İstanbulda ermənilərin törətdiyi soyqırımından bəhs edən kitabların təqdimat mərasimi keçirilib
Bizimyazi.az xəbər verir ki, Anka Türk Birliyinin sədri, araşdırmaçı yazar Dr.Derya Akdemir Şərqi Anadolu bölgəsində ermənilərin törətdikləri soyqırımılardan bəhs edən “Qaçhaqaç hekayələri” adlı kitabını İstanbul Halkalıda oxucuları üçün imzalayıb.
Halkalı Zeynəbiyyə meydanında keçirilən imza mərasimində çıxış edən yazıcı – jurnalist Onur Beyhan Dr.Derya Akdemirin həyatı və yaradıcılığı ilə bağlı görüş iştirakçılarına məlumat verib. Derya Akdemirin qələmə aldığı nəsr nümunələri ilə tarixin gizli məqamlarına diqqət çəkdiyini deyən Beyhan, yazıçının qələmə əsərlərin xalqın milli kimliyindən süzülmüş məlumatlarla bəzəndiyini bildirib.
Daha sonra çıxış edən Türkiyədəki cəfərilərin dini lideri Səlahəddin Özgündüz, bir millətin öz dəyərlərini qorumaq instinktini yazarların köməyi ilə qoruyacağına olan inancının Dr. Derya Akdemir kimi yazarlar sayəsində daha da gücləndiyinə diqqət çəkib. Türkiyənin və Azərbaycanın dünyanın dəyişən nizamında birgə hərəkət etməsindən məmnunluğunu ifadə edən Özgündüz bölgəmiz üçün sülhün, qardaşlığın və əmin-amanlığın çox önəmli olduğunu vurğulayıb və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu yöndə atdığı addımları yüksək qiymətləndirdiyini sözlərinə əlavə edib.
Daha sonra kitabla bağlı fikirlərini açıqlayan azərbaycanlı yazar Oktay Hacımusalı Dr.Derya Akdemirin Şərqi Anadolu bölgəsində ermənilərin vəhşilikləri ilə bağlı hekayələrini oxuduğunu və bədii cəhətdən olduqca ustalıqla qələmə alındığını bildirib. Oktay Hacımusalı bildirib ki, tarix türk millətinin yazdıqları ilə də, etdikləri ilə də zəngindir və bu vəhşilikləri dünyaya haqq-ədalət gətirən bir xalqa qarşı törətmək yolverilməzdir.
Sonda görüş iştirakçılarını salamlayan araşdırmaçı yazar Dr.Derya Akdemir uşaqlıqdan bu hekayələri hüznlə dinlədiyini, bu soyqırım hekayələrini yazmalı olduğunu bildirib. Derya Akdemir onu da əlavə edib ki, bu hekayələrin davamı olan İrəvan hekayələri də artıq çap olunub və yaxın zamanlarda imza mərasiminin keçirilməsi nəzərdə tutulur.