Ana səhifə İCTİMAİ Ayyət Əhmədin fransız dilində kitabı çıxdı – DƏRS VƏSAİTİ

Ayyət Əhmədin fransız dilində kitabı çıxdı – DƏRS VƏSAİTİ

Müəllif: Bizim Yazı
383 baxış

Azedu.az təhsil portalının əməkdaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi dillər kafedrasının müəllimi Ayyət Əhməd oğlu Abdullayevin (Ayyət Əhməd) Fransızca-Azərbaycanca “Le Français Professionnel et Pratique” adlı dərs vəsaiti işıq üzü görüb.

Heç kimə sirr deyil ki, çağdaş dövrdə, qloballaşan dünyada xarici dillərin öyrənilməsi olduqca geniş yayılmış tendensiyadır. İstər müzəffər Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, istər multikultural dəyərlərin mənimsənilməsi və aşılanmasında, istər musiqi və mədəniyyətimizin beynəlxalq məkanlara inteqrasiyasında, istərsə də dövlət və özəl müəssisələrə işə qəbul prosesində dil bilgisi prioritet təşkil edir. Azərbaycanda fəaliyyət göstərən şirkətlər sırasında Fransa və ya frankofon(fransızdilli) ölkələrin şirkətləri də yer alır. Azərbaycan və Fransa arasında təhsil sahəsindəki əməkdaşlığa müvafiq olaraq hər il onlarla tələbə Fransa ali təhsil ocaqlarına uğurlanıb, yüksək ixtisaslı kadr kimi formalaşaraq, vətənə dönürlər. Bu mənada gənclərin əksəriyyəti fransız dilinin öyrənilməsinə meyl edir və cəhd göstərir.

Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, fransız dili mədəniyyət, musiqi və estetika dilidir. Bu dildə bütün sahələrlə bağlı zəngin ədəbiyyatlar mövcud olduğu üçün intellektual və kübar təbəqə də fransız dilini öyrənir və öyrənməkdədir. 

Məlumdur ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni(fransız dili) tədris olunur.  Bu fənn “Marketinq”, “Kommunikasiya sistemləri mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Nəqliyyat mühəndisliyi” və digər ixtisaslar üzrə təhsil alan tələbələrə xitab edir. Doğrudur, texniki təmayüllü univeristetlərlə bağlı rus və fransız dillərində Moskva və Sankt-Peterburq nəşrlərinin çoxsaylı dərs vəsaitləri dünya kitab bazarında bazarlanır. Azərbaycan dilində isə bu sayaq kitabların sayı azdır. Bu da texniki fənlər üzrə təhsil alan tələbələr üçün çətinliklər törədir. Buna baxmayaraq, tərtib etdiyimiz “Le français Professionnel et Pratique” adlı dərs vəsaiti həmin çətinliyi aradan qaldırmağa xeyli kömək edəcəkdir.

Bizimyazı.az xəbər verir ki, kitabda dərslərin interaktiv şəkildə təşkil olunması üçün olduqca modern və innovativ üslubla seçilib. Bu dərs vəsaiti müasir fransız metodikasına əsaslanaraq, fransız dilini sadədən mürəkkəbə doğru qısa zaman kəsiyində öyrənməyə imkan verəcək. Dərsliyin quruluşu sadə, tərtibatı asan və anlaşıqlıdır. Eyni zamanda bu dərs vəsaitində fransız dilinin fəlsəfəsi də açılır.

Dərslik üç əsas hissədən ibarətdir: fonetika, qrammatika və leksika. Fonetika bölməsində öncə fransız dili əlifbası, ayrı-ayrı hərflərin, hərf birləşmələrinin oxunuşu, onlara dair misallar, əsas fonetik hadisələr:“L’Enchaînement”-birləşmə,“La liaison”- əlaqə və “Règles de syllabation” – heca bölgüsü qaydaları və onların hər birinə aid çalışmalar tərtib olunmuşdur.

Qrammatika bölməsində ən əsas qrammatik qaydalar Azərbaycan dilinin qrammatikasi ilə müqayisəli şəkildə izah olunmuş və hər bir qrammatik qaydaya dair çalışmalar öz əksini tapmışdır. Leksika bölməsində isə hazırda bütün dünya ölkələrində tətbiq olunan “communicative”-“interactive” metodikaya əsaslanan danışıq mətnləri və dialoqlar hazırlanmışdır ki, bu dialoqlar tələbələrin fransız dilində ən qısa zamanda ünsiyyət qurmalarını və onlarda dünya görüşün zənginləşməsini, dərin erudisiyanı təmin edə bilər.

Bir sözlə, mətnlərin dialoq şəklində seçilməsi sırf  bu dildə danışığı tez öyrətməyi və inkişaf etdirməyi hədəfləyir. Bu dərs vəsaitində tələbələrin müstəqil olaraq oxumaları üçün asan mətnlər seçilmişdir ki, bunlar da ev oxusu adı altında verilmişdir. Sözügedən vəsait tələbələrin texniki sahələrdə fransız dilini sürətli, asan və mükəmməl öyrənmələri üçün geniş üfüqlər açacaqdır. Eyni zamanda onların universiteti bitirdikdən sonra texniki sahədə fransız dilini mənimsəmiş mütəxəssis kimi iş həyatları və fəaliyyətlərində mühüm rol oynacaqdır.  

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.