Ana səhifə TÜRK DÜNYASI “Türk dünyasının ortaq ədəbiyyatı” adlı konfrans keçirilib

“Türk dünyasının ortaq ədəbiyyatı” adlı konfrans keçirilib

Müəllif: Bizim Yazı
369 baxış

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Ədəbiyyat Fondunun, AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçiyev konfransı açaraq türk xalqlarının illər boyu davam edən kortəbii inteqrasiyasının, təsadüflərə hesablanmış mədəni əlaqələrinin hazırkı dönəmdə türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinəcən gəlib çıxması tarixinə diqqət yönəldərək Türk dünyasının ortaq ədəbiyyatını zəruri edən şərtlərdən bəhs edib. O vurğulayıb ki, Türk dünyasının ortaq ədəbiyyatının yaradılması mövzusu həm ilk olaraq bu təşəbbüsü irəli sürən Türkiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı cəlb edib. Hazırda bu sahədə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlar gərgin əmək sərf etməkdədir. Bu ilin əvvəllərində Ankarada yaradılan və Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiyyat Birliyinin yaranması isə bu əməyin zəruri nəticəsi hesab edilə bilər.

Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli çıxışında müasir ortaq Türk ədəbiyyatının yaranması zərurətinin səciyyəvi cəhətlərinə toxunub.

Tanınmış türkoloq, TAİB Qadınlar Şurasının sədri tarix elmləri doktoru Güllü Yoloğlu türk xalqlarının dil və din baryerlərinin ümumi turançılıq ideologiyasına maneələr törədə bilməməsi üçün atılası vacib olan addımlardan bəhs edib.

DGTYB-nin rəhbəri İntiqam Yaşar 25 il ərzində təmsil etdiyi qurumun ümumtürk ədəbiyyatının yaranmasına verdiyi töhfələrdən söz açıb.

İraq kərküklərinin nümayəndəsi, tanınmış yazar Şəmsəddin Kuzəçi, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun şöbə müdiri professor Marifcan Yoldaşev, Qazaxıstanı təmsil edən tərcüməçi Altın Tukumbayeva təmsil etdikləri qardaş xalqların ümumtürk ədəbiyyat ailəsinə necə can atmalarını dilə gətiriblər, keçilən yoldan və qarşıda duran vəzifələrdən danışıblar.

Konfransda, habelə TAİB-in sədr müavini, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk vahid elektron resurslarda türk ədəbiyyatının təbliği mövzusundan, Ədəbiyyat İnstitutunun əməkdaşı professor Nizami Tağısoy qaraqalpaq və digər türkdilli xalqların ədəbiyyatı ilə bağlı araşdırmalarından bəhs ediblər. Tanınmış jurnalist Aida Eyvazlı türkdilli Saxa-yakut xalqı ilə ədəbi əlaqələrə verdiyi töhfədən, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümbətova isə türk xalqlarının ortaq mənəvi dəyərlərindən danışıb.

Qeyd edək ki, tədbir II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təşkil olunub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.