Günay Əfəndiyeva Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Baxromjon Aloyev ilə görüşüb Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa Günləri” çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Baxromjon Aloyev ilə görüşüb.
Bizimyazı.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib. Görüşdə bu il Özbəkistanın Türk Dövlətləri Təşkilatına sədrlik etməsinin ölkənin türk dövlətləri ilə, eləcə də Türk Əməkdaşlıq Təşkilatları ilə hərtərəfli əməkdaşlığının inkişafında mühüm rol oynayacağından söz açılıb. Türk Əməkdaşlıq Təşkilatlarından olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk ölkələri arasında dostluq və qardaşlıq münasibətlərin gücləndirilməsinə yönəlmiş geniş miqyaslı fəaliyyətindən bəhs olunub. Fondun Özbəkistan ilə qarşılıqlı əlaqələrə yüksək əhəmiyyət verdiyi, bu istiqamətdə həyata keçirdiyi layihələri vurğulanıb.