düyünlər qaşını,
Soyudur ehsan aşını;
Suçlu kimi hey başını,
Yerə əyib ağlamaqdan…
…………………………
Bilsən, qardaşın nə çəkir…
Kövrəklikdə sənə çəkir.
…Bacın min yol sinə çəkir –
Qardaş öyüb ağlamaqdan…
13.10.2011
Ata
Günəş kimi doğulmuşdun, bir Ay kimi batdın ata!
Həyatını ölümsüzlük həyatına qatdın ata!
Oruc tutdun, namaz qıldın, tək diləyin haqq rizası,
Qovuşdun haqq dərgahına, öz eşqinə çatdın ata!
Ziyan görmədi heç kimsə; əlin, dilin, əməlindən,
Ziyan gördüyün kəsləri, həmin gün unutdun, ata!
Ürəyində Yurd sevgisi , hər sözündə Vətən dadı,
Anam – deyib doğulduğun torpağında yatdın, ata!
Halal doğdun, halal yedin, bu dünyaya gələn gündən,
Haram olan nə vardısa ürəyindən atdın, ata!
Körpə qədər təmiz gəldin gəncliyindən qocalığa,
Milyon-milyon yol içindən, haqq yolunu tutdun, ata!
Namiqin can dostu idin, sənin kimi dostdan sonra,
Nə ömrüm ömürdü nə də, həyatım həyatdı, ata!
14.10.2011
Günlərin birində…
Hər ağrılar, hər acılar itəcək,
Fəqət, bu dərd çətin bir də bitəcək;
Düşünməzdim, ömrü sona yetəcək,
Ağlıma gəlməzdi öləcək atam.
Yenə də əlində boz əsa gedib,
Uzaq qohumuna, ya yasa gedib.
Mənə elə gəlir, harasa gedib,
Günlərin birində gələcək atam.
Nəfəsi duyulsa evdən, binədən,
Dünyamız bürünər nura yenidən.
Nisgili ürəkdən, dərdi sinədən,
Yaşı gözümüzdən siləcək atam…
18.10.2011
4 şərh
Allah rəmət eləsin şairin atasına, dərdi, nisgili şeirlərindən damır. Tanrı güc versin, dözüm versin.
Var ol qardaşım – qurddaşım Əkbər!
Var ol Lalə xanım – diqqətli və böyük ürəkli yurddaşım!
Misralardan tokulen huzun, Şair ürəyinin nisgilindən, həsrətindən xəbər verir… Dilərim, Allah o ürəyin kədərini azaldar…
Allah rehmet elesin! Ruhu sad olsun!